Azərbaycan səfirinin “The Washington Times” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqaləsi dərc edilib

Azərbaycan səfirinin “The Washington Times” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqaləsi dərc edilib
13:34 20 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 20 yanvar, AzərTAc
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Times” qəzetində 1990-cı ilin yanvar hadisələrindən və ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlərdən bəhs edən “Faciədən müstəqilliyə” sərlövhəli məqaləsi dərc olunub.
Müəllif yazır ki, 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya hücumu nəticəsində 147 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Lakin sovet rəhbərliyinin Azərbaycan xalqının müstəqillik uğrunda hərəkatını boğmaq cəhdinə və dinc əhali üzərində genişmiqyaslı qətliamına baxmayaraq, yanvar hadisələri SSRİ-nin dağılmasını sürətləndirdi və Azərbaycanın müstəqilliyini elan etməsinə gətirib çıxardı.
E.Süleymanov məqalədə qeyd edir ki, 1990-cı ilin yanvar hadisələri Azərbaycanın sosial və siyasi identikliyində əsas elementlərin aydınlaşmasına və möhkəmlənməsinə səbəb oldu. Bu gün bu iki element, öz müstəqilliyinə məhz möhkəm bağlılıq və bərabər hüquqlu tolerant cəmiyyətin mövcudluğu Azərbaycanın strateji prioritetləridir. İmperiyanın Azərbaycan üzərində hökmranlığına baxmayaraq, xalq mübarizəni davam etdirdi və qurbanlar bahasına öz ölkəsinin gələcəyi üçün azadıq və müstəqilliyini əldə etdi.
Xalqın rifahı naminə fəaliyyət göstərməyə imkan verən dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin qazandığı nailiyyətlərdən bəhs edən səfir yazır ki, Azərbaycanın enerji təhlükəsizliyi, inkişaf edən iqtisadiyyatı, müasir infrastrukturu və ölkənin sabit atmosferi onun üstünlükləridir. Azərbaycan etibarlı beynəlxalq tərəfdaş kimi nümayiş etdirdi ki, beynəlxalq hüququn prinsiplərinə sadiq stabil və çiçəklənən cəmiyyət sülhün bərqərar olmasında və davamlı demokratik islahatların həyata keçirilməsində baza rolunu oynayır.
Azadlıq və müstəqillik uğrunda mübarizə aparmış və canlarından keçmiş xalq bu dəyərləri hər zaman qiymətləndirəcək. 20 Yanvarda sovet qoşunları tərəfindən Azərbaycanın müxtəlif millətlərdən, o cümlədən azərbaycanlı, rus, tatar, yəhudi və digər xalqlardan olan vətəndaşları qətlə yetirilib. Şəhidlərin dəfn mərasimində bir milyondan çox insan iştirak edib. Bu gün ölkəmizdə Şərqdə ilk müsəlman respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bərabərhüquqlu cəmiyyətin qurulması təcrübəsinə əsaslanan mədəniyyətlərarası dialoq mövcuddur. Bu ənənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.
Sonda müəllif yazır ki, bu gün 20 Yanvar şəhidlərinin xatirəsinə əsl qiymət Azərbaycanın müstəqilliyi, əldə etdiyi uğurlardır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
(http://www.washingtontimes.com/news/2015/jan/19/elin-suleymanov-azerbaijan-from-1990-massacre-to-i/)
Yusif Babanlı
AzərTAc ın xüsusi müxbiri
Vaşinqton

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sefirinin_The_Washington_Times_qezetinde_20_Yanvar_faciesi_ile_bagli_meqalesi_derc_edilib-826042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR