20 Yanvar – Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi

11:03 20 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
20 Yanvar faciəsi xalqımızın qan yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Bu, qəhrəmanlıq, mərdlik, hünər və milli məfkurənin yüksəliş tarixidir.
AzərTAc xəbər verir ki, bu fikirləri yanvarın 20-də Şəhidlər xiyabanına qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmək üçün gələnlərin hər birinin dilindən eşitmək olardı. Bu gün səhər tezdən ölkəmizin hər bir yerindən paytaxta gəlmiş insanlar Şəhidlər xiyabanında uyuyan qəhrəmanların xatirəsini yad edir, vətəndaşlıq borclarını yerinə yetirirlər.
XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 25 il ötür. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu görünməmiş ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı il yanvarın 20-də qanlı divan tutuldu.
Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən həyata keçirilmiş xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdən Bakıya daxil olan silahlı qüvvələr milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər mülki şəxsi amansızcasına qətlə yetirdi, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 700-dən çox günahsız insan yaralandı, 800 nəfərdən çox adam qanunsuz həbs edildi. Döyüş meydanını xatırladan Bakıda ölçüyəgəlməz dağıntılar törədildi, televiziyanın enerji bloku partladıldı, inzibati və yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyan vuruldu. İnsanlıq simasını itirmiş hərbi canilər hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarını atəşə tutur, tibb işçilərini qətlə yetirirdilər. Bu qanlı qırğın totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Qanlı Yanvar faciəsindən bir gün sonra xalqımızın ümummilli lideri Heydər Əliyev həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, bəyanat verərək xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə ifşa etdi. Ulu Öndərin bu addımı o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.
Ulu öndər Heydər Əliyev bu bəyanatı ilə, əslində, 20 Yanvar hadisələrinə cəsarətlə siyasi qiymət verdi. O, SSRİ və respublika rəhbərliyinin Azərbaycan xalqına qarşı xəyanətkar mövqeyini qətiyyətlə pislədi, totalitar rejimin törətdiyi 20 Yanvar faciəsinin təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməl olduğunu bildirdi.
Bir müddət sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu hadisəyə siyasi-hüquqi qiymət verdi. Həmin tarixi sənəddə Azərbaycan xalqına qarşı törədilmiş bu siyasi və hərbi qəsdin cavabdehlərinin, günahkarlarının adları açıqlandı.
Sovet hakimiyyətinin süqutundan və ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar.
Yalnız ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. Ulu Öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, “20 Yanvar” şəhidi fəxri adı təsis edildi, şəhid ailələrinin
20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətimizin diqqət mərkəzində olub.
Ulu öndər Heydər Əliyevin bu sahədə siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu istiqamətdə sərəncam və fərmanlar imzalayıb. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri yaradılıb. Ötən illər ərzində 20 Yanvar əlilləri və şəhid ailələri mənzillə təmin ediliblər. Əlillərə minik avtomobilləri verilib, şəhid ailələrinə Prezident təqaüdü təyin olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR