Hüseyn Əlixanov: “Elçin Behbudovun jurnalistlərə təqdim etdiyi arayış bir il əvvəl baş verən başqa məsələ ilə bağlıdır”

13:37 20 Yanvar 2015
116 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 13:33 ]

Bakı. Şəhriyar Əlizadə - APA. “Cəza İcra Məcəlləsində nəzərdə tutulub ki, məhkum göstərişə tabe olmazsa, müqavimət göstərərsə ona qarşı müəyyən vasitələrdən istifadə oluna bilər. Əgər məhkuma qarşı dəyənək tətbiq olunarsa, bununla bağlı akt tərtib olunur, həm prokurorluğa, həm baş idarəyə məlumat verilir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib.

 

H. Əlixanov bildirib ki, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri Penitensiar Xidmətin müəssisələrində mütəmadi olaraq monitorinq aparırlar: “Adıçəkilən komitənin üzvləri QHT-lərin, vətəndaş cəmiyyəti təşkilatlarının üzvləridir. Komitənin fəaliyyətinə uyğun olaraq onun üzvləri iki nəfərdən az olmayaraq birlikdə monitorinq apara bilərlər. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bir zamanlar həmin komitənin üzvlərindən biri olub. Lakin o, bu qaydaları dəfələrlə pozub. Elçin Behbudova bununla bağlı xəbərdarlıq olunsa da o, buna məhəl qoymayıb. Buna görə də növbəti illərdə o, komitəyə üzv seçilə bilməyib. Lakin ona bildirilib ki, istəsə İctimai Komitənin keçirdiyi monitorinqlərdə iştirak edə bilər. Ancaq Elçin Behbudov bundan da imtina edib. Bir neçə gün əvvəl mətbuatda belə xəbər yayılıb ki, guya mən 14 saylı cəzaçəkmə müəssisəsində hansısa məhkuma dəyənək tətbiq olunması ilə bağlı Elçin Behbudova arayış vermişəm. Bu, yalan məlumatdır. Mən son dövrlər hər hansı arayış verməmişəm. Elçin Behbudovun jurnalistlərə təqdim etdiyi arayış bir il əvvəl baş vermiş başqa məsələ ilə bağlıdır”.

 

Məhkumların ailə üzvləri tərəfindən cəzaçəkmə müəssisələrinə gizli yolla qadağan olunmuş vasitələrin keçirilməsi ilə bağlı sualı cavablandıran H. Əlixanov bildirib ki, həmin şəxslər cinayət məsuliyyəti daşıyırlar: “Hər bir məhkum 15 dəqiqədən artıq olmamaq şərti ilə həftədə iki dəfə istədiyi şəxslə danışa bilər. Lakin buna baxmayaraq, qanunsuz yolla məhkumların yaxınları tərəfindən müəssisələrə mobil telefonlar keçirməyə cəhd olunur. Həmin şəxslər cinayət məsuliyyəti daşıyırlar. Bu cür halların qarşısı bizim əməkdaşlar tərəfindən qətiyyətlə alınır. Keçən il bizim əməkdaşlardan bir neçəsi bu cür hallara şərait yaratdığı üçün cinayət məsuliyyətinə cəlb olunub".
 

Rəis müavini həbsdə olan Leyla Yunusun saxlanma şəraiti ilə bağlı narazılığına da toxunub: "Ümumiyyətlə Azərbaycanda təqsirləndirilən şəxslərin saxlanması ilə bağlı hər hansı problem ola bilməz. Leyla Yunus və onun kimiləri hamı tanıyır. Onun kimlər xarici qüvvələrin agentləridir” .

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR