Kəndli inəyini niyə satır və yaxud fərdi təsərrüfatçıları nə gözləyir? - VİDEO

Kəndli inəyini niyə satır və yaxud fərdi təsərrüfatçıları nə gözləyir? - VİDEO
19:17 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Dövlət kənd təsərrüfatını daha da inkişaf etdirmək, işin səmərələliyini və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün qarşıya mühüm vəzifələr qoyub. Bu baxımdan heyvandarların qarşısında da vacib vəzifələr durur.
Azərbaycanda heyvandarlıq sahəsində artım dinamikası davam edir. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, təkcə bir fakta nəzər yetirmək kifayətdir ki, 1991-ci ildə 1826,2 baş olan iribuynuzlu heyvanların sayı 2011-ci ildə 2681,9 olub. Qoyun və keçilərdə bu göstərici 5292,3-dən 8559,3-ə qalxıb. Həmin müddətdə atların sayı 65,6-dan 72,2 olub və s. Hazırda ölkəmizdə 3 milyon başa yaxın qaramal, o cümlədən 1 milyon 500 min başdan artıq inək və camış, 9 milyon başa yaxın qoyun və keçi, 26 milyondan çox quş var. Ötən il 2013-cü illə müqayisədə ət istehsalı 101,5, süd istehsalı 103,5, yumurta istehsalı 111,4, yun istehsalı isə 101,7 faiz təşkil edib. 2009-2014-cü illərərzində respublikaya 11 min 645, o cümlədən 2014-cü ildə 5 min 363 baş damazlıq heyvan gətirilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə lizinqə verilib. Bu heyvanlar törəyib artaraq 18,5 min başa çatıb. Ötən müddətdə ölkədə müxtəlif heynvandarlıq kompleksləri, quşçuluq təsərrüfatları yaradılıb və digər bu kimi işlər həyata keçirilib. Bu istiqamətdə tədbirlərin bundan sonrakı dövrdə də davam etdirilməsi planlaşdırılır.

Kənd Təsərüüfatı Nazirliyinin nümayəndəsi Fəxrəddin Eminov bildirib ki, heyvan genetik ehtiyatlarının qorunub saxlanması və daha da inkişaf etdirilməsi, ətlik və südlük heyvandarlığın inkişaf etdirilməsi, camışçılığın, arıçılığın inkişaf etdirilməsi nəzərdə tutulub. Bununla yanaşı damazlıq quşçuluq təsərrüftalarının yaradılması istiqamətində də işlər aparılır. Möhkəm yem bazasının yaradılması, yem bitkilərinin əkin sahələrinin genişləndirilməsi və bu məqsədlə subsidiyaların verilməsi də gündəmdədir.
Yuxarıda sadalanan faktlardan da göründüyü kimi, respublikada qeyri-neft sektoru olaraq kənd təsərrüfatının, o cümlədən də heyvandarlığın inkişaf etdirilməsi qarşıya qoyulan məqsədlərdəndir. Lakin bir məsələni də nəzərə alaq ki, hazırda bu işlə fərdi şəkildə məşğul olan fermerlər daha çox bazardan asılı vəziyyətdədirlər. Məsələn, fermerlər camışların sayını getdikcə azaldırlar. Onlar bunu otlaq-örüş sahələrinin azalması, eləcə də camış ətinin ucuz olması ilə əlaqələndirirlər.

Fermer Arif Nağıyev bildirir ki, camış əti normal qiymətə satılmır. Ona görə də bu heyvanı bəsləmək  sərf etmir.
Camışlarını aşağı qiymətə də olsa, sataraq, əvəzində inək və qoyun alan fernmerlər artıq bunun da sərfəli olmadığını deyirlər. Xüsusilə son vaxtlar mal ətinin ucuzlaşması və ötən il müşahidə olunan isti və quraq hava şəraiti ilə əlaqədar otun bahalaşması iribuynuzlu heyvanlar bəsləyən fermerləri həvəsdən salır. Çünki Aran rayonlarında hazırda 1 ədəd yonca bağlaması 4, ot bağlaması 3, saman bağlaması 2 manata satılır. Bildirildiyinə görə, dağlıq və dağətəyi rayonlarda bu göstəricilər 1-2 manat da çoxdur. Məsələn, Qəbələ və İsmayıllı rayonlarında 1 ədəd yonca bağlaması 5 manat 50 qəpiyə alıcılara təklif olunur. Paytaxt Bakıətrafı ərazilərdə isə bu qiymət 6 manat 20 qəpik 6 manat 50 qəpikdir. Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1 manat 50 qəpik çoxdur. Hazırda 1 baş inək balası ilə birlikdə bazarda təxminən 450-550 manat aralığında satılır. 1 inəyi saxlamaq üçün isə qış mövsümündə təxminən 150-180 ot bağlaması və digər yemlər lazımdır. Bu isə fermerlər üçün sərfəli deyil.

Fermer Fazil Qələndərov bildirir ki, bu səbəbdən də onlar iribuynuzlu heyvanlarını satışa çıxarmağa üstünlük verirlər: "Məcburiyyət qarşısında qalırıq. Buna nə ağac, nə də torpaq yedizdirmək olmaz. Belə olanda heyvan ac qalır"

Göründüyü kimi, baha aldığı yem məhsulları ilə heyvanı yemləmək, onu çəkilən xərc və zəhmətə nisbətən ucuz qiymətə satmaq heç bir halda fermerin marağında ola bilməz. Elə isə sual yaranır: fərdi şəkildə heyvandarlıqla məşğul olan fermer niyə bu vəziyyətə düşüb və çıxış yolu nədir? Araşdırmalar göstərir ki, bunun başlıca səbəblərindən biri torpaq mülkiyyətçisi olan insanların pərakəndə şəkildə fəaliyyət göstərmələridir. Məsələn, bu gün kənddə yaşayan insanların əksəriyyəti həm həyətində toyuq, qaz, ördək saxlayır. Həm inək, camış, qoyun, keçi, at bəsləyir. Həm bostan və yem bitkilərini əkir, həm də bağ salır. Əslində isə bunların heç birinə də yetərli qaydada qulluq edə bilmir. Bunun nəticəsində də həmin sahələrdən gəlir götürmək imkanları azalır. Yəni bu gün hər hansı bir təsərrüfatçı kənd təsərrüfatının bütün sahələri üzrə çalışmaq əvəzinə, marağını bir sahəyə, məsələn maldarlığa yönəltsə, onun gəliri daha çox ola bilər.

Ekspert Günəş Şəfəqətov deyir ki, əsasən gəlir götürə bilməyənlər xırda istehsalçılardır. Xırda təsərrüfatla məşğul olan istehsalçılar heç vaxt yüksək gəlir götürə bilmirlər. Çünki onlar texnikanın, texnologiyanın, elmin son nailiyyətlərindən istifadə edə bilmirlər. Mütərəqqi texnologiyadan istifadə etməyəndə yüksək gəlir əldə etmək qeyri-mümkündür”

Araşdırmalar nəticəsində o da məlum olur ki, artıq Azərbaycanda yaradılan böyük təsərrüfatlarla yanaşı, fermerlər arasında da bir ixtisaslaşma gedir. Yəni ayrı-ayrı kəndlərdə kimsə həmin yaşayış məntəqəsində texnikaya olan tələbatın ödənilməsi istiqamətində çalışır. Digəri sırf heyvandarlığa meyl göstərir və s. Ekspertlərin də fikrincə, bu gün heyvandarlıqdan gəlir götürə bilməyən fermerlər hələlik tam istiqamətini müəyyən edə bilməyənlərdirlər. Çünki hər hansı bir fermer heyvanın yem ehtiyatını özü tədarük etsə, bu gün onun bazardan ot almasına ehtiyac qalmaz. Eləcə də vaxtı-vaxtında heyvandarlıqda lazım olan dərmanlama prosesini və digər işləri həyata keçirsə, bu, onun çox gəlir götürməsinə səbəb ola bilər. Ekspertlər onu da deyirlər ki, Azərbaycanda böyük kənd təsərrüfatı kompleksləri yarandıqca və fermerlər arasında ixtisaslaşma getdikcə mövcud problemlər tədricən aradan qalxacaq.

Milli.Az


Videonu izləmək üçün şəkillərə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/320005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR