“Nur Telecom”un qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşması dayandırıldı

17:03 20 Yanvar 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Azərbaycanın Qırğızıstandakı səfirliyinin müdaxiləsi nəticəsində bu ölkədə “O!” ticarət markası adı altında fəaliyyət göstərən “Nur Telecom” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşması dayandırılıb.
AzərTAc xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.
H.Hacıyev deyib ki, “Nur Telecom” şirkəti tərəfindən Azərbaycanın Qırğızıstandakı səfirliyinə yanvarın 20-də ünvanlanmış məktubda şirkətin internet saytında verilmiş qeyri-düzgün məlumata görə təəssüf ifadə olunur və bunun aradan qaldırılması üçün yanvarın 19-da şirkət tərəfindən təxirəsalınmaz tədbirlərin görüldüyü bildirilir.
“Bu məsələdə fəal vətəndaş mövqeyi nümayiş etdirmiş Azərbaycan Respublikasının vətəndaşı Azayev Vüsal Samidağa oğluna da öz təşəkkürümüzü bildiririk”, - deyə XİN rəsmisi qeyd edib.
Bildirilib ki, Azərbaycanın Qırğızıstandakı səfirliyinin müdaxiləsi nəticəsində 2013-cü ildə Qırğızıstanda fəaliyyət göstərən Megacom və BİTEL mobil operatorlarının da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşmaları dayandırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR