Sabah Davosda ənənəvi Dünya İqtisadi Forumu açılır

14:48 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci Dünya İqtisadi Forumu (DİF) başlayır.
Yanvarın 24-dək davam edəcək yubiley DİF-in mövzusu “Yeni qlobal kontekst” adlanır. Dünya iqtisadi forumunun iştirakçıları inkişaf və stabillik, böhranlar və onların aradan qaldırılması üçün əməkdaşlıq, cəmiyyət və təhlükəsizlik, innovasiyalar və sənaye məsələlərini müzakirə edəcəklər.
Siyasi liderlər və aparıcı biznes rəhbərlər dünyanın ən kəskin problemlərini, əsas geosiyasi çağırışları müzakirə edəcəklər. Forumun proqramına bu ilin əsas hadisələrinə həsr edilmiş debatlar, forumun işinin bir gününü həsr ediləcəyi qlobal enerji gündəliyinin məsələləri daxil edilib.
Davos forumu ərəfəsində onun banisi və sədri Klaus Şvab yubiley görüşünün olduqca vacib olduğunu bildirərək, onun əhəmiyyətini xüsusi vurğulayıb. K.Şvab deyib: “Məncə, 2015-ci ildə biz yolayrıcındayıq. Bir tərəfdə inteqrasiyanı dağıdan, nifrətə, fundamentalizmə aparan, digər tərəfdə isə həmrəylik və əməkdaşlığa aparan yol var”.
Forumdan nə gözlədiyi barədə danışan K.Şvab deyib: “Biz başa düşməliyik ki, yeni dünyada yaşayırıq və qlobal çağırışların həllini bu yeni kontekstin çərçivələrində tapmalıyıq”. O, həmçinin əlavə edib ki, Davosda “dünyanın praktiki olaraq bütün münaqişə tərəflərinin” iştirakını nəzərə alsaq, forumda “inamın möhkəmləndirilməsi və hətta ola bilsin ki, barışıq tədbirləri” baxımından mühüm nəticələr əldə etmək olar.
Yubiley forumu rekord sayda qonaqlar toplayacaq, Bura ümumilikdə 140 ölkənin 2,5 mindən çox biznes, ictimai təşkilatlar, KİV nümayəndələri gələcək. Forumda 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edəcək. Təşkilatçılar tədbirlərdə akademik dairələrin, o cümlədən 13 Nobel mükafatı laureatının iştirakına xüsusi əhəmiyyət verirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sabah_Davosda_enenevi_Dunya_Iqtisadi_Forumu_achilir-826069

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR