20 Yanvar faciəsi qurbanlarının xatirəsi Serbiyada da yad edilib

16:13 20 Yanvar 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Belqrad, 20 yanvar, AzərTAc
Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri, təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.
20 Yanvar qırğınını əks etdirən fotoguşə ilə tanış olan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfir Eldar Həsənov faciə zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırladaraq, milli azadlıq yolunda şəhid olmuş qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əminliyini bildirib. 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən söhbət açan səfir azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə güllə-baran edilməsindən danışıb.
Faciə zamanı 150-yə yaxın insanın qətlə yetirildiyini və 700-dən artıq insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığını deyən E.Həsənov ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvar 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulayıb. Qeyd edib ki, həmin hadisələrə müstəqil Azərbaycan dövləti tərəfindən məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildi.
Sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanatı səsləndirilib.
Sonda “Azadlığa aparan yol” sənədli filmi nümayiş etdirilib.
Səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar hadisələrinin səbəb və nəticələrini özündə əks etdirən məlumat toplusu, eləcə də Azərbaycan ombudsmanının faciə ilə bağlı bəyanatı xarici ölkələrin Belqraddakı səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə, Serbiyanın dövlət strukturları və qeyri-hökumət təşkilatlarına göndərilib və yerli KİV-lərdə yayılıb.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Belqrad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_qurbanlarinin_xatiresi_Serbiyada_da_yad_edilib-826098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR