Parisdə 20 yanvar faciəsi şəhidlərinin xatirəsi yad edilib

19:13 20 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+



Paris, 20 yanvar, AzərTAc
Yanvarın 20-də Azərbaycanın Fransadakı səfirliyi tərəfindən ölkəmizin müstəqilliyi naminə həyatlarını qurban vermiş şəhidlərin ölməz xatirəsi yad edilib.
Bununla əlaqədar Azərbaycan Demokratik Cümhuriyyətinin ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun Paris yaxınlığındakı Sən-Klu qəbiristanlığındakı məzarı önündə anma mərasimi keçirilib
Tədbirdə çıxış edən ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov 20 Yanvarın hüzn günü kimi hər il qeyd edildiyini və xalqımızın yaddaşında əbədi iz qoyduğunu xatırladıb.
20 Yanvar hadisələrinin müasir Azərbaycan xalqının tarixində ən faciəli, eyni zamanda qəhrəmanlıq səhifələrindən biri olduğunu diqqətə çatdıran diplomat baş verən hadisədən sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyini və qoruyub saxladığını bildirərək deyib: Faciəli hadisələr onu göstərdi ki, Azərbaycan xalqının müstəqilliyə, azadlığa olan istəyi əbədidir. O zaman SSRİ rəhbərliyinin başında duran M.S.Qorbaçov və digərlərinin xalqımızın azadlıq iradəsini qırmaq istəkləri baş tutmadı. Azərbaycan xalqı bir daha sübut etdi ki, bu gün yaşadığı müstəqillik ona hədiyyə kimi verilməyib, saysız-hesabsız qurbanlar bahasına əldə edilib.
Qanlı Yanvar gecəsi sovet ordusu tərəfindən amansızlıqla qətlə yetirilən şəhidlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını deyən səfir qeyd edib ki, hadisələrdən ötən 25 il ərzində Azərbaycan müstəqil bir dövlət kimi böyük inkişaf yolu keçib və buna görə də şəhid ruhları şaddır.
Daha sonra E.Əmirbəyov ümummilli lider Heydər Əliyevin həmin hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolunu xüsusi qeyd edib. Bildirib ki, həmin vaxt Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın diplomatik nümayəndəliyinə gələrək baş verənlərə kəskin etiraz səsini ucaldıb və bu qanlı hadisələri qətiyyətlə pisləyib. Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə hüquqi və tarixi qiymət verilib.
Səfir Azərbaycanın müstəqilliyi uğrunda yorulmadan mübarizə aparmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlament sədri Ə.Topçubaşovun vaxtilə Fransada yaşadığı binaya xatirə lövhəsinin vurulduğunu diqqətə çatdırıb. Bu görkəmli dövlət xadiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müəyyən iş aparıldığını qeyd edib.
Sonda Ə.Topçubaşovun və müstəqil Azərbaycanın ilk mətbu orqanı olan “Azərbaycan“ qəzetinin redaktoru C.Hacıbəylinin məzarları önünə əklillər qoyulub.
Anma mərasimində səfirliyin və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Paytaxtdakı Azərbaycan mədəniyyət mərkəzində şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub.

Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Parisde_20_yanvar_faciesi_sehidlerinin_xatiresi_yad_edilib-826182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR