20 yanvar faciəsi Lənkəranda anıldı

20 yanvar faciəsi Lənkəranda anıldı
18:36 20 Yanvar 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan xalqının qan yaddaşı, milli azadliq hərəkatının silinməz səhifəsi olan 20 yanvar faciəsinin 25-ci ildönümü Lənkəranda da ümumxalq hüzn günü kimi ehtiramla anılıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarından başlayaraq minlərlə lənkəranlı Şəhidlər xatirə kompleksinə axın edərək müstəqiiliymiz uğrunda qurban gedən şəhidlərimizin xatirəsini yad etməyi özünə mənəvi borc sayıb.

Ziyarətçilər arasında rayon ictimaiyyətinin bütün təbəqələrinin təmsilçiləri olub. Şəhidlərin ruhuna dualar edilib, fatihə oxunub. Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov 20 yanvar hadisələrində şəhid olan 11 lənkəranlının məzarını ziyarət etdikdən sonra ailə üzvləri ilə görüşüb. Qayğı və ehtiyacları ilə maraqlanıb. Heydər Əliyev mərkəzinin foyesində rəssamlıq məktəbi şagirdlərinin qanlı yanvar hadisələrini əks etdirən rəsm əsərlərinin sərgisi ilə tanışlıqdan sonra Bakı film kinostudiyasının istehsalı olan , Azərbaycan respublikasının prezidenti və milli qəhrəman Çingiz Mustafayev fondunun dəstəyi ilə rejissor Vahid Mustafayevin ərsəyə gətirdiyi ”Qanlı Yanvar” filminin nümayişi oldu.

Rayon rəsmiləri, ziyalılar, ictimaiyyətin bütün təbəqlərinin təmsilçiləri 25 il öncə baş verən hadisələrin real əksi olan filmi dərin maraq və həyəcanla izlədi. Ekranda baş verən hadisələrin tamaşaçılarda doğurduğu canlı reaksiya, filmin təsir gücü axan göz yaşlarından da bəlli idi. Nümayiş başa çatdıqdan sonra müsahib olduğumuz tamaşaçılar filmin yaradıcılarına minnətdarlıq duyğularını ifadə etdilər.

İcra aparatrının şöbə müdiri, Əlimərdan Əliyev: “Bu gün Çingiz Mustafayev adına fondun böyük zəhmət bahasına ərsəyə gətirdiyi 20 yanvar filmi doğrudan da bizə çox dərin təsir bağışladı. Baxmayaraq artıq bu qanlı faciədən xalqımızı 25 illik zaman ayırır. Lakin bu film bizi bir daha həmin dövrə qaytardı”

Tarixçi, Güloğlan Bağırov: “Açığı deyim ki, bu filmə həyəcansız baxmaq mümkün deyil. Bir daha o hadisələr yaddaşımızda tam dolğunluğu ilə canlandı. Bu film bütün Azərbaycan xalqının həmin hadisələrdən ibrət dərsi götürməyə, bir daha möhkəm sıx birləşməyə ,müstəqilliyimizi möhkəmləndirmək üçün var qüvvəsini sərf etməyə çağırır. Bu çox böyük işdir. Bu işə görə həm mötəbər prezidentimizə, həm də kinorejissor Vahid Mustafayevə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. 20 yanvar hadisələrində şəhid olan lənkəranlıların ailə üzvləri dərin həyəcan içində izlədikləri filmin onları 25 il əvvələ qaytardığını bildirdilər”.

Şəhid Rahim Məmmədovun bacısı Mətanət Kazımova: “20 yanvar hadisələrini biz görmüşük, cavanlar bilmirlər. Bu hadisələri cavanlara çatdırdığına görə Vahid Mustafayevə minnətdarlığımızı bildiririk. Bu çox təsirli film idi. "Qanlı yanvar" Filmində Azərbaycan xalqının adət və ənənələri, vətənpərvərlik, humanizm, milli kökə bağlılıq təbii olduğu qədər də səmimidir”.

Qafqaz müsəlmanları idarəsi qazilər şurasının üzvü Hacı Sədi Axundzadə: "Filmdə hər iki məzhəbi göstərdi. Tolerantlığını göstərdi. Mən arzu edərdim ki, Vahid Mustafayev gələcəkdə belə filmləri çoxaltsın. Azərbaycanın hüdudlarından kənarda təbliğat olunsun”.

Qanlı yanvar hadisələrinin canlı şahidi olan kinorejissor Vahid Mustafayevin yeni "Qanlı yanvar" filminin nümayişi Lənkəranda 20 yanvar umumilli hüzn gününə nikbin çalar qatdı. Tariximiz salnamələrimizdə yaşayır.
Mənbə
ANS PRESS: Esmira İsmayılova


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR