Qanlı yanvar hadisələrini əks etdirən ilk bədii filmin təqdimatı olub (FOTO)

Qanlı yanvar hadisələrini əks etdirən ilk bədii filmin təqdimatı olub (FOTO)
00:53 20 Yanvar 2015
151 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Yanvarın 19-da Nizami Kino Mərkəzində kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi “Qanlı yanvar” filminin təqdimatı olub.

Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, filmin yaradıcı heyəti iştirak edib.

Azərbaycanın müstəqillik tarixinin qanlı və şanlı səhifəsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələri poetik düşüncəmizdə, teatr səhnəmizdə, bədii publisistikamızda öz əksini tapsa da, hələ də bədii ekran həyatını yaşamamışdı. Odur ki, xalqımızın milli azadlıq istəyindən dönmədiyini, bu yolda hətta canından belə keçməyə hazır olduğunu təcəssüm etdirən belə bir bədii filmin ekranlaşdırılması olduqca təqdirəlayiq hadisədir.

“Qanlı yanvar” filminin əsas süjet xəttini real hadisələr təşkil edir. Ekran əsəri bir neçə baş rol qəhrəmanının timsalında xalqın müstəqillik idealları uğrunda mübarizəsini canlandırır. 1990-cı ilin yanvarında baş verən hadisələrin təsvir olunduğu filmdə təcavüzkar ordunun Bakıya soxulması və qanlı qırğın törətməsini əks etdirən dramatik səhnələr yer alıb.

Qanlı yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa və insanları bu gün də düşündürən bir sıra suallara cavab tapmağa çalışıb.

Müəllif toxunduğu mövzunun bəşəri mahiyyətini realistcəsinə vermək məqsədilə çəkilişlərə, xüsusi olaraq, beynəlmiləl heyəti cəlb edib. Onların sırasında dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılığı ilə çəkiliş qrupu yer alıb. Həmin əcnəbi sənətkarlar yerli komanda ilə mükəmməl bir iş ortaya qoya bilib.

Filmdə belə bir beynəlmiləl kollektivin iştirakı sözsüz ki, ekran əsərini Azərbaycan çərçivəsindən çıxarıb, beynəlxalq səviyyəyə qaldırır.

Film “Bakı film”, ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti hesabına çəkilib. Ekran əsərinin çəkilişlərinə dövlət tərəfindən də böyük dəstək verilib.

Daha sonra təqimat mərasimində iştirak edən yaradıcı heyət səhnəyə dəvət olunub. İştirakçılara minnətdarlığını bildirən ekran əsərinin rejissoru Vahid Mustafayev deyib ki, 63 günə çəkilən bu ekran əsəri böyük zəhmətin bəhrəsidir. “Qanlı yanvar” filmi bir çox ölkələrdə nümayiş olunacaq, Azərbaycanı nüfuzlu beynəlxalq film festivallarında təmsil edəcək.

Türkiyəli aktrisa Nəbahət Çehrə bildirib ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Sevincimiz də, kədərimiz də birdir. Bu səbəbdən filmdə təsvir olunan hadisələri qəlbən yaşadım. Ekran əsərində iki övladını itirən ana rolunu canlandırmışam. Azərbaycanın müstəqilik tarixində mühüm hadisələrdən birini əks etdirən filmdə rol aldığıma görə rejissora təşəkkür edirəm.

Filmdə xarici jurnalist obrazını canlandıran Lane Devies, söyləyib ki, 20 Yanvar hadisəsi barədə ətraflı məlumat aldıqdan sonra çox təsirlənib. “Azadlıq və müstəqillik həmişə böyük mücadilə bahasına əldə olunur. İnanıram ki, bu film ən yaxşı tarixi ekran əsərlərindən biri olacaq”- deyə amerikalı aktyor vurğulayıb.

Qeyd edək ki, tamaşaçılar “Qanlı yanvar” filmini yanvarın 20-dən etibarən ölkə kinoteatrlarında izləyə biləcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR