Moskva İrəvana muzdlu yeridir

Moskva İrəvana muzdlu yeridir
16:51 20 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ermənistanda dislokasiya edən 102-ci hərbi bazasında istisna olaraq muzdlular xidmət edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Baş Qərargahından bildiriblər. “Səfərbərliyə çağırılmış sonuncu hərbçilər Rusiyanın Ermənistanda dislokasiya edən 102-ci hərbi bazasını 2016-cı ilin yazında tərk edəcəklər”, - deyə Qərargahda vurğulayıblar. Qurumdan həm də bildiriblər ki, bu heç də rus hərbçisi Valeri Permyakovun 102-ci bazanın yerləşdiyi Gümrü şəhərində bir erməni ailəsinin 6 üzvünü qətl etməsi ilə bağlı deyil və bu barədə qərar hələ keçən ildən verilib.

Gümrüdəki 102-ci hərbi baza iki qarnizonda, 19 hərbi şəhərcikdə dislokasiya edir. Dekabrda bazaya 2,5 min yeni əsgər gəlib. Ümumiyyətlə, bazadakı əsgər sayı 5 min nəfrədir.

Rusiyanın bu addımı əksər analitiklər tərəfindən Cənubi Qafqazla bağlı yeni plan kimi izah edilir. Bu ehtimallara görə, Moskva Gürcüstanı bölərək Rusiyadan Ermənistana dəhliz açmaq istəyir. Gürcüstan sərhədinə yaxın ərazidə yerləşdiriləcək 5 min xüsusi təyinatlı bu məsələdə müstəsna rol oynaya bilər.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR