Bakı Ali Neft Məktəbində Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü anılıb

11:08 20 Yanvar 2015
77 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Bakı Ali Neft Məktəbində Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə ali məktəbin professor-müəllim və tələbə heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının dövlət himnin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 20 Yanvar hadisələri, dinc əhaliyə qarşı törədilən faciə haqqında danışıb. O qeyd edib ki, Azərbaycanın salnaməsinə qanlı tarix kimi yazılmış 20 Yanvar faciəsi illər, əsrlər ötsə də, insanlarımızın xatirələrində əbədi yaşayacaq. Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimiz əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. Rektor həmçinin vurğulayıb ki, Azərbaycan xalqı bu günü yalnız hüzn və matəm günü olaraq deyil, həm də Azərbaycan xalqının şərəf günü kimi qeyd edir, çünki 20 Yanvar faciəsi, eyni zamanda millətimizin azadlıq uğrunda ümummilli savaşı və Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsidir. E.Qasımov ötən illər ərzində Qanlı Yanvarın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edildiyini, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verildiyini, cinayətkarların cəzalandırılması istiqamətində yorulmadan işlər aparıldığını tələbələrin diqqətinə çatdırıb. O qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin səyləri və hadisənin səbəbkarlarına kəskin etirazı, onlara cinayət işi qaldırılması tələbi nəticəsində, Qanlı 20 Yanvar faciəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış və hər il 19-20 yanvar tarixlərində Azərbaycanda və dünyanın bir sıra ölkələrində bu faciə ilə bağlı tədbirlər keçirilir, dünya ictimaiyyətinə sovet ordusu tərəfindən törədilmiş dəhşətlər haqqında dolğun məlumatlar çatdırılır. E.Qasımov çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik. Onların xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır” ifadəsini xatırladıb və gəncləri Vətənimizin keşiyində daima durmağı çağırıb.
Daha sonra 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Respublika gənc turistlər diyarşünaslıq mərkəzinin ədəbi diyarşünaslıq dərnəyinin üzvləri 20 Yanvar faciəsinə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.
Tədbir çərçivəsində BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov və neft-qaz mühəndisliyi kafedrasının müdiri Arif Məmmədzadə 20 Yanvar faciəsi ilə bağlı xatirələri ilə bölüşüblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR