Gəncəlilər müstəqilliyimiz uğrunda şəhid olanların xatirəsinə öz ehtiramlarını göstərdilər

Gəncəlilər müstəqilliyimiz uğrunda şəhid olanların xatirəsinə öz ehtiramlarını göstərdilər
15:53 20 Yanvar 2015
157 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 20 yanvar Sabir Əliyev, AzərTAc
Yanvarın 20-də Gəncənin Şəhidlər xiyabanında böyük izdiham yaşandı. Minlərlə şəhər sakini azadlıq və müstəqilliyimiz uğrunda canlarından keçən mərd oğul və qızlarımızın xatirəsinə ehtiramlarını bildirmək üçün xiyabana toplaşmışdılar.
AzərTAc xəbər verir ki, 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə keçirilən anma mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı.
Sonra şəhər rəhbərliyi və icra hakimiyyəti strukturlarının nümayəndələri əbədi məşəl önünə əklil və gül dəstələri qoydular.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu faciə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi ən dəhşətli qətliamdır. Sovet ordusunun döyüş hissələri Bakının küçə və meydanlarına çıxaraq öz haqq səsini ucaldan xalqa amansız divan tutdu. Milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhalinin gülləboran edilməsi, yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi. Lakin xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları o gecə canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər.
Bildirildi ki, SSRİ-nin ordu hissələri tərəfindən həyata keçirilən qanlı aksiyaya yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildi.
Tədbirdə o da qeyd edildi ki, 20 Yanvar şəhidləri ailələrinin və əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunması istiqamətində Ulu Öndərin əsasını qoyduğu dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mərasimdə şəhid anası Zemfira Əliyeva, 20 Yanvar hadisələri zamanı əlil olmuş Hikmət Əmiraslanov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Almaz Aşurov və başqaları çıxış edərək 20 Yanvar faciəsinin mahiyyəti, onu yaradan səbəblər, acı nəticələri barədə danışdılar. Faciəni xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz adlandırdılar.
Sonda tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət etdilər və qəbirlərin üzərinə tər qərənfillər düzdülər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genceliler_musteqilliyimiz_ugrunda_sehid_olanlarin_xatiresine_oz_ehtiramlarini_gosterdiler-826091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR