Çanaqqala zəfərinin təntənəsi Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur

15:23 20 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə dövlət səfəri zamanı Çanaqqala zəfərinin 100 illiyini ölkəmizin Türkiyə Respublikası ilə birlikdə qeyd edəcəyini bildirdi. Dövlətimizin başçısının bu bəyanatı xalqlarımızın ciddi sınaqlardan çıxmış sarsılmaz birliyinə və hazırda yeni tarixi şəraitdəki möhkəm və etibarlı həmrəyliyinə dövlət səviyyəsində verilən yüksək qiymət və ona bəslənilən böyük inamı bir daha ön mövqeyə çəkməsi deməkdir.
AzərTAc xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin “Çanaqqala zəfərinin təntənəsi Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur” adlı məqaləsində öz əksini tapıb.
Məqalədə bildirilir ki, Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin qeyd edilməsinə dair qəbul olunmuş qərar qardaş ölkənin ərazilərinin düşmən əsarətindən qurtuluşunda həlledici rol oynamış tarixi hadisənin, böyük dönüş məqamının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, Türkiyədə və ümumən türk dünyasında müstəqil dövlətçiliyin, torpaq və vətən ideallarının daha da qüvvətlənməsinə təkan verəcək mühüm hadisə olacaq. Çanaqqala zəfərinin yüksək səviyyədə anılması həmin tarixi proseslərdə əsl qardaşlıq nümunəsi göstərmiş, böyük qurtuluş savaşında könüllü iştirak etmiş və Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunması barədə qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də bir yerdə və həmrəy olduqlarını, həmin tarixi savaşından çıxan ibrət dərslərinin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığının dünya ictimaiyyəti qarşısında nümayişinə xidmət edir.
Azərbaycan tarixçilərinin Türkiyə Respublikasının milli istiqlal uğrunda mübarizəsinə dair apardıqları tədqiqatlar, ədəbiyyatımızda Çanaqqala döyüşlərinə və qardaşlıq köməyinə həsr olunmuş bədii əsərlər yubiley tədbirlərində alimlərimizin dərin və əsaslı elmi söz demələrinə geniş imkanlar yaradır. Buna görə də Azərbaycan Milli Elmlər Akademiyasının alimləri Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə yad edilməsi ilə bağlı bəyanatını ürəkdən bəyənir və dəstəkləyirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti XX əsrdə xalqlarımıza qarşı bir neçə dəfə soyqırımları həyata keçirmiş Ermənistanın təcavüzkarlığına həsr edilmiş beynəlxalq elmi konfrans keçirməyi nəzərdə tutur. Konfransda Türkiyədən də tarixçi alimlərin iştirakı təmin olunacaq, qardaş ölkənin istiqlal mübarizəsi, Çanaqqala savaşı zamanı baş vermiş proseslərdən geniş söz açılacaq. Müasir şəraitdə Azərbaycan və Türkiyə alimlərinin beynəlxalq tədbirlərdə birlikdə vahid mövqedən çıxış etmələri ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin, tarix və zaman qarşısındakı birgə cavabdehlik hissinin real göstəricisidir.
Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunmasına verdiyi yüksək dəyər ictimai və humanitar sahənin alimlərinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyur. Bu, ortaq tariximizin  və taleyimizin ən mühüm hadisələrinin açılmış arxivlər əsasında birgə araşdırılmasına və vahid obyektiv mövqedən qiymətləndirilməsinə daha fəal və məsuliyyətlə yanaşmağı tələb edir. Bu mühüm vəzifənin əhəmiyyətini və məsuliyyətini dərindən dəyərləndirən Azərbaycan alimləri Çanaqqala hadisələri zəminində əldə edilmiş çoxsaylı tarixi sənədlər və elmi qənaətlər əsasında dünyaya haqqın, ədalətin və birliyin gücünü göstərmək üçün bütün imkanlarını səfərbər edəcəklər.
AMEA-nın Azərbaycanlılara qarşı soyqırımların taixi komissiyasının gördüyü işlər və həyata keçirdiyi tədbirlər həm Çanaqqala, həm də Dağlıq Qarabağ-Xocalı hadisələrinin daha dərindən tədqiq olunub öyrənilməsinə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına kömək edir. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış Qafqazşünaslıq İnstitutunun fəaliyyəti də Azərbaycan və türk xalqlarına qarşı aparılmış soyqırımı aktlarının, əsassız iddiaların dərindən öyrənilməsinə, hər iki ölkənin alimlərinin səylərinin yaxından əlaqələndirilməsinə geniş imkanlar açacaq.
Qeyd edək ki, hazırda AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi Aqrar Elmlər Bölməsi ilə birlikdə Azərbaycanda, Şərqi Anadoluda və Qərbi Azərbaycan ərazilərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi coğrafiyasını əks etdirən xəritələrin elektron  variantlarının hazırlanması üzərində iş aparır. Bundan başqa, AMEA Memarlıq və İncəsənət İnstitutunun bazasında Akademiyanın ayrı-ayrı elmi-tədqiqat institutlarında çalışan əməkdaşların azərbaycanlılara qarşı soyqırımların tarixini, faciəli məqamlarını əks etdirən rəsm əsərlərindən ibarət sərginin təşkili üçün də hazırlıq tədbirləri həyata keçirilir.
Ümumiyyətlə, Çanaqqala zəfərinin 100 illiyinin təntənəsi prosesində nümayiş etdiriləcək Azərbaycan-Türkiyə birlik və həmrəyliyi bizi Dağlıq Qarabağdakı əzəli torpaqlarımızın geriyə qaytarılacağı günə daha da yaxınlaşdırır. Bütövlükdə Türkiyədə Çanaqqala zəfərinin 100 illik nümayişləri Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHanaqqala_zeferinin_tentenesi_Azerbaycanin_Dagliq_Qarabagda_qelebesinin_paroludur-826079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR