Naxçıvanda “Qanlı Yanvar” filmi nümayiş olunub

Naxçıvanda “Qanlı Yanvar” filmi nümayiş olunub
19:33 20 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 20 yanvar, Rauf Əliyev, AzərTAc
Yanvarın 20-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi “Qanlı Yanvar” filminin nümayişi olub.
AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri, Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin kursantları, kütləvi informasiya vasitələrinin nümayəndələri filmə baxıblar.
Film “Bakı film”, ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti hesabına çəkilib. Ekran əsərinin çəkilişlərinə dövlət tərəfindən də böyük dəstək verilib.
Azərbaycanın müstəqillik tarixinin qanlı və şanlı səhifəsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələri poetik düşüncəmizdə, teatr səhnəmizdə, bədii publisistikamızda öz əksini tapsa da, hələ də bədii ekran həyatını yaşamamışdı. Odur ki, xalqımızın milli azadlıq istəyindən dönmədiyini, bu yolda hətta canından belə keçməyə hazır olduğunu təcəssüm etdirən belə bir bədii filmin ekranlaşdırılması olduqca təqdirəlayiq hadisədir.
“Qanlı Yanvar” filminin əsas süjet xəttini real hadisələr təşkil edir. Ekran əsəri bir neçə baş rol qəhrəmanının timsalında xalqın müstəqillik idealları uğrunda mübarizəsini canlandırır. 1990-cı ilin yanvarında baş verən hadisələrin təsvir olunduğu filmdə təcavüzkar ordunun Bakıya soxulması və qanlı qırğın törətməsini əks etdirən dramatik səhnələr yer alıb.
Qanlı Yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa və insanları bu gün də düşündürən bir sıra suallara cavab tapmağa çalışıb.
Müəllif toxunduğu mövzunun bəşəri mahiyyətini realistcəsinə vermək məqsədilə çəkilişlərə, xüsusi olaraq, beynəlmiləl heyəti cəlb edib.
Filmdə Azərbaycan ilə yanaşı, Amerika, İran, rus və türk aktyorları birgə çalışıblar. 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” filminin çəkilişində dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu və yerli azərbaycanlılardan ibarət heyət iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR