Xalq artistləri məşum gecədən danışdılar

Xalq artistləri məşum gecədən danışdılar
13:42 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış sənət adamları 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı fikirlərini ATVxəbər.az-la bölüşüblər:
Xalq artisti Amaliya Pənahova: "Çox dəhşətli gün idi. Baxmayaraq ki, o dəhşətli gündən 25 il ötür, amma mən elə bilirəm ki, dünən idi. Yaramız heç köz bağlamır. Çünki o gün indi də gözümün qabağındadır. Tabutlar, al-qırmızı qərənfillər, qanlı küçələr... Amma onunla yanaşı, həmin hadisə xalqımızı birliyə səslədi, xalqımızın azadlıq ruhunu, eşqini möhkəmləndirdi. Görünür, şəhidlər olmalıydı ki, bu azadlıq əldə olunsun.

Bu gün 20%-dən artıq torpağımız işğal altındadır. Şəhidlərimizin ruhları qarşısında borcumuz çoxdur. Tək 20 Yanvar yox, erməni təcavüzünü də unutmaq olmaz. Bu, azadlığı boğmaq cəhdləri idi. Hər birimiz bir olmalıyıq, bir məzhəbə qulluq etməliyik. Çünki bizi parçalamaq cəhdləri həmişə olub, bu gün də var və olacaqdır. Bu baxımdan ayıq-sayıq olmalıyıq. Dünya ölkələrinə baxanda və orada cərəyan edən hadisələrdən xəbərdar olduqda görürük ki, Azərbaycana heç bir mənfi hadisə təsir etmir. Biz öz yolumuzla inkişafa doğru cənab Prezidentimizlə birgə addımlayırıq. Xalqımızın rifahı üçün Prezidentimiz nə lazımdırsa edir. Biz də öz sənətimizlə, öz işimizlə bu azadlığı mütləq şəkildə qoruyub, saxlamalıyıq."
 
Xalq artisti Rasim Balayev göz yaşlarını saxlaya bilmədi: "Ən kədərli günlərimizdən biridir. Allahdan bircə arzum var. Kaş mənə o qədər ömür qismət etsin ki, onların qisasının alınması gününü görüm. Çünki düşünürəm ki, hələ də onların ruhları şad deyil. O vaxt onların ruhu rahat olacaq ki, intiqamları alınacaq, torpaqlarımız azad olunacaq. O zaman onların ruhu şad olacaq".
 
Xalq artisti İlham Namiq Kamal: "Bugünkü gün biz şəhidlərimizə rəhmət oxumalıyıq. Həmçinin qeyd etməliyik ki, bu hadisə ilə xalqın oyanışı bir fəxrdir. Onların çoxu günahsız insanlar idi. Sadəcə evlərinin balkonuna çıxan, səs-küydən xəbər tutmaq istəyən günahsız insanlar qurban olublar. Bu günə Azərbaycan tarixində qəhrəmanlıq günü deyərdim. Şəhidlərimizin qəbri nurla dolsun. Azərbaycan xalqına qələbələr, xoş günlər, inkişaf arzu edirəm.

Mənə elə gəlir ki, bu gün deyək ki, hər bir şey qaydasındadır, şəhidlərimizin qisasını almışıq, bu, doğru olmaz. Çünki bizim 20 faizdən artıq tormağımız düşmən tapdağı altındadır. Və çox məkrli bir düşmənlə həmsərhədik. Bunlar dəf olunmasa, biz onlar qarşısındakı borcumuzu yerinə yetirməmiş hesab olunuruq".
 
Xalq artisti Məleykə Əsədova: "Həmin gecə şəhər xəstəxanaların birində idim. Xəstəxanaya gətirilən meyitləri gördüm. 20 Yanvarın canlı şahidi olmuşam. İnsanlar necə ağlayır, qışqırırdılar... Dəhşət... Güllələr insanların üstünə yağış kimi yağırdı. Rus ordusunun hiyləsinə qurban getdilər. Dəhşətli gün idi. Həmişə qəlblərdə qalan, unudulmayacaq faciədir. Baxmayaraq ki, üstündən 25 il ötür, ancaq hələ də şəhidlərimiz bizimlədir. Onların ruhları qarşısında baş əyirəm, Allah ailələrinə səbir, dözüm versin. Yerləri cənnətlik olsun... Allah rəhmət eləsin!"
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/319998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR