Qara Yanvar - Azərbaycanı müstəqilliyə aparan yol

Qara Yanvar - Azərbaycanı müstəqilliyə aparan yol
20:58 20 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+


Buxarest, 20 yanvar, AzərTAc
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Buxarestdəki Rumın-Amerikan Universitetində “Qara Yanvar - Azərbaycanı müstəqilliyə aparan yol” adlı konfrans keçirilib.
Universitetin rektoru Ovidiu Folkuts tədbirdə çıxış edərək Rumıniya xalqının hər zaman Azərbaycan xalqına dəstək olduğunu, universitetin bu kimi tədbirləri keçirməkdən şərəf duyduğunu bildirib. Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına 20 Yanvar faciəsi barədə məlumat verib. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqının öz qəhrəmanlığını, torpağa, Vətənə sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha bəyan etdiyini bildirib.
O, ümummilli lider Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə açıq etiraz etdiyini vurğulayıb. Heydər Əliyevin faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə kəskin münasibət bildirməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Konfransda Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda inkişaf proseslərinin başlandığı diqqətə çatdırılıb. Bildirilib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması ilə nəticələndi.
Sonra tədbir iştirakçılarına 20 Yanvar faciəsi barədə qısa film təqdim olunub.
Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov 1990-cı il yanvarın 20-də Sov.İKP rəhbərliyinin, sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik barədə söhbət açıb. Öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə qətlə yetirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir həmin hadisələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini və sovet rəhbərliyinə qarşı açıq etirazın bildirildiyini vurğulayıb.
Rumıniyanın ATƏT-dəki sabiq səfiri Paraskiva Badesku, Dimitrie Kantemir Universitetinin professoru Konstantin Hlihor və “Geopolitika” jurnalının baş redaktoru Vasile Simileanu SSRİ-nin dağılması tarixinə nəzər salıblar. Onlar bir çox ölkələrdə, o cümlədən Azərbaycanda insanların SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etmək istəyinin böyük faciələrlə nəticələndiyini bildiriblər. Müstəqilliyini bərpa edən Azərbaycanın bütün bu hadisələri arxada qoyaraq sürətlə inkişaf etdiyini, qonşu ölkələrlə münasibətlərini balanslaşdırılmış siyasət üzərində qurduğunu qeyd ediblər.
Konfransda Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olduğu, enerji və ümumi təhlükəsizliyin təminatında mühüm rol oynadığı diqqətə çatdırılıb. Bütün bu uğurların əldə edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi xidmətlərinin olduğu vurğulanıb. Heydər Əliyevin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.
Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu da təqdim edilib.
20 yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş mətbuat açıqlaması Rumıniyadakı bütün səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, bu ölkənin nazirliklərinə və digər dövlət strukturlarına, qeyri-hökumət təşkilatlarına paylanıb. Bundan başqa, ölkə KİV-lərində 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qara_Yanvar___Azerbaycani_musteqilliye_aparan_yol-826209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR