Göz dəyənin gözü çıxsın...

Göz dəyənin gözü çıxsın...
19:42 20 Yanvar 2015
906 Sosial
Ölkə mətbuatı
A- A+

Gözmuncuğu nəzərdən qoruyur?
Gözmuncuğu çoxumuzun inandığı bir əşyadır. İnsana pis təsir edən mənfi enerjinin gözdən çıxıb auranı pozmasına inananlar üçün bu muncuqlar daim üstdə gəzdirilməsi vacib olan aksessuarlardandır.

Son dövrlər isə gözmuncuğunun yerinə digər bir göz qaytaran əşya nəzəri cəlb edir. Uşaqların və xüsusən daha körpələrin üzərinə qızıldan yazılmış "maşallah" kəlməsi alınan uşaq hədiyyələri içərisində də böyük maraq kəsb edir. Uşaqların yaxalarından asılan bu muncuqların həqiqətən qoruyucu xüsusiyyətinin olmasına inananlar nəinki uşaqların yaxasına, evlərin girəcəyinə, həyətlərə, ağacların görünən yerlərinə də muncuq asmaqdan çəkinmirlər.

Bəzi alimlər gözmuncuğundakı mavi rəngin gözdən və ya beyindən şüalanan dalğaları udduğunu iddia edirlər. Elm isə deyir ki, parapsixologiya dilində "bioenergetik" gözdəymə mənfi təsirdir. Ehtimal olunur ki, müəyyən səbəblərdən bədəndə toplanan pozitiv və ya neqativ enerji münbit şərait yarananda insanın baxışından vulkan kimi püskürə bilər. Gözlər ruhi funksiyaları və beyin gücünü ən rahat və ən təsirli şəkildə istifadə edə bildiyimiz orqanlarımızdır. Elm adamlarının da təsbit etdikləri kimi, göz yoluyla da hipnoz hadisəsini reallaşdırmaq mümkündür. Bədnəzərdən, hətta ev heyvanlarının da qəflətən naməlum xəstəliyə düçar olması barədə məlumatlar var. Bu hardasa gözün olduğunu göstərsə də, muncuğun tamamilə bunun qarşısını aldığını iddia etmək düzgün deyil. Elmdə dəqiq təsdiqini tapmayan, amma üzərində çox danışılan mövzulardan biri isə odur ki, zərif cinsin arasında bəd nəzər daha güclüdür. Buna səbəb isə qadınların kişilərə nisbətən daha güclü hissiyyata malik olması və bunu qara enerji vasitəsilə ötürə bilməsidir.

Parapsixoloq Mehyəddin Əlili deyir ki, göz və nəzər var. İnsanlar buna inanmaqda nə qədər tərəddüd etsələr də, hər kəsin daxilində gözdən çəkinmə var. İnsanlar bəd nəzərlərdən özlərini qorumaq üçün bu əşyalardan istifadə edirlər. Bu zaman onlar özlərini inandırmağa çalışırlar ki, əgər onların üzərində gözmuncuğu, sancaq, hansısa talisman və ya dua varsa, onlara göz dəyməyəcək: "Onu da deyim ki, bu, həqiqətən öz bəhrəsini verir. Çünki insan özünə daha çox inamlı olur. İnamlı insana isə heç bir qüvvə təsir edə bilməz. Gözdən qorxan adamlar mənfi enerjini öz üzərlərinə çəkmiş olurlar. Şüşədən olan gözmuncuğu daha effektlidir. Plastik materialdan hazırlanan gözmuncuğunun isə qoruma gücü yoxdur. Bəd nəzər xoşniyyətli insanlara daha tez təsir edir. Buna səbəb onların tam müsbət sahədən ibarət, çox şəffaf auraya malik olmasıdır. Bu auraya tam mənfi enerji sahəsi təsir etdikdə orada alışma daha güclü olur".

Dini baxımdan göz və nəzərin olduğu bildirilsə də, ondan gözmuncuğu ilə qorunmaq və ümidini adi muncuğa bağlamaq şirk sayılır. İlahiyyatçılar İslamda bəd nəzərin, gözdəymənin mövcud olduğunu təsdiqləyirlər. Amma bundan qorunmaq üçün əşyalardan istifadə etməyi düzgün saymırlar.

İlahiyyatçı hacı Kamilin sözlərinə görə, xürafatçı fırıldaqçılar gözdəymə hallarında dinə, şəriətə, o cümlədən elmə zidd yollarla insanları mövhumata çağırırlar. İnsanlar nəzərdən qorunmaq üçün müxtəlif əşyalara, gözmuncuğu, qara tikan, at nalı, üzərlik otu, buynuz, heyvan başları və s.-ə tapınırlar. Həmin əşyaları evlərində, avtomobillərində asır, uşaqların biləklərində, boyunlarında gəzdirirlər. Bəziləri də mollaların yazdığı mənasız sözlərdən ibarət "dua"ları gəzdirir, istifadə edir. Həmin yazılar hətta mənalı sözlər, Quran ayələri və ya peyğəmbərin dualarından ibarət olsa belə, bu, şəriətlə düzgün deyil. "Çünki dua asılmaz, gəzdirilməz, dua edilər, oxunular. Necə ki, dərmanı gəzdirmək xəstəyə təsir etməz, eləcə də duanı gəzdirmək nəzərə təsir etməz. Ona görə də xəstə dərmanı qəbul etdiyi kimi, duanı da etməlidir ki, təsiri olsun".

Həmsöhbətimizə görə, ümumiyyətlə, elm və təcrübədə sübut olunub ki, göz heyrətamiz nəfsani-ruhi gücə sahibdir. Onun vasitəsilə xeyr və şər əməllər edib, ətrafa mənfi və müsbət təsirlər qoya bilər. Hacı Kamil deyir ki, nəzərdən qorunmaq adı altında savadsızcasına xürafata əl atmaq olmaz. "İslam dinində gözdəymə - nəzərdən qorunmaq üçün Allaha pənah aparmaqla yanaşı sədəqə vermək də tövsiyə olunur. Eyni zamanda nəzərə qarşı surələr də var ki, bu surələri də oxumaq insanı pis nəfsdən və gözdən qoruyar. Muncuq, kol və bu kimi əşyalara pənah aparmaq şirk sayılır və xoş olmayan əməllərdən hesab olunur".

Ekspress.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR