Praqada “Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva” adlı sərgi açılıb

11:03 20 Yanvar 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+


Praqa, 20 yanvar, AzərTAc 
Azərbaycanın və Litvanın Çexiyadakı səfirliklərinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsi, Gürcüstan Tələbələri İttifaqının təşkilatçılığı ilə Praqanın məşhur Luçerna sarayında “Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva” adlı sərginin açılışı olub.
Sərgi Azərbaycan, Gürcüstan və Litva xalqlarının müstəqillik mübarizəsinin qarşısının alınması məqsədilə keçmiş sovet qoşunlarının bu ölkələrə yeridilməsi və mülki əhaliyə qarşı törədilmiş amansız cinayətlərlə bağlı məlumatların ictimaiyyətə çatdırılması məqsədini daşıyır. Sərgidə 1990-cı il yanvarın 20-də Bakıda dinc əhaliyə qarşı törədilmiş qırğını əks etdirən fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış müvafiq məlumat vərəqləri də tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Gürcüstan və Litva səfirliklərinin nümayəndələri sərginin açılışında çıxış edib, hadisələrlə bağlı xatirələrini bölüşüblər. F.Şəfiyev 20 Yanvar faciəsinin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini, əksinə, onun öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu qeyd edib.
Fevralın 2-dək davam edəcək sərginin açılış mərasimində Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Sərgidə fəal iştirakı ilə seçilən Azərbaycan Tələbə Şəbəkəsinin Çexiya üzrə nümayəndəsi Eldar Vəliyev 20 Yanvar faciəsi haqqında təbliğat işlərinin Praqada davam etdiriləcəyini söyləyib.

Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Praqada_Musteqilliye_aparan_yol_Azerbaycan_Gurcustan_ve_Litva_adli_sergi_achilib-826003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR