“Əl-Cumhuriyyə” qəzeti Azərbaycan səfirinin 20 Yanvar hadisələri ilə bağlı məqaləsini dərc edib

“Əl-Cumhuriyyə” qəzeti Azərbaycan səfirinin 20 Yanvar hadisələri ilə bağlı məqaləsini dərc edib
16:53 20 Yanvar 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+


Qahirə, 20 yanvar, AzərTAc
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin geniş oxucu auditoriyasına malik “Əl-Cumhuriyyə” qəzetində (gündəlik beş yüz min tirajla buraxılır) məqaləsi dərc edilib.
Səfir Ş.Abdullayev 1990-cı il 20 yanvar hadisələri barədə məlumatlar təqdim edərək, Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları haqqında ətraflı məlumat verib.
Məqalədə 20 yanvar hadisəsində sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın “kütləvi cəzalandırma” kimi qiymətləndirildiyi qeyd edilir, yüzlərlə insanın qətlə yetirildiyi və yaralandığı bildirilir. Bildirilir ki, Sovet rəhbərliyinin Azərbaycan xalqının mübarizə əzmini qırmaq cəhdlərinə və SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq hərbi təcavüz forması almasına baxmayaraq, Azərbaycan xalqı öz yolundan dönməyib və dövlət müstəqilliyini yenidən bərpa edib.
Səfir məqaləsində qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu xüsusilə diqqətə çatdırır.
Xalqımızın müstəqilliyin ilk illərində bir sıra siyasi və iqtisadi çətinliklərlə, xüsusən də ölkə ərazilərinin 20 faizinin işğalına gətirib çıxaran erməni təcavüzü ilə üzləşdiyini xatırladan müəllif ölkə rəhbərliyinin apardığı hərtərəfli islahatlar nəticəsində Azərbaycanın hazırda yüksək templərlə inkişaf etdiyini və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyini vurğulayır.
Asya Hacizadə
AzərTAc-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Al_Cumhuriyye_qezeti_Azerbaycan_sefirinin_20_Yanvar_hadiseleri_ile_bagli_meqalesini_derc_edib-826121

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR