Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar qurbanlarının xatirəsi anıldı

Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar qurbanlarının xatirəsi anıldı
19:38 20 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+


Tehran, 20 yanvar, AzərTAc
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunub.
Əvvəlcə 20 yanvar hadisələri zamanı həlak olmuş şəhidlərin ruhuna dualar oxundu, sənədli film nümayiş etdirildi.
Tədbirdə çıxış edən səfir Cavanşir Axundov dedi ki, 1990-cı ilin 20 Yanvar faciəsi SSRİ-nin əsl simasını ortaya qoydu. Həmin vaxt Azərbaycan xalqı sadəcə olaraq torpaqlarının ermənilər tərəfindən işğalına və insanların öz doğma el-obasından didərgin salınmasına etiraz etmək üçün küçə və meydanlara toplaşmışdı. Mərkəzi hökumətin bu işğala biganə qalması xalq kütlələrini qəzəbinə səbəb olmuşdu.
Səfir diqqətə çatdırdı ki, 1980-cı illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Sovet İttifaqında gedən siyasi proseslər, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Vəziyyətin böhran həddinə çatmasının əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma Dağlıq Qarabağ probleminin ortaya atılması idi. SSRİ rəhbərliyi kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı. Yanvarın 19-da axşam dövlət televiziyasının enerji bloku partladıldı və əhali məlumatsız qaldı.
Səfir bildirdi ki, hazırlanmış plana əsasən yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən hərbçilər tərəfindən 147 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 700-dən çox insan ağır yaralanmışdı. Bu hadisədən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Moskvada bəyanatla çıxış edərək başda Mixail Qorbaçov olmaqla SSRİ rəhbərliyini kəskin tənqid etdi və informasiya blokadasını yardı. Məhz Heydər Əliyevin bəyanatından sonra dünya ictimaiyyəti Bakıda baş verən qanlı hadisələrdən xəbər tutdu.
Tədbirdə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bağban Kondori, keçmiş səfir Əli Əşrəf Möctəhed Şəbüstəri, Tehran Universitetinin professoru Bəhrəm Əmir Əhmədyan, Avrasiya və İran Araşdırmalar Mərkəzinin əməkdaşı Əhməd Vəxişti, Höcətülislam Həmidi, Qafqaz Müsəlmanları İdarəsinin İran nümayəndəliyinin rəhbəri Şamil Ələsgərov və digərləri çıxış edərək müasir dünyada müsəlmanlara qarşı aparılan yanlış siyasətdən danışdılar.
Çıxışlardan sonra ehsan süfrəsi açıldı.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Irandaki_sefirliyinde_20_Yanvar_qurbanlarinin_xatiresi_anildi-826192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR