Dövlət Sərhəd Xidməti hesabat verdi (FOTO)

Dövlət Sərhəd Xidməti hesabat verdi (FOTO)
16:18 25 Dekabr 2014
461 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 2014-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

DSX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2014-cü il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, sərhəd mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi üzrə genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub.

Dövlət sərhədlərinin mühafizəsinin təşkilində uğurların əldə olunması dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyul ayının 18-də DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nun açılışını etməsi, yeni sərhəd gözətçi gəmilərinin üzmə qabiliyyəti və döyüş imkanları ilə tanış olması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, Dövlət Sərhəd Xidmətinin komandanlığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını 5 orden, 44 medalla, 2 fəxri adla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

2014-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə olunmuş nailiyyətlər sırasında:

- iyun ayının 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimində DSX bölmələrinin qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri;

- noyabr ayının 4-6 tarixlərində DSX-nin "Ağgöl" təlim mərkəzində "Azərbaycan Respublikası ərazisinə düşmənin terror-təxribat qruplarının hücum­larının qarşısının alınması və məhv edilməsi" mövzusunda DSX-nin çevik hərəkət bölmələrinin, döyüş helikopterlərinin, zirehli texnikanın, artilleriya və zenit-raket komplekslərinin iştirakı ilə döyüş atışlı taktiki təlimlərin keçirilməsi, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığının nümayiş etdirilməsi;

- Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanlarının gücləndirilməsi, yeni gəmilərin dəniz kampaniyasına qəbul olunması, 52 dəniz sərhədçisinin xaricdə xüsusi kurslara cəlb olunmaları, yeni gəmilər üçün idarəetmə heyətlərinin hazırlanması;

- dekabr ayının 10-12 tarixlərində "DSX-nin qüvvə və vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölməsində neft-qaz infrastrukturlarına qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüvvələrinin aşkarlanması, raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının aparılması" mövzusunda 36 üzmə vasitəsi, 4 helikopter, 800 nəfər şəxsi heyət cəlb olunmuş irimiqyaslı taktiki təlimlərin uğurla keçirilməsi, Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının müvəffəqiyyətlə yerinə yetirilməsi;

- sərhəd aviasiyasının xidmət-döyüş imkanlarının və uçuş vasitələri ekipajlarının peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən ilk dəfə olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi, idarə olunmayan, həmçinin idarə olunan raketlərdən və topdan praktiki döyüş atışlarının yerinə yetirilməsi, tək cütlük və iki cütlük tərkibində dövlət sərhəd xətti üzrə uçuşların həyata keçirilməsi;

- Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində "Valideyn günləri"nin keçirilməsi təcrübəsinin uğurla davam etdirilməsi, hesabat dövründə 72 bu cür görüşün keçirilməsi qeyd olunur.

Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilib, 342 xidməti mənzil istifadəyə verilib.

Hesabat müşavirəsinin sonunda Azərbaycan Prezidentinin Sərəncamları ilə təltif olunmuş hərbi qulluqçulara orden, medallar və fəxri adların döş nişanları təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR