Aydın Mirzəzadə: "Həmin vaxt senatorlardan soruşsaydıq, heç Bakının harada yerləşdiyindən xəbərləri olmazdı"

Aydın Mirzəzadə: "Həmin vaxt senatorlardan soruşsaydıq, heç Bakının harada yerləşdiyindən xəbərləri olmazdı"
13:42 20 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

“Həm Dağlıq Qarabağ məsələsi, həm də 20 Yanvar hadisələri bir mərkəzdən idarə olunurdu. Bizə qəribə gələ bilər, ancaq əslində isə erməni diaspor təşkilatlarının necə oturuşmuş bir struktur olduğu, onların ayrı-ayrı ölkələrdə öz tərəfdarlarını vahid bir məqsəd üçün nə cür yönəltdikləri aydın məsələ idi”.

Bu sözləri Milli.Az-a Milli Məclisin üzvü Aydın Mirzəzadə deyib.

Millət vəkili 5 senatorun 18 yanvar 1990-cı il tarixində SSRİ rəhbəri M.Qorbaçova etdiyi müraciətin erməni mətbuatı tərəfindən gündəmə gətirilməsinə də münasibət bildirib.

“Həmin müraciətə imza atan senatorlar üçün fərqi yox idi ki, hansı məzmunda və nə edəcəkıər. Erməni millətçi dairələrinə bağlı olduqlarına görə, seçki kampaniyalarında onların resurslarından istifadə etdiklərinə görə həmin müraciəti edirdilər. Bəlkə də həmin vaxt senatorlardan soruşsaydıq, heç Bakının harada yerləşdiyindən xəbərləri olmazdı. Nədənsə Ermənistanda yaşayan 200 min azərbaycanlı oradan qovulanda, evləri dağılanda, minlərlə insan öldürüləndə SSRİ rəhbərliyi Ermənistanda fövqəladə vəziyyət elan etmək və azərbaycanlı vətəndaşları qorumaq həvəsinə düşməmişdi. Aydın məsələdir ki, bunun içində böyük siyasi riyakarlıq, Azərbaycan xalqına qarşı böyük bir qəsd əhval-ruhiyyəsi dururdu ki, bu da 20 yanvarda baş verdi”, - o vurğulayıb.

Ermənistanin Panorama.am saytı 5 senatorun 18 yanvar 1990-cı il tarixində SSRİ rəhbəri M.Qorbaçova etdiyi müraciəti yayımlayıb. ABŞ-ın hazırkı dövlət katibi Con Kerrinin də imza atdığı müraciətdə Qorbaçovdan xahiş edilirdi ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı tədbir görsün.

“1990-cı il 20 Yanvar hadisələrini erməni millətçi dairələri və onların təsiri altında olan SSRİ siyasi rəhbəriyi törətmişdi”, - deyən millət vəkili Aydın Mirzəzadə əlavə edib ki, həmin hadisələrin törədilməsində məqsəd Azərbaycan xalqının gözünü qorxutmaq, onun ərazi bütövlüyü uğrunda mübarizəsini dayandırmaq və Azərbaycanla Türkiyə hesabına Ermənistan ərazilərini genişləndirməkdən ibarət idi. Bunun üçün mümkün olan və olmayan variantlardan istifadə edilirdi.

“Mixail Qorbaçov o dövrdə özünün erməni sevgisi ilə tanınırdı. Onun köməkçilərinin ikisi erməni idi. Rəhbərlik etdiyi mərkəzi komitənin iki vacib şöbəsinin müdiri erməni idi. Dövlət Plan Komitəsinin sədrinin birinci müavini erməni idi. Onun vaxtaşırı erməni millətçi ziyalıları ilə görüşləri olurdu. Hətta 1989-cu ildə Ermənistanda zəlzələ olanda Qorbaçov oraya getmişdi. O, erməni ziyalıları ilə görüşdə Qarabağı "Artsax" adlandırdı. Bu, erməni ictimaiyyətinə çox xoş gəlmişdi. 1990-cı ilin 20 yanvarı təxmini seçilmişdi. Başqa bir gündə, başqa bir ildə də ola bilərdi. Amma bu hadisə mütləq baş verməli idi. Çox maraqlıdır ki,  daxili məsələ olduğu halda, Bakıdakı qırğına SSRİ-nin müdafiə naziri Dmitri Yazov rəhbəlik edirdi. Yazov bu yaxınlarda etiraf elədi ki, nədənsə, o vaxt dövlət təhlükəsizlik komitəsinin sədri və daxili işlər naziri deyil, müdafiə naziri göndərilmişdi. Deyirdi ki, mən ölkəni xarici düşməndən qorumalı idim. Daxili işlərə mənim nə aidiyyatım var? Bu məqsədyönlü şəkildə edilirdi”, - millət vəkili qeyd edib.

O hesab edir ki, əgər həmin dövrdə Azərbaycan SSRİ rəhbərləri Vəzirov və Mütəllibov vətənpərvər olsaydılar, əllərində olan imkandan istifadə edib qırğının qarşısını ala bilərdilər. Əslində onlar bunun iştirakçısı oldular. Bu məsələdə Moskvanın siyasətini həyata keçirənlər oldular.

“1988-ci ildə ulu öndər Heydər Əliyevin böyük siyasətdən uzaqlaşdırılması ilə Azərbaycana qarşı kampaniya sürət qazandı. Ancaq nəticə nə oldu? Həmin hadisədən 25 il keçib. Qorbaçov da, Yazov da, o birilər də geniş ictimaiyyətin suallarına cavab verməli olurlar. İndiyə qədər öz məsuliyyətlərinin altından qaçmağa çalışırlar. Erməni millətçilərinin qurduğu müstəqil Ermənistan dövləti əlini açıb bütün dünyadan pul dilənir. Ancaq üstünə gedilən, əhalisi qırılan, torpağının bir hissəsi işğal edilən Azərbaycan isə BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu gün kosmik dövlətlər klubunun üzvüdür. Bu gün Azərbaycan öz inkişafı ilə bütün dünyaya yaxşı bir nümunədir. Tarix kimin düzgün olduğunu çox obyektiv şəkildə ortaya qoyur”, - Mirzəzadə vurğulayıb.

Teymur Hacıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR