20 Yanvar hadisələri bağlı Moskvada keçirilən mitinqin Təşkilat Komitəsinin üzvü: “Heç kəs inanmırdı ki, belə izdihamlı etiraz aksiyası ola bilər” - MÜSAHİBƏ

20 Yanvar hadisələri bağlı Moskvada keçirilən mitinqin Təşkilat Komitəsinin üzvü: “Heç kəs inanmırdı ki, belə izdihamlı etiraz aksiyası ola bilər” - MÜSAHİBƏ
15:02 20 Yanvar 2015
159 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 14:58 ]

Zahid Qocayev: “Mitinq kolonuna qarşı təxribat törədildi”

Moskva. Fərid Əkbərov - APA. Sovet ordusunun 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qırğınlardan sonra Rusiya paytaxtında yaşayan azərbaycanlılar elə həmin gecə Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin qarşısına toplaşıblar. Minlərlə azərbaycanlı rəsmi Moskvadan hadisələrə düzgün qiymət verilməsini və hərbi qoşunların Bakıya yeridilməsinə əmr verənlərin cəzalandırılmasını tələb ediblər. APA-nın Moskva müxbiri 1990-cı ilin 20 yanvar hadisələri ilə bağlı azərbaycanlıların Rusiya paytaxtında keçirdikləri mitinqin Təşkilat Komitəsinin sədr müavini olmuş, hazırda Ümumrusiya Kənd Təsərrüfatı Elmi Araşdırmalar İnstitutunun direktor müavini, professor Zahid Qocayevlə həmin günlərə qayıdıb. Z. Qocayevin APA-ya müsahibəsini təqdim edirik.

 

- Zahid müəllim, 1990-cı ilin 20 yanvarında minlərlə azərbaycanlının Moskvada keçirdiyi etiraz aksiyasının episentrində olan insanlardan biri də Sizsiniz. O hadisələri necə xatırlayırsınız?

 

- iz Rusiyadakı Azərbaycan diasporunun sadə üzvləri idik. Kimi elmlə məşğul olurdu, kimi tibb sahəsində, kimi sənayedə, kimi bizneslə... Heç kim yüksək səviyyədə siyasətlə məşğul deyildi. Hətta ictimai işlə də məşğul olan çox az adam vardı. Həmin dövrdə Azərbaycan diasporunun passionarlığı çox aşağı səviyyədə idi. 20 yanvar hadisələri bizim diasporu silkələdi. Bu hadisələr elə bir vulkanik təsir göstərdi ki, Azərbaycan diasporunun Moskvada yaşayan hər bir üzvü siyasətçiyə, ictimai fəala, təşkilatçıya çevrildi. Yanvarın 21-də Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin qarşısına - indi bu binada Azərbaycanın səfirliyi yerləşir - 5000 insan toplaşmışdı. Nümayəndəliyin qarısındakı bağda insan əlindən iynə atsan, yerə düşməzdi. Qərara gəldik ki, bu böyük kütləni idarə etmək üçün təşkilat komitəsi yaradaq. 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradıldı. Mən Təşkilat Komitəsinin sədr müavini idim. Təşkilat Komitəsinin sədri Zöhrab Şamxalov, üzvləri Fuad İsgəndərov, Fərhad Ağamalıyev, Tofiq Hüseynov, Abuzər Bağırov və digərləri ilə çalışdıq ki, kütləni istiqamətləndirək. Hadisələrin ertəsi günü, yanvarın 21-də Heydər Əliyev də Moskvadakı Daimi Nümayəndəliyimizə gəldi. Heydər Əliyevin gəlməsi və diasporun qarşısında çıxışı bizim üçün böyük təskinlik oldu. Biz həmin dövrdə faktiki olaraq siyasi izolyasiyada idik. Sovet mətbuatı hadisələri başqa cür işıqlandırırdı. İctimaiyyətə doğru-düzgün məlumat verilmirdi. Moskva KİV-i yazırdı ki, guya Bakıda erməni qırğını baş verir. Cinayətkar dəstələr formalaşıb və onlar Sovet ordusuna qarşı mübarizə aparır. Heç kim həqiqətdə baş verənləri yazmırdı və demirdi. Biz həm siyasi, həm də informasiya izolyasiyasındaydıq. Heydər Əliyevin çıxışı böyük təsir bağışladı və diaspor özünü yetim hiss etmədi. Artıq başa düşdük ki, bizim maraqlarımızı qoruyan nüfuzlu insan var.

 

- Heydər Əliyevin mətbuat konfransındakı çıxışını necə xatırlayırsınız?

 

- Heydər Əliyev tarixi şəxsiyyət idi. Baxmayaraq ki, heç bir vəzifədə deyildi, Qorbaçov hakimiyyəti tərəfindən böyük təzyiq altında idi, onun Daimi Nümayəndəliyimizə gəlişini azərbaycanlılar böyük razılıq və izdihamla qarşıladılar. Heydər Əliyevin səhhətində də problemlər vardı. Hiss olunurdu ki, Heydər Əliyev həmin görüşə son gücünü toplayaraq gəlmişdi. O, çıxışında insanları sakitləşdirməyə çalışırdı. Bildirdi ki, rəhbərlikdə olsaydı, bu hadisələrin törədilməsinə yol verməzdi. O, diaspor nümayəndələrinə başa sala bildi ki, “qara gün”ün ömrü az olur, bu belə getməyəcək, bütün dünya bundan xəbər tutacaq. Heydər Əliyev həmin gün diaspora verdiyi dəstəklə bütün azərbaycanlılarda ümid, inam oyatdı. Hamı hiss etdi ki, bizim xalqın arxasında dayanan böyük bir şəxsiyyət var. Bu həmin ərəfədə çox vacib məqam idi.

 

- Mitinq iştirakçılarının addımı necə oldu? Bildiyimizə görə, etiraz aksiyası təkcə səfirliyin qarşısı ilə məhdudlaşmayıb...

 

- Qeyd edim ki, həmin mitinq çox yüksək səviyyədə təşkil olunmuşdu. Hesab edirəm ki, Azərbaycan diasporunun tarixində həmin mitinqin Təşkilat Komitəsinin rolu çox böyükdür və buna indiyə kimi lazımi qiymət verilməyib. Biz 3-4 gün ərzində böyük kütləni idarə etmək üçün koordinasiya rolunu ələ aldıq. Təşkilat Komitəsində müxtəlif qruplar yaratdıq. Həmin qruplar mətbuatla, hüquq-mühafizə və hakimiyyət orqanları ilə işləyirdi. Səhərisi gün biz etirazçı kütləni “Ostankino” televiziyasının qarşısına yönəldik. Tələb etdik ki, mərkəzi televiziya Bakıya jurnalist qrupu göndərsin, Sovet ictimaiyyəti Bakıda baş verən həqiqətlər barədə obyektiv xəbər alsın. Mitinqdə iştirak edənlərin sayı 5 min nəfərdən çox idi. Uzunluğu kilometrlərlə ölçülürdü. Küçələr dar olduğundan bir sırada 4-5 nəfər gedirdi. Çox izdihamlı aksiya idi. Mitinq kolonuna qarşı təxribat da törədildi. Bir “Jiquli” maşını sürətlə kolonun arasına girməyə, mitinqi dağıtmağa cəhd etdi. Lakin bizim uşaqlar onun qarşısını ala bildilər, təxribat baş tutmadı. Məqsədimizə çatdıq. 5 min nəfərlik kolon iki saatdan çox piyada hərəkət edərək səfirliyin qarşısından “Ostankino” televiziyasının önünə çatdı. “Ostankino”nun qarşısında 4 saat mitinq keçirdik. Qar da yağırdı. Mitinq başlayandan saat yarım sonra kameralar bizi çəkməyə başladı. Moskvada heç kəs inanmırdı ki, belə izdihamlı etiraz aksiyası ola bilər. Bu, Rusiya paytaxtında ilk idi. Çoxu bu qədər azərbaycanlının Moskvada yaşadığına da inanmırdı. Bir gün sonra kütləni “Staraya İlyinka” küçəsində yerləşən Mərkəzi Komitənin binasına yönəltdik. Bizi heç kəs qəbul etmədi. Daha sonra Qorbaçovun köməkçiləri çıxdı. Onlar da bizə heç nə demədilər. Sabahı gün prokurorluğun qarşısında mitinq keçirdik. 10-15 gün sonra isə mitinq artıq öz nəticələrini verməyə başladı. Hazırda məşhur jurnalist olan Dmitri Kiselyovla razılaşdıq. O, Daimi Nümayəndəliyimizə gəldi. Tofiq Hüseynov, Fuad İsgəndərov və mən səfirliyin binasının ikinci mərtəbəsində “Vesti” proqramının əməkdaşı Dmitri Kiselyova müsahibə verdik və Bakıda baş verən həqiqətlərdən danışdıq. Həmin beş dəqiqəlik veriliş efirə getdi. Bu, Bakıda baş verən hadisələr barədə efirə gedən ilk həqiqi informasiya idi.

 

Təəssüf doğuran hal bu idi ki, rus insanı arasında bizə çox az adam dəstək verirdi. Onlardan Babuşkin, Qanuşkina və Ponomaryovu qeyd edə bilərəm. Mən hüquq müdafiəçisi Andrey Babuşkinin rolunu xüsusi vurğulamaq istəyirəm. O, həqiqətən Azərbaycan xalqının dostudur. Babuşkin təmiz rus insanıdır. Bütün bunlar haqqında danışmaq lazımdır. Bu şəxsləri unutmaq olmaz. 20 Yanvar hadisəsi XX əsrdə Azərbaycan xalqının tarixində ən qara, eyni zamanda ən şərəfli səhifələrdən biridir. Həmin günlərdə verdiyimiz qurbanların haqqı itməyib. Azərbaycan xalqı bu faciədən sonra böyük nailiyyət əldə edib ki, bunun da adı Azərbaycan Respublikasıdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR