Şəhidlərin xatirəsi metronun “20 Yanvar” stansiyasında da yad edilib

Şəhidlərin xatirəsi metronun “20 Yanvar” stansiyasında da yad edilib
14:18 20 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının üzərindəki 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin yaxınlığında səslənən kədərli musiqinin qəlb göynədən ahəngində 25 illik həsrətin, ayrılığın ağrısı, acısı boylanırdı. Buradakı insanların baxışlarından başımıza gətirilən bu faciənin günahkarlarına lənətlər oxunurdu. Əllərində tər çiçəklər tutmuş bu insanların düşmənə nifrət dolu baxışlarında həm də bir qürur, mübarizlik özünü göstərirdi.
Ziyarətə gələnlər arasında yaşlı insanlar da çox idi. Onlar bu məkanda baş verənləri yaxşı xatırlayırlar. Bilirlər ki, o müdhiş gecədə millətinin azadlığı uğrunda günahsızcasına qətlə yetirilənlərin çoxu məhz burada düşmən gülləsinə tuş gəlib. Elə bu səbəbdəndir ki, bu kompleks də insanların ziyarətgahına çevrilib.
AzərTAc xəbər verir ki, Yasamal rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, paytaxt ictimaiyyətinin nümayəndələri faciənin 25-ci ildönümü ilə əlaqədar 20 Yanvar meydanındakı abidə kompleksinin önünə əklil qoyub, güllər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Buraya üz tutanlardan biri – o günlərin canlı şahidi, paytaxt sakini Dəyanət Babayev deyir ki, tarixdə çox qırğınlar baş verib, lakin 20 Yanvar faciəsinin miqyası daha böyükdür. Bu səbəbdən də 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan vaxtsız getmiş övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.
Bu gün Qanlı Yanvarın 25-cü ildönümüdür. 25 il əvvəl Azərbaycan xalqının taleyində qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın “Qızıl ordusu”nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə məruz qalmış, günahsız insanlar güllə-baran edilmişdi. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq, Qarabağ uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Həmin hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı öz azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.
Faciənin 25-cü ildönümü münasibətilə metronun 20 Yanvar stansiyasında da bir dəqiqəlik sükut elan olundu. Stansiyada qərənfillərlə matəm kompozisiyası qurulmuşdu. Ölməz şəhidlərimizin mübarizə, mərdlik və sevgi dolu ömür yollarının rəngarəng tər qərənfillərin “dili” ilə təqdim edildiyi bu kompozisiya hər kəsi buradan biganə ötməməyə, dayanmağa, bu faciənin qurbanı olan oğul və qızlarımızı anmağa səsləyirdi. Elə bu səbəbdən də metrodan istifadə edən insanlar bu kompozisiyanın qarşısında dayanır, şəhidlərin xatirəsini ehtiramla anırdılar. Onlardan biri də Qarabağ döyüşlərinin iştirakçısı olmuş Behbud Dadaşovdur. O deyir ki, həmin gecə məsum insanlara açılan atəş tarixin axarını tam dəyişdi, milli intibahın, azadlıq hərəkatının qədərini müəyyən edən hadisə oldu. Həmin qanlı gecədə metropolitenin işçiləri həyatlarını təhlükə altında qoyaraq sübhədək yaralıları, qətlə yetirilən insanların cəsədlərini qorxu bilmədən, fədakarlıqla xəstəxanalara daşıyıblar. Bu hadisələrdən 25 il ötməsinə baxmayaraq qətiyyətlə demək olar ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR