Bakıdan Moskvaya göndərilən 11 sirli məktub - TARİX

Bakıdan Moskvaya göndərilən 11 sirli məktub - TARİX
14:39 20 Yanvar 2015
231 Sosial
Ölkə mətbuatı
A- A+

Yazacaqlarımız yanvarın 26-dan sonra baş verib. 90-cı il, 20 Yanvar hadisələrindən sonra. Bakıda qanlı yanvar hadisəsi baş vermiş, sovet ordusu silahsız insanlara hücum etmiş, tanklar qadın, uşaq, qoca demədən əliyalın insanların üstündən keçmişdi.

 

Dünya isə bundan xəbərsiz idi. Bakıda baş verənlərdən, qırılan insanlar barəsində nə dinən vardı, nə danışan. Əlaqələr kəsilib, Azərbaycanda komendant saatı elan edilib.

Bu vaxt xalq şairi Bəxtiyar Vahabzadə 11 məktub yazır. Məktub yanvarın 19-dan 20-ə keçən gecədə sovet ordusunun Bakıda törətdiyi qətliamdan bəhs edirdi. Fotoları ilə birgə. Məktubları poçtla yollamaq müşkül idi. Ünvana çatmadan yolda məhv ediləcəkdi. Kimsə şəxsən aparmalıydı. Amma kim? Bu təhlükəli işi kimə tapşırmaq olardı?

Dövlət Məmmədov könüllü bu işə razılaşır. Azadlıq hərəkatının fəallarından biri. Hadisələrin cərəyan etdiyi meydanda olmuşdu günlərcə. Məsələdən qonşusu, şairin sürücüsü Əli vasitəsilə hali olur.

 

- Azərbaycanda xalq hərəkatı başlayandan  meydan hadisələrində iştirak etmişdim. Meydandan 52 kasetim var. Pribaltikadan güclənən xalq hərəkatı Azərbaycana da gəlib çatmışdı. Hadisələrdən sonra Əli mənə dedi ki, bəs Bəxtiyar müəllim Moskvaya - deputatlara məktub yollamaq istəyir. Dedim, mən gedərəm.

- Həmin dövrdə rusların çoxu Bakıdan köçürdü. Mən də üç rus tapdım. Dedim, getmək istəyirsinizsə, onda mən sizə bilet alaram. Birlikdə gedərik. Amma bir şərtlə ki, siz ora çatanda burdakı həqiqətləri deyəcəksiniz. Razılaşdılar.

İkisi razılaşsa da, biri babasının qəbrinin Bakıda olduğunu deyir və nə olursa olsun, vətəni qoyub köçməyəcəyini deyir. Lakin bu səfərdə Dövlət Məmmədova yoldaşlıq edə biləcəyini, Moskvada ona kömək edəcəyini bildirir.

- Bəxtiyar müəllimgilə gəldim. Yaman əsəbiydi. Ermənistanın Yazıçılar Birliyindən ona teleqram gəlmişdi: “Abşerondakı toy münasibəti ilə sizi təbrik edirik!”. Əli məni təqdim elədi. Oturtdu məni yanında, başladı sorğu-suala. Necə gedəcəm, nətər edəcəm? Əsas məktubları aeroportdan keçirmək idi. Planımı dedim ona. Riskli olsa da, etməliydik. O, mənə 10 dənə məktub verdi.

 

SSRİ Ali Sovetinin deputatlarına çatacaq. Yeltsin, Afanasyev, Martunovskiyə, Popoviçə və başqalarına. 11-ci məktub isə Lalə Şövkətə ünvanlanmışdı. 

 

- Ayın 26-ı gəldik aeroporta. 3 rus və mən. Sərhədi keçəndə “anam rusdu” dedim. Guya, azərbaycanlılar buna görə məni döyüb, təhqir eləmişdi. Mən də Moskvaya qaçırdım. Məktubları da paltarların altında gizlətmişdik. Rusları aldadıb sərhədi keçdik.

 

Afanasyev, Popoviç və daha 4 deputatla şəxsən görüşüb, məktublarını verir. Lakin Yeltsinlə görüşmək mümkün olmur. Yaxın düşmək olmur. Bu zaman köməyə Moskvadakı azərbaycanlı iş adamı Aydın Qurbanov çatır. O deyir ki, Yeltsinin sürücüsünü tanıyır və məktubu sürücü vasitəsilə çatdıra bilər. Çatdırır da.

 

- O zaman deputatlar Moskva mehmanxanasında yaşayırdılar. Ora da icazəsiz kimsəni buraxmırdılar. Onda mən Lalə Şövkətə zəng elədim. Dedi, mən ev dustağıyam, mənə altıdan sonra zəng edin.

 

“Ev dustağı” sözünü mənasını Lalə xanımla görüşdə öyrənir.

 

- Altıdan sonra zəng edəndə mənə evinin ünvanını dedi. Çatdıra bilmədim 4 məktubu da götürüb getdim. Soruşdum, bəs ev dustağı nə deməkdi? Başladı izah etməyə. Sən demə, o, Maqsud İbrahimbəyov və Müslüm Maqomayev 3 gün bundan qabaq Moskvada mətbuat konfransı keçirib. Qorbaçovun rəhbərliyi altında ordunun Bakıda günahsız insanlara qarşı törətdiyi qırğın haqqında xarici jurnalistlərə məlumat veriblər. Məşhur adam olduqları üçün, onların tutuqlanması Bakını daha da qızışdıracağı üçün sadəcə ev həbsi veriblər. İş vaxtı evdən bayıra çıxa bilməzdilər. Ancaq işdən sonra.

 

Qalan məktubları D. Məmmədov Lalə xanıma verir. O da onları öz kanalları vasitəsi ilə lazımı şəxslərə çatdıracağını söz verir. Onunla gedən ruslara gəlincə, sovet mediası onlardan açıqlama yazmasalar da, Bakıdakı həqiqəti tanıdıqları moskvalılara deyirlər. Ruslardan biri sonradan Moskvaya köçsə də, digər ikisi günü bu günə qədər Bakıdadır. Bəlkə indilərdə Şəhidlər Xiyabanını ziyarət edirlər...

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR