25 il əvvəl Britaniya mətbuatı 20 Yanvar barədə nə yazıb

25 il əvvəl Britaniya mətbuatı 20 Yanvar barədə nə yazıb
21:22 20 Yanvar 2015
147 Sosial
Ölkə mətbuatı
A- A+

Sovet qoşunlarının Bakı şəhərində nümayiş keçirən etirazçılara qarşı hücumundan 25 il ötür. 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş Sovet ordusunun əsgərləri etirazı yatırmaq üçün hərbi texnikadan istifadə edir. Nəticədə yüzlərlə sakin qətlə yetirilir və xəsarət alır.
Üzərindən 25 il keçmiş qanlı yanvar hadisələri, həmin günlər dərc edilmiş Britaniyanın nüfuzlu qəzetlərində də işıqlandırılıb.

The Guardian, 20 yanvar 1990

 
The Guardian qəzeti 1990-cı il, yanvarın 20-də "Bakı küçələri uğrunda savaş" başlığı ilə xəbər dərc edib.
Milli.Az BBC-yə istinadən bildirir ki, qəzetin ön səhifəsində geniş yer ayrılmış xəbərdə deyilir ki, Sovet qoşunları Azərbaycan millətçilərinə qarşı hücuma keçib: "Sovet tankları bu səhər tezdən barrikadaları yararaq üsyankar Bakı şəhərinə daxil olub. Milli hərəkatın nümayəndələrinin bildirdiyinə görə, onlar müqavimət göstərən hər kəsə atəş açıblar. Onların bildirdiyinə görə çoxlu sayda yaralı və ölü var".
"Ordu Azərbaycandakı üsyanı yatırtmaq üçün hərəkətə keçib. Bu, dünən Kremlin Ermənistan və Azərbaycandakı etnik münaqişənin və Sovet qoşunlarına qarşı üsyanın qarşısını almaq üçün silahlı qüvvə göndərmək tapşırığından sonra baş verib", qəzet yazır.
Qəzetdə həmçinin qeyd olunur ki, sakinlər üç gecədir ki, Bakıdakı Kommunist Partiyasının qərargahı önündə toplaşaraq rəhbərliyin istefası və Sovet ordusunun ölkədən çıxarılması tələbi ilə mitinq keçirirlər.
The Guardian gənc bir etirazçıya istinadən yazıb ki, onlar barrikadaları dağıtmağa cəhd göstərəcək istənilən tankın altına atılmağa hazırdılar.
Eyni zamanda xəbərdə erməni əsilli məşhur şahmatçı Harri Kasparovun da Bakını tərk etdiyi yazılır.
 
The Guardian, 22 yanvar 1990
 
The Guardian qəzetinin 22 yanvarda dərc edilmiş "Bakını itaətsizlik ruhu bürüyüb" sərlövhəli yazısında isə minlərlə qəzəbli və məyus azərbaycanlının rəsmi Moskvanın kütləvi aksiyalara qoyduğu qadağaya məhəl qoymadan parlament binasının önündə toplaşdığı yazılır.
Xəbərdə qeyd olunur ki, Sovet rəhbərliyi "qeyri populyar partiya lideri olan Əbdürrəhman Vəzirovu vəzifəsindən azad etməklə millətçiləri razı salmağa çalışıb".
"Sovet ordusuna qarşı döyüşdə iştirak etmiş hərbi məktəb tələbələri Bakı küçələrində keşik çəkir, on minlərlə insan isə qanlı hadisənin qurbanlarını anmaq üçün toplaşıb," qəzet yazır.
Xəbərdə Sovet qoşunlarına qarşı müqavimətdə azərbaycanlı hərbçilərə gürcüstandan gəlmiş kadetlərin də kömək göstərdiyi vurğulanır. Bu barədə Sosial Demokrat qrupunun nümayəndəsi Arif Yunusovun məlumat verdiyi bildirilir.
Komsomolskaya Pravda qəzetinin Bakıdakı müxbiri Andrey Krainiyə istinadən qəzet yazır ki, ölənlərin sayı "yüzlərlədir".
"İnsanlar, "biz ölənlərin qısasını alacağıq. Biz bunu heç vaxt unutmayacağıq", deyə qışqırırlar. Bakıdakı ruslara qarşı da artıq bir neçə hücum olub," müxbir bildirib.
Xəbərdə kütləvi dəfn mərasiminə çağırışların olduğu, şəhər boyu binalardan qara bayraqların asıldığı və bir çox avtomobilin antenalarına qara lentlərin bağlandığı yazılır.
Qəzet yazır ki, "fikrində qəti və yorğun görünən" prezident Qorbaçov televiziya vasitəsilə çıxış edərək qarşıdurmaya son qoymağa çağırıb və hadisələrə görə "silahlı millətçi vəzifəpərəstləri" günahlandırıb.
Həmçinin bildirilir ki, minlərlə ehtiyatda olan Sovet hərbçisi artıq geri dönməyə başlayıb.
 
The Times, 22 yanvar 1990
 
Yanvarın 22-də The Times qəzetində də "Göz yaşlı Bakı izdihamı Sovet qoşunlarına qarşı müqavimət göstərir" başlıqlı yazı dərc edib.
"Küçələrdə cəsədlər durduğu halda snayperlər atəş açır", qəzetdə yazılır.
Xəbərdə qeyd olunur ki, Ermənistan və İranla əhatə olunmuş Azərbaycan ərazisi olan Naxçıvan, Sovet İttifaqından ayrıldığını və müstəqil islam respublikası elan edəcəyini bəyan edib.
Eyni zamanda cənub şəhəri olan Lənkəranın kommunist rəhbərlərinin "çayxanalarda oturaraq, hakimiyyətə yenidən dönəcəkləri ilə bağlı çağırışı gözlədikləri" bildirilir.
"Bu gün (Bakı) şəhərdə kütləvi dəfn mərasiminin keçiriləcəyi gözlənilir və bunun daha şiddətli zorakılığa yol açacağı qorxusu var," qəzet yazır.
Həmçinin bildirilir ki, Sovet lideri Qorbaçov televiziya ilə çıxış edərək hadisələri, "xüsusilə ermənilərə qarşı poqromları faciəvi" adlandırıb.
"Bir milyona yaxın sakin Bakıda toplaşaraq Sovet ordusunun təcavüzü nəticəsində ölənlərin dəfn mərasimində iştirak edib, dünən isə Azərbaycan parlamenti fövqəladə vəziyyətə son qoyulmasını və bütün Sovet qoşunlarının çıxarılmasını tələb edib", The Times 23 yanvar tarixində "Qoşunları çıxart, Qorbaçovdan tələb" sərlövhəli yazıda bildirib.
 
The Independent, 22 yanvar 1990
 
The Independent isə 20 yanvarla bağlı özünün 22 yanvar sayında geniş yazı dərc edib. "Azərbaycanlılar Sovet ordusu ilə növbəti raunda hazırlaşır" başlıqlı yazıda da hərbi məktəbin tələblərinin Sovet ordusuna qarşı atəş açdığı qeyd olunur.
"Paytaxt Bakıda həftə sonu baş vermiş qanlı hərbi müdaxilənin ardından nifrət və qəzəb artmaqdadır", xəbərdə deyilir.
Qəzet İran mətbuatına istinadən yazır ki, Naxçıvandakı azərbaycanlılar İranla sərhədi təşkil edən Araz çayı üzərində üzən körpü tikirlər.
Bildirilir ki, hətta Sovet qoşunlarının Bakıya daxil olmasından öncə "Azərbaycanda ermənilərlə azərbaycanlılar arasında baş vermiş iğtişaşlar nəticəsində təxminən 70 nəfər dünyasını dəyişib".
"İndi isə ölənlərin sayı ən azı 153 nəfərdir. Rəsmi məlumata görə Bakıda həftə sonu 14 nəfər Sovet əsgəri də daxil olmaqla 83 nəfər ölüb. Ən azı 500 nəfər yaralanıb. Azərbaycanlı millətçilərin bildirdiyinə görə isə, ölənlərin sayı yüzlərlədir," xəbərdə deyilir.
Xəbərdə Azərbaycan parlamentinin fövqəladə iclas keçirdiyi və parlamentin sədri Elmira Qafarovanın hərbi müdaxiləni pisləyərək Azərbaycanın "öz övladlarını qətlə yetirənləri heç vaxt unutmayacağını" söylədiyi yazılır.
Həmçinin qeyd olunur ki, ermənilərin ardından rus və ukraynalılar da cavab tədbirlərindən ehtiyatlanaraq şəhəri tərk edirlər. Bakı doğumlu, yarı erməni əsilli şahmat çempionu Harri Kasparovun isə qırğına görə cənab Qorbaçovu günahlandırdığı qeyd olunur.
 
Financial Times, 22 yanvar 1990
 
Financial Times qəzeti də 22 yanvar sayında yazır ki, azərbaycanlı millətçilər tərəfindən nəzəratə götürlümş Bakıdakı televizya stansiyası cümə günü partaldılıb, yayımlar hələ də bərpa olunmayıb.
"Eyni zamanda Kommunit Partiyasının minlərlə azərbaycanlı üzvü öz partiya biletlərini ya yandırır, ya da geri qaytarırlar," xəbərdə deyilir.
Yerli jurnalist Nazim Rəhimova istinadən qəzet xəbər verir ki, Sovet qoşunları "erməniləri deyil, inzibati binaları qoruyur".
 
Evening Standard, 22 yanvar 1990
 
Evening Standard qəzeti 22 yanvar sayında xəbər verir ki, azərbaycanlılar bu gün Sovet qoşunları tərəfindən qətlə yetirilmiş həmvətənlərini dəfn etmək üçün Bakı küçələri ilə Dağüstü Parka aparıblar. "Keçən gecə Yeddi Gün xəbər proqramı Bakının mərkəzi meydanında qara geyimli minlərlə insanın toplaşdığını nümayiş etdirib".
"Bakı sakinləri bir-birinin ardından televiziya vasitəsilə öz tələblərini səsləndiriblər: Fövqəladə vəziyyəti aradan qaldırın və qoşunları şəhərimizdən çıxarın", qəzet yazır.
 
The Daily Telegraph, 25 yanvar 1990
 
The Daily Telegraph qəzeti isə 25 yanvar tarixli nömrəsində yazır: "Sovet hərbi dəniz donanması keçən gecə Azərbaycan paytaxtı Bakını blokadadan azad etmək üçün yük gəmilərinə atəş açaraq batırıb. Sahildən artilleriya və tanklar da atışmaya dəstək verib".
"Ticarət gəmilərinin kapitanları Bakı limanını blokadada saxlayaraq Sovet qoşunlarının Bakıdan və Azərbaycanın digər şəhərlərindən çıxarılması tələbinə dəstək göstərirdilər".
Qəzet yazr ki, son atışmalar nəticəsində rəsmi məlumata görə ölənlərin sayı 99 çatıb, 43 nəfərinsə həbs edildiyi bildirilir.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR