Xalqların milli azadlıq hərəkatını qan içində boğmaq istəyənlər layiqli cəza almalıdırlar

Xalqların milli azadlıq hərəkatını qan içində boğmaq istəyənlər layiqli cəza almalıdırlar
20:23 20 Yanvar 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 20 yanvar, AzərTAc
Yanvarın 20-də Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin birgə təşkilatçılığı ilə Qanlı Yanvar faciəsinə həsr olunmuş anma mərasimi keçirilib.
Tədbir iştirakçıları muzeydə 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxıblar.
Muzeyin direktoru Leyla Əliyeva tədbiri açdıqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra səfir Azər Hüseyn çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixindəki mühüm rolundan söz açıb, bu qanlı terror aktına hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb.
Tədbirdə Gürcüstan parlamentinin deputatları, akademik Temuri Başeleişvili, kənd təsərrüfatı komitəsinin sədri Qiqla Aqolaşvili, deputat Mahir Dərziyev, qanlı yanvar faciəsinin canlı şahidlərindən olan Zurab Kukatiladze, tarixçi alim Quram Marxuliya, Gürcüstan mədəniyyət nazirinin müşaviri Georgi Gegeçkori, Gürcüstanın Xalq Artisti Xanzar Şomaxiya və başqaları çıxış edərək 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qırğınlar arasında paralellər aparıb, xalqlarımızın müstəqillik uğurundakı mübarizəsindən danışıblar.
Çıxışlarda Cənubi Qafqaz regionunda, eləcə də dünyada baş verən hadisələrə də toxunulub. Qeyd edilib ki, Parisdə 8 nəfərin qətlinə görə bütün dünya ayağa qalxdığı halda, bir gecədə Bakıda 150-dək insanın amansızcasına qətlə yetirilməsinə, eləcə də torpaqlarımızın işğalına və bu işğal zamanı minlərlə insanın həlak olmasına biganə yanaşılır. Bu cür ikili standartlara son qoyulmalı, cinayətlərdə əli olan hər bir kəs layiqli cəzasını almalıdır.
Sonda “Qanlı yanvara aparan yol” adlı sənədli film nümayiş olunub.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR