30 min müəllimi sevindirən qərar

30 min müəllimi sevindirən qərar
21:47 20 Yanvar 2015
1220 Sosial
Ölkə mətbuatı
A- A+

Müəllimlər ölkə prezidentinin imzaladığı sərəncamı təhsil sahəsində müsbət dəyişiklikləri dəstəkləyən sənəd kimi dəyərləndirirlər
Ölkə prezidenti İlham Əliyevin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncam təhsil sahəsində çalışanların sevincinə səbəb olub. Belə ki, ümumi təhsil müəssisələrində çalışan və bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Müəllimlər bunu təhsil sahəsində müsbət dəyişiklikləri dəstəkləyən sənəd kimi dəyərləndirirlər.

Təhsil naziri Mikayıl Cabbarov da həftə sonu keçirdiyi mətbuat konfransında dövlət başçısının qərarını əhalinin aztəminatlı kateqoriyasına aid müəllimlərin maddi güzəranının yaxşılaşdırılması məqsədilə atılan addım kimi qiymətləndirib: “Dövlət başçısı növbəti dəfə böyük siyasi iradə göstərərək insan kapitalının inkişafına yönəlmiş cəsarətli və uzaqgörən addım atdı. Verilən qərar dünyada baş verən proseslər nəticəsində yaranmış əlverişsiz şəraitdə belə, Azərbaycan Prezidentinin sadə insanların rifahı haqqında düşündüyünü və əsas vəzifəsini xalqına şərəflə xidmət etməkdə gördüyünü bir daha təsdiq edir”. Nazir hesab edir ki, bu qərarın siyasi əhəmiyyəti ilə yanaşı, təhsilimizin strateji inkişafı baxımından vacibliyini də vurğulamaq lazımdır. Belə ki, maddi stimulların yaradılması ilə paralel olaraq, təhsil sistemində çalısan müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması, müəllim-şagird nisbətini və müəllimlərin həftəlik dərs yükünün normasını artırmaqla optimallaşdırma tədbirlərinin görulməsi zərurətə çevrilmişdi: “2014-cü ildə paytaxt məktəblərində çalışan 30 min müəllimin ixtisas və metodika sahəsində biliklərinin, kommunikativ qabiliyyətlərinin diaqnostik qiymətləndirilməsi aparılıb. Bu qiymətləndirmə müəllimlərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi baxımından etibarlı mənbə olub”.

M.Cabbarov qeyd edib ki, diaqnostik qiymətləndirmənin nəticələri əsasında müəllimlərin dərs saatlarının bölgüsü təkmilləşdirilib, peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər daha çox dərs saatı ilə təmin edilib, zəif nəticə göstərmiş müəllimlər isə əlavə təhsilə cəlb olunublar: “Təhsil Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində diaqnostik qiymətləndirmə aparılan təhsil müəssisələrində müəllim-şagird nisbəti 1:12-dək artıb. Beləliklə, müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə (12 saatdan 18 saatadək), aylıq vəzifə maaşının isə orta hesabla 2 dəfə artırılması üçün zəruri şərtlər ortaya qoyulub. İnanırıq ki, müəllimlərin maddi rifah halının yaxşılaşdırılmasına səbəb olacaq bu qərar təhsildə keyfiyyət dəyişiklikləri ilə müşayiət olunacaq, təhsilimizin tərəqqisinə güclü təkan verəcək, müəllimlərin peşəkar inkişafına stimul yaradacaq. Bu qərar on minlərlə müəllim ailəsinə böyük sevinc gətirdiyi üçün onların adından prezident İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk”.

Bölgələrdə çalışan müəllimlərin əmək haqlarının artırılmasına gəlincə, nazir qeyd edib ki, bu iş sistemli şəkildə həyata keçiriləcək: “İşlər planlaşdırılır. Regionlarda da sınaq qiymətləndirmə imtahanları keçiriləcək. Sınaq qiymətləndirilməsinin bir gündə keçirilməsi təbii ki, qeyri-mümkündür. İlkin mərhələdə paytaxtdakı məktəbləri əhatə edən diaqnostik qiymətləndirmə prosesi digər aidiyyəti qurumlarla razılaşdırılmaqla tədricən digər bölgələrdə də tətbiq olunacaq”.

İnam yaratmaq, yaxşını dəyərləndirmək

Ekspertlər ölkə başçısının qərarını müəllimlərin güzəranının yaxşılaşdırılması və aralarında sağlam rəqabətin gücləndirilməsi baxımından əhəmiyyətli hesab edirlər.
Milli Məclisin deputatı, professor Musa Qasımlı hesab edir ki, ölkə başçısının bu qərarı təhsilin keyfiyyətini artıracaq və müəllimlər arasında sağlam rəqabət yaradacaq addıma çevriləcək. “Cənab prezidentin müəllimlərin maaşının artırılması ilə bağlı qərarı müsbətdir və təhsilimizə keyfiyyət gətirəcək addmdır. Bu qərar müəllimlər arasında sağlam rəqabət yaradacaq, təhsil işçilərinin sosial vəziyyətini yaxşılaşdıracaq”.

Professor Əjdər Ağayev keçən il Bakı şəhər və rayonları üzrə müəllimlər arasında keçirilən diaqnostik sınaq qiymətləndirmə imtahanlarından danışaraq vaxtilə bu layihənin birmənalı qarşılanmadığını qeyd etdi: "Bu imtahan əsasən müəllimlərin metodiki səviyyəsinin, ixtisas biliyi və təşkilatçılığının üzə çıxarılması üçün keçirilib. Təbii ki, ən yüksək nəticə göstərənlərlə bərabər zəif nəticə göstərənlər də oldu. Zəif müəllimlərə istiqamətlər göstərildi ki, öz üzərlərində işləsinlər. Yüksək nəticə göstərənlərə isə öz təcrübələrini yaymaq tapşırıldı". Ekspert ölkə başçısının sınaq imtahanı verən müəllimlərin əmək haqqının iki dəfə, dərs yükünün 1,5 dəfə artırılması ilə bağlı qərarını yüksək qiymətləndirir: "Bu o deməkdir ki, müəllimin dərs yükü qanuni olaraq bir stavka - 12 saatdan ibarətdir. Çox zaman tələb olunur ki, müəllim də bu stavka çərçivəsində əməkhaqqı alsın. Ancaq artıq həmin müəllimlərin hüququ var ki, 18 saat dərs desinlər və həmin stavkaya əlavə olunan saatların da pulunu alsınlar. Əvvəllər əgər müəllim 12 saatdan artıq, 6 saat da əlavə dərs deyirdisə, o saat hesabı ödənilirdi. Yəni əmək haqqına daxil deyildi. Məsələn, əgər müəllim 12 saat üçün 150 AZN alırdısa, 6 saatın müqabilində də müəyyən məbləğ artırılırdı. İndi isə onların əmək haqqı ikiqat artırılacaq və həmin əməkhaqqı 18 saat üçün nəzərdə tutulacaq. 18 saat dərs bütünlüklə stavkaya daxil edilir. Müəllim ondan artıq dərs desə, onun qalanını saat hesabı ala bilər”. Ekspertin fikrincə, bu, insanlara imkan verilir ki, qabiliyyətləri nəzərə alınaraq dərs saatlarını çox götürə bilsinlər, əmək haqları da iki dəfə artırılsın. Ə.Ağayev əmək haqlarının artımının yalnız Bakı şəhərini və onun rayonlarını əhatə etməsinə, həmçinin “Bəs qalan müəllimlər?” sualına da aydınlıq gətirib. Belə ki, əmək haqlarının artırılması 30 min adamı əhatə edir: “ Nazirliyin məlumatına görə bu iş davam etdiriləcək. Çünki hələ Bakı şəhəri və onun ətrafında sınaq qiymətləndirməyə cəlb olunmayan müəllimlər var. Tədricən diaqnostik imtahanlar respublikanın rayonlarını da əhatə edəcək". Ekspertin fikrincə, diaqnostik imtahana qatılmaq istəməyən müəllimlər də var. Yəni elə müəllimlər var ki, onlar pedaqoji sahədə çalışsalar da, heç bir hazırlıqları yoxdur: "O adamlar ərizələrini yazıb işdən çıxır və özlərinə başqa sahədə iş tapırlar. Elə müəllimlər var ki, həftədə 3 saat və hətta, bir saat dərsi var. Bu, qeyri-qanuni haldır. Görünür "stajım yazılsın" deyə hansısa qüvvələrin təsiri ilə bu üsuldan istifadə edənlər var. Sərəncamdan sonra 6 saata qədər dərsi olmaq məsələsi ləğv edilir. Ən aşağı saat məsələn, musiqi dərsi olmaqla 6 saat ola bilər". Ekspertin fikrincə, ölkə başçısının sərəncamı müəllimlərin arzusunun yerinə yetirilməsinə doğru bir addımdır. Belə ki, bu sərəncam 30 min nəfərin əldə etdiyi nailiyyətdən sonra digər müəllimlərə stimul verəcək, onları rəqabətə qoşacaq. Onlar da çalışacaqlar bu imtahandan keçsinlər: "Sərəncam psixoloji baxımdan yaxşı əhval-ruhiyyə yaradır. Digər tərəfdən inam verir. Əgər bu formada əmək haqqı artırılması təsdiq olundusa, demək bu, davam edəcək. Hesab edirəm ki, sənəd çətin vəziyyətdən çıxmaq, insanlarda inam yaratmaq, yaxşını dəyərləndirmək və bu hərəkatı genişləndirməyə imkan verməsi baxımından faydalıdır".

Müəllimlər üçün stimul

Əməkdar müəllim, Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrət də hesab edir ki, belə bir yanaşma müəllimlər arasında yarış, keyfiyyət ruhunu yüksəldəcək: “Bunun müqabilində müəllimlər daim öyrənməyə və keyfiyyətli öyrətməyə can atacaqlar. Bu, müəllimlər üçün stimuldur. Dünya ölkələrində iqtisadi durumun aşağı olduğu dövrdə, dövlət başçısı tərəfindən belə bir sərəncamın verilməsi ölkə prezidentinin müəllimlərə olan diqqət və qayğısının bariz nümunəsidir”. A.Həsrət hesab edir ki, Azərbaycan müəllimlərinin diaqnostik qiymətləndirilməsi hələlik Bakı məktəblərini əhatə edib və yaxın zamanlarda rayonlarımızda da bu qiymətləndirmə keçiriləcək: “Məhz bölgələrimizdə aparılacaq diqanostik qiymətləndirmədən sonra təbii ki, rayonlarımızda yaşayan müəllimlərə də bu sərəncam tətbiq olunar. O zaman bütün respublika üzrə müəllimlərimizdə ruh yüksəkliyi yaranacaq və hamısı sağlam rəqabət apararaq yüksək maaşları ilə gördükləri işi ilə bəhrələnəcəklər”. A.Həsrətin sözlərinə görə, sərəncamdan dərhal sonra Facebookda - Təhsil Problemləri İnstitutunun 20 minə yaxın müəllim ordusunu birləşdirən Kurikulum.az səhifəsində bu günə qədər xoş sözlər yazılır. “Müəllimlər bir-birini təbrik edir, ölkə başçısına bu sərəncama görə bacardıqları qədər təşəkkürlərini bildirirlər. Sosial şəbəkədə toplaşan rayon müəllimləri bu sərəncamla bağlı Bakı müəllimlərinin hamısını təbrik edirlər. Və yaxın günlərdə onlara da sərəncamın müddəalarının şamil olunacaqlarını səbirsizliklə gözləyirlər. Mən də inanıram ki, ölkə başçımızın sərəncamı tezliklə bütün Azərbaycan müəllimlərinə aid olacaq”.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR