“Pakistan in the World” qəzeti: “Qırmızı terrorun qara siması”

10:53 20 Yanvar 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+


İslamabad, 20 yanvar, AzərTAc
“Pakistan in the World” qəzetində 20 Yanvar hadisələrinə həsr olunan “Qırmızı terrorun qara siması” adlı məqalə dərc edilib.
Məqalədə bildirilir ki, 1990-cı il yanvarın 20-də sovet qoşunları xəbərdarlıq etmədən Bakıya daxil olub, nəticədə 147 mülki vətəndaş xüsusi amansızlıqla qətlə yetirilib, yüzlərlə insan yaralanıb. “Human Rights Watch” təşkilatı bu aksiya zamanı sovet əsgərlərinin hətta tibb işçilərinə, təcili tibbi yardım maşınlarına da atəş açdıqlarını bildirib.
Məqalədə 20 Yanvar hadisələrinin Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olduğu vurğulanır, bütün dövlət müəssisələrinin iflic vəziyyətinə salınması, polisin tərksilah edilməsi, Azərbaycan televiziyasının enerji blokunun partladılması, xarici vətəndaşların, jurnalistlərin Bakıya buraxılmaması və digər bu kimi faktlar sübut kimi göstərilir.
Yazıda sovet ordusunun Bakıya yeridilməsinin məqsədinin guya şəhərdə yaşayan milli azlıqların qorunması olduğu bildirilsə də, bunun əsassız olduğu qeyd edilir, bu aksiyanın əsl səbəbləri açıqlanır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi, Dağlıq Qarabağın Azərbaycandan qoparılması məqsədi ilə bölgədə xüsusi idarəetmə üsulunun tətbiq olunması, Ermənistan SSR Ali Soveti tərəfindən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edilməsi, həmçinin Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlının öz ev-eşiklərindən didərgin salınması haqqında məlumat verilir.
Diqqətə çatdırılır ki, sovet ordusu tərəfindən həyata keçirilən bu aksiyanın əsl məqsədi kommunist rejiminin dağılmasının, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq olub. Human Rights Watch təşkilatı öz bəyanatında bildirib ki, bu aksiyanın əsl məqsədi təkcə azərbaycanlılara deyil, eyni zamanda, müstəqillik arzusunda olan digər xalqlara da dərs vermək olub.
Qeyd edilir ki, əslində Bakıda ermənilərə qarşı heç bir zorakılıq olmayıb, 20 yanvar gecəsi məhz sovet ordusu tərəfindən müxtəlif millətlərin təmsilçiləri qətlə yetirilib. Bu faciədən əvvəl Almatı, Tbilisi və sonralar Vilnüs hadisələrinin baş verməsi də Bakıda həyata keçirilən aksiyanın sırf siyasi məqsəd daşımasının sübutudur.
Müəllif vurğulayır ki, qanlı Yanvar hadisələri nəhəng sovet imperiyasının son nəfəsi olub və məhz Bakıya qoşun yeritməsindən sonra SSRİ-nin süqutu prosesi başlayıb.
Məqalədə 20 Yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğu vurğulanır. Diqqətə çatdırılır ki, bu qanlı hadisələr Azərbaycan xalqının əzmini qıra bilmədi, əksinə xalq daha da mətinləşdi, başını dik tutdu. 1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini bərpa etdi.
Yazıda faciə qurbanlarına Azərbaycan Prezidenti Heydər Əliyevin 1999-cu il 16 dekabr tarixli Fərmanı ilə “20 Yanvar şəhidləri” statusunun verildiyi də diqqətə çatdırılır.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:
http://www.pakistanintheworld.com/content/black-face-red-terror-0
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pakistan_in_the_World_qezeti_Qirmizi_terrorun_qara_simasi-825999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR