Xalqımız o müdhiş gecəni daim xatırlayır

Xalqımız o müdhiş gecəni daim xatırlayır
14:03 20 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+


Qax, 20 Yanvar, Mustafa Dadaşov, AzərTAc
20 Yanvar faciəsinin 25-ci ildönümü Qax rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.
AzərTAc xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Qax şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sadə vətəndaşlar səhər saatlarından başlayaraq axın-axın Şəhidlər xiyabanına gələrək, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə, həmçinin ərazi bütövlüyümüz uğrunda müharibədə şəhid olmuş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər.
Tədbirin keçirildiyi rayon mədəniyyət evinin foyesində təşkil edilən Qanlı Yanvara həsr olunmuş foto və məktəblilərin rəsm əsərlərindən ibarət sərgidə faciəni törədənlərə qarşı sonsuz nifrət və intiqam hissləri özünü qabarıq şəkildə büruzə verirdi.
Mərasimdə 20 Yanvar hadisələrinin mahiyyəti, faciənin acı nəticələri barədə danışılıb, bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğu vurğulanıb. Bildirilib ki, həmin hadisələrdən 25 il ötsə də, Azərbaycan xalqına qarşı törədilən bu terror aktı bəşər tarixində insanlığa qarşı ən ağır cinayət olaraq qalacaqdır. Həmin gün milli azadlığı, ərazi bütövlüyü uğrunda inamla mübarizəyə başlayan xalq kütləvi terrorla üz-üzə qalıb, yüzlərlə insan sovet rejiminin ən ağır cinayətlərindən birinin qurbanı olub, yaralanıb, itkin düşüb.
Vurğulanıb ki, nə qədər ağrılı, acılı olsa da 20 Yanvar, həm də şərəf tariximiz, milli qürur günümüzdür. Xalqımızın igid oğul və qızlarının rəşadəti sayəsində Azərbaycan uzun illər həsrətində olduğu müstəqilliyinə, azadlığına qovuşub.
Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, cinayətkarların adının xalqa bəyan edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini önə çəkib, hazırda 20 Yanvar şəhidlərinin ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərildiyini bildiriblər.
Qeyd edilib ki, həmin qanlı hadisələrdən 25 il ötməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciənin səbəbkarlarını lənətləyir.
Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən sənədli film və mədəniyyət işçilərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR