Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - FOTO

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - FOTO
18:57 20 Yanvar 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 18:51 ]


Moskva. Fərid Əkbərov - APA. Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə Rusiyada akkreditə olunmuş bir sıra ölkələrin səfirləri, rəsmi şəxslər, Azərbaycan və Rusiya ictimaiyyətinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları səfirliyin binasında açılmış üstündə 20 Yanvar qurbanlarının adları yazılan xatirə lövhəsinin önünə əklil və gül dəstələri qoyublar. Daha sonra 20 yanvar faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdə çıxışında 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, o dəhşətli gecə xalqımızın yaddaşından heç bir zaman silinməyəcək: “Bu cür hadisələrin heç bir xalqın, heç bir ölkənin tarixində təkrar olunmaması üçün biz əlimizdən gələni etməliyik, bu siyasi baxımdan səhv olan addım gələcək nəsillər üçün ibrət dərsi olmalıdır. 20 yanvar faciəsi sovet hakimiyyəti rəhbərliyinin cinayətkar mahiyyətini nümayiş etdirib. Rəhbərlik öz vətəndaşlarının vəhşicəsinə öldürülməsi əmrini verməklə SSRİ rəhbərliyi cinayətkar mahiyyətini ortaya qoymuş olub”.

 

Səfir ölkə rəhbərliyinin hər il dövlət səviyyəsində qeyd olunan bu matəm gününə böyük əhəmiyyət verdiyini söyləyib: “24 il əvvəl Bakıda baş verən hadisələr insanların şüurunda çevriliş etdi. Çünki hələ 1980-ci illərin sonlarında heç kim SSRİ kimi böyük nüvə imperiyasının dağılacağını ağlına gətirmirdi və bu, tarixin dönüş nöqtəsi oldu. Heydər Əliyev Bakıda baş verən hadisələrin səhəri günü, 1990-cı il yanvarın 21-də güclü repressiya maşınına malik sovet rejimi hakimiyyətdə olmasına baxmayaraq, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, siyasi bəyanatla çıxış etdi, yanvarın 20-də Bakıda baş verən hadisələri sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı cinayəti kimi qiymətləndirərək pislədi”.

 

Səfir qeyd edib ki, müasir Azərbaycanda heç kəs 20 Yanvar hadisələrini müasir Rusiya ilə və rus xalqı ilə bağlamır, bütün məsuliyyəti o vaxtkı Sovetlər İttifaqının rəhbərliyi üzərinə qoyur: “Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarı üstünə əklil qoyublar. Azərbaycanın hökuməti, diplomatiyası və ictimaiyyəti əmindir ki, 25 il bundan öncə baş vermiş qanlı hadisələr ikitərəfli münasibətlərə mənfi təsir etmir”.

 

Polad Bülbüloğlu tədbir iştirakçılarına “20 Yanvar-qanlı və şanlı tariximizin səhifəsi” adlı kitabı təqdim edib. O, kitabın dörd dildə - azərbaycan, rus, ingilis və ərəb dillərində nəşr olunduğunu, Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi əlaqələr şöbəsinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi olduğunu qeyd edib. Layihənin rəhbəri Azərbaycan prezident Administrasiyası ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov və AzərTAc-ın baş direktoru Aslan Aslanovdur.

 

Tədbirin sonunda 20 yanvar hadisələri ilə bağlı sənədli film nümayiş olunub.

 

Filmin nümayişi bitdikdən sonra 20 yanvar şəhidlərinin xatirəsinə ehsan verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR