Yol polisi: Polisə tabe olmayıb zor tətbiq edənlərə adekvat cavab veriləcək

Yol polisi: Polisə tabe olmayıb zor tətbiq edənlərə adekvat cavab veriləcək
17:13 25 Dekabr 2014
109 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlkin İzzət/

Son 5 gündə paytaxtda 35 sürücü polisin qanuni əmrinə tabe olmadığına görə, 7 nəfər isə avtoxuliqanlığa görə barələrində qanunvericiliyə uyğun tədbir görülüb. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, yol polisinin qanuni tələbinə tabe olmama halları intizamsızlığa meyilli olan vətəndaşların polisə aqressiv münasibətidir. Amma kim bunu edirsə, layiqli cəzasını da alır: “Polis hər zaman xalqın onu dəstəklədiyi düşüncəsi ilə vətəndaşlara yanaşır. İntizamsızlığa meyilli şəxslər isə bundan sui-istifadə edirlər”.

Bölmə rəisi bundan əvvəl qeydə alınan polisə qarşı zor tətbiq edilməsi hallarına da münasibət bildirib: “Belə faktların artması polisi daha ehtiyatlı davranmaq üçün əlavə tədbirlər görmək məcburiyyətində qoyur. Yəni artıq vətəndaşla birbaşa təmasla yox, polisə mümkün müqavimətdən, zor tətbiqindən qorunmaq üçün bir sıra dövlətlərdə olduğu kimi polis bir qədər kənarda dayanaraq ünsiyyətə üstünlük verəcək. Polisə zor tətbiq edənlərə isə adekvat cavab veriləcək. Artıq polislərimiz buna hazırdır. Polis öz gücü, bacarığı və bütün digər vasitələrindən istifadə edərək həmin vətəndaşa qarşı qanunauyğun cavab tədbiri görəcək”.

O, həmçinin qeyd edib ki, son 5 gün ərzində Bakıda sərnişindaşıma qaydalarını pozan 54, avtomobili sərxoş halda idarə edən 120, işıqforun qırmızı işığında keçdiyinə görə 123 sürücü məsuliyyətə cəlb edilib. Bundan əlavə, yolayrıcı qaydalarını pozduğuna görə 2708 halda sürücülərə inzibati protokol tərtib edilib.

Ümumilikdə yol hərəkəti qaydalarının pozulmasına görə yol polisi əməkdaşları tərəfindən 5 gün ərzində 4056 inzibati protokol tərtib edilib. Onlardan 116-sı yol hərəkəti qaydalarını pozduğuna görə piyadaların cərimələnməsi ilə bağlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR