Arzularına çatmayan şəhid

Arzularına çatmayan şəhid
22:52 20 Yanvar 2015
174 Sosial
Ölkə mətbuatı
A- A+

Salyanın, habelə qonşu rayonların əksər sakinləri sadə insanlardan tutmuş, vəzifəli, nüfuzlu adamları dişlərinin müalicəsi ilə əlaqədar Sahib həkimin yanına gələrdilər. O, bacarıqlı həkim, səmimi insan olmaqla yanaşı, həm də yaxşı təşkilatçı idi. Məhz bu xüsusiyyətlərinə görə də rayon stomatoloji poliklinikasının baş həkimi vəzifəsinə irəli çəkilmişdi. O zamankı çətinliklərə baxmayaraq, poliklinikanın əvvəl yerləşdiyi binanı imkanlı insanların köməyi ilə təmir etdirmiş, sonra isə yeni bina tikilməsinə nail olmuşdu.

Bütün bunlar ona rayon əhalisi arasında böyük hörmət qazandırmışdı. Bacarıqlı diş həkiminə sovetlər birliyi zamanında müxtəlif təşkilatlar tərəfindən xarici ölkələrin birində gənc mütəxəssis kimi işləmək təklifi də olmuşdu. Çox götür-qoy etdikdən sonra baş həkim olduğu poliklinikada gərgin əməyi ilə yaratdığı iş şəraitini, el-obasına, soydaşlarına xidmət etmək istəyini nəzərə alıb həmin təklifdən imtina etmişdi. O zaman əmisinin xarakterindəki bu xüsusiyyətlər yeniyetmə Elçinin diqqətindən yayınmırdı. Onun da ürəyində gələcəkdə həkim olmaq, xalqa, Vətənə xidmət etmək arzuları var idi. Buna görə də dərslərinə münasibəti daha da ciddiləşdirdi. Hər gün məktəbdən gələr, azacıq istirahət etdikdən sonra kitabları qarşısına tökərdi. Bütün fənləri lazımınca öyrənməkdən ötrü özü üçün gün rejimi cədvəli də tərtib etmişdi. Kimya, biologiya, fizika, Azərbaycan dili dərslərinin sadədən tutmuş mürəkkəbə qədər hər bir sirrinə, məsələsinə mükəmməl yiyələnməyə səy göstərirdi. Vaxt tapanda məhəllə yoldaşları ilə futbol da oynayardı. Yeniyetmə oğlanın həyatında baş verənlər valideynlərini, müəllimlərini sevindirirdi. Bir gün atası Hacı Beydulla dərslərini hazırlayan Elçinin otağına gəlir, başına sığal çəkib ondan - gələcəkdə hansı sənətin sahibi olmaq istəyirsən, - deyə soruşur. 9-cu sinif şagirdi olan Elçin gələcəkdə əmisi Sahib kimi diş həkimi sənətinə yiyələnmək arzusunu bildirir. Atası gülümsünərək əyilib oğlunun üzündən öpür və qardaşı ilə görüşlərin birində Elçinin də onun kimi diş həkimi olmaq arzusunu söyləyir. Sahib həkim bu xəbərdən məmnun olur, nəsildə peşəsinin davamçısı yetişəcəyindən sevinir.

Günlər, aylar, illər bir-birini əvəz edir. Elçin orta təhsilini başa vurub elə həmin il, yəni 1986-cı ilin yayında sənədlərini N.Nərimanov adına Tibb İnstitutunun Stomatologiya fakültəsinə verir. İmtahanlardan müvəffəq qiymətlər alaraq tələbə adını qazanır. Tələbə biletini, qiymət kitabçasını əlinə alanda sevinci yerə-göyə sığmır. Hər iki sənəddə bu sözlər yazılmışdı: “İmanov Elçin Beydulla oğlu. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu Stomatologiya fakültəsi. Birinci kurs, 445-ci qrup”.

O vaxtkı qayda-qanuna görə ali məktəblərdən də hərbi xidmətə çağırırdılar. Odur ki Elçin birinci kursu başa vurduqdan sonra hərbi xidmətə gedir. Deyirlər, yaxın, bir-birini çox istəyən adamların taleyində oxşarlıq olur. İş elə gətirir ki, o, əvvəlcə Rusiyanın Volqaqrad vilayətində, sonra isə bir vaxtlar əmisi S.İmanovun Almaniyada əsgəri xidmətdə olduğu hərbi hissədə öz xidməti borcunu yerinə yetirir. Əsgərlik illərində də Elçin arzularından bir an olsun belə ayrı düşmür. Məktublarının birində kitablarının bağlama ilə göndərilməsini xahiş edir. Əsgərlik həyatı onu təhsildən müəyyən vaxt geri atsa da, xeyri də dəyir.
Bərkə-boşa düşür, ağı qaradan, yaxşını yamandan ayırd etmək vərdişlərinə yiyələnir. Başqa millətdən olan əsgər yoldaşlarının yanında öz valideynlərinin, doğulub boya-başa çatdığı Vətənin - Azərbaycanın adını ucaltmağa çalışır. Buna görə dəfələrlə komandanlığın təşəkkürnaməsini alır.

İki il ötüb keçdi. Elçin əsgərlik borcunu şərəf və ləyaqətlə yerinə yetirib Vətənə qayıtdı. Yenidən qayğılı tələbəlik illəri başladı. Elçin və o vaxtkı Xalq Təsərrüfatı İnstitutunda oxuyan qardaşı Fuad keçmiş Papanin küçəsində olurdular. Ataları Hacı Beydulla kişi ailələrinin maddi imkanını nəzərə alıb onlar üçün ucuz qiymətə birotaqlı həyət evi kirayə etmişdi. Özü də ayda bir-iki dəfə Bakıya gəlib oğlanlarının dərdini-sərini öyrənər, dərsləri ilə maraqlanar, rayondan gətirdiyi ərzağı verib geri qayıdardı. Lakin tələbəliyin ən şirin anlarını özündə yaşadan yataqxana həyatı onları maqnit kimi həmişə çəkirdi. Odur ki, vaxt tapan kimi Elçin tələbə yataqxanasına, qrup yoldaşlarının yanına gedir, birlikdə seminar və imtahanlara hazırlaşar, maraqlı diskusiyalar aparardılar. Çox vaxt qardaşı Fuad da ona qoşulardı. Bu o vaxtlar idi ki, Bakı qaynar qazanı xatırladırdı. Torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi, respublikaya rəhbərlik edənlərin Moskva qarşısında acizlik göstərmələri, heç bir təsirli tədbir həyata keçirə bilməmələri, yalnız öz vəzifə kürsülərini qorumaq cəhdləri xalqı, sözün əsl mənasında, hövsələdən çıxarmışdı. Xalq öz sözünü demək üçün Azadlıq meydanına toplaşır, vəziyyətdən çıxış yolu tapmaqdan ötrü mitinqlər keçirirdi. Həmin hadisələr vaxtı mitinq iştirakçılarının demək olar ki, çox hissəsini tələbələr təşkil edirdi. Gənclər bütün ölkələrdə tarixin dönüş nöqtələrində aparıcı qüvvə olublar. O zaman Bakıda da belə idi. Əksər ali məktəblərin tələbələri kimi indiki Tibb Universitetində təhsil alanlar da ictimai-siyasi hərəkatda fəal iştirak edirdilər.

Şəhid Elçin İmanovun qardaşı Fuad İmanov deyir ki, qış sessiyası idi. Elçin yanvarın 19-da növbəti imtahandan “əla” qiymət almışdı. Kefi yaxşı idi. Lakin baş verən hadisələr, bütün tələbələr kimi, onu da narahat edirdi. Söz-söhbət gəzirdi ki, rus qoşunları şəhərə girəcək. Ehtimallar düz çıxdı. Axşamüstü tələbə gənclər televizorun qarşısında oturub hadisələrin gedişini izləyirdilər. Birdən-birə televizor söndü. Elçin qardaşı Fuadla həmin gecə də tələbə dostları arasında idi. Yataqxananın həyətində isə bir neçə avtobus dayanmışdı. Deməli, tələbələrin yalın əllə rus imperiyasının zirehli tanklarının, toplu-tüfəngli qoşununun qarşısına çıxarılması üçün müəyyən hazırlıq işləri görülmüşdü. Həyətə düşən tələbələrə avtobuslara oturmaq komandası verildi. Keçmiş Çapayevlə L.Şmidt küçələrinin kəsişməsində avtobuslardan düşən tələbələr silahlı ordu tərəfindən atəşə tutuldular. Gecənin bağrını dəlib keçən güllələrdən biri də Elçin İmanova tuş gəldi. Qardaşı Fuad, tələbə dostları Səlim, Cavid, Əlipaşa onu təcili yardım maşını ilə 4 saylı xəstəxanaya çatdırsalar da, həkimlər gənci xilas edə bilmədilər. Elçin 20 Yanvar gecəsi saat 12 radələrində aldığı güllə yarasından keçindi. Qardaşı, tələbə dostları gecə vaxtı çətinliklə də olsa, onu Salyana gətirdilər. Səhəri gün bütün Salyan camaatı yığışaraq şəhid Elçin İmanovu son mənzilə yola saldı. Şəhid adı, ömrün şəhidlik zirvəsi ifadəsi o gündən leksikonumuzda ən müqəddəs sözə çevrildi. Ailə üzvlərinin, rayon rəhbərliyinin yaxından iştirakı ilə hüzn mərasimi yüksək səviyyədə keçirildi. Qəbirüstü abidəsinin tikintisini isə öz layihəsi əsasında əmisi, adlı-sanlı stomatoloq həkim S.İmanov həyata keçirdi. Lakin bir müddətdən sonra bir nəslin iki oğlunun yeni tale paralelliyi bir də baş verdi. Sahib həkim Gəncədən gələrkən avtomobil qəzasına uğrayaraq həlak oldu. O, özü də az müddət əvvəl şəhid qardaşı oğlu Elçin üçün inşa etdirdiyi tağlı günbəz altında dəfn edildi.

Ulu Tanrı tərəfindən hər kəsə bir ömür payı verilir. Kiminə az, kiminə isə çox. Sonda isə bir gün gələnlər bir gün də tərk edir bu dünyanı. Fərq ondadır ki, verilən ömür payını necə yaşamısan, özündən sonra hansı izi qoyub getmisən. Şəhidlərimizin çoxu gənc yaşlarında həyatdan köç ediblər. Onların ürəklərində bəslədikləri neçə-neçə şirin arzuları sona çatmayıb, yarı yolda qalıb. Əksər hissəsi heç ailə həyatı da qurmayıblar. Elçin İmanov üçün də el adəti ilə elçi gediləcək, qırmızı xonçalar bəzənəcək, toy olacaqdı. Bütün gənclər kimi, onun da gözaltısı, seçib sevdiyi qız vardı. 20 gün əvvəl, Yeni il münasibəti ilə onun təbrik edib bir dəstə gül də bağışlamışdı. Sevinc, xoşbəxtlik, vüsal rəmzi olan həmin güllər respublikamızda görüşə, təbrikə aparılan, bəlkə də sonuncu qərənfillər idi. Qanlı Yanvar faciəsindən sonra onların da ünvanı dəyişdi.

Ali təhsilini başa vurduqdan sonra ailə həyatı qurmaq, ev-eşik sahibi olmaq, ata-ana borcunu qaytarmaq, işləyib həkim kimi cəmiyyətə xeyir vermək Elçinin ən ülvi və pak arzusu idi. Ürəyində bəslədiyi şirin duyğular namərd gülləsinə tuş gəldi, arzuları yarı yolda qaldı. Ömrünün 24-cü qışında şəhidlik zirvəsinə ucaldı, əbədiyyətə qovuşdu.
Lakin illər, qərinələr, əsrlər keçəcək, adları Azərbaycanın müstəqillik tarixi salnaməsinə qızıl hərflərlə yazılan şəhidlərin xatirəsi gələcək nəsillər tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə yad ediləcək. Çünki onlar ölümləri ilə ölməzlik qazananlardandır. Bu yazını sona yetirərkən şəhidlərimizə həsr etdiyim bir şeirim yadıma düşdü:

Siz ey Vətən yolunda şirin canından keçib,
İgidliyi, mərdliyi özünə amal secib,
Ömrün bahar çağında həyatdan erkən köçüb,
Ölümüylə bu yurdu, torpağı yaşadanlar,
Yaşayan hər ömürdə qanınız, canınız var!
Səs verdiniz Vətənin harayına, səsinə,
Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.
Məzarınız dönübdür ziyarət türbəsinə.
İnanın, and içirik, qanınız alınacaq,
Xatirəniz, ruhunuz həmişə anılacaq!
Bir ata övladından el oğluna döndünüz,
Kim deyir ki, öldünüz, kim deyir ki, söndünüz?!
Gələcək nəsillərə yetəcəkdir ününüz.
Siz bu gün də, sabah da, əsrlərlə sağsınız!
Bu yurdun sinəsində vüqarsınız, dağsınız!
Siz yazdınız millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə.
Məzarınız tutulub min çələngə, min gülə.
Tərsiniz çiçək kimi, həmişə baharsınız!
Azərbaycan köksündə əbədi yaşarsınız!

“Azərbaycan” qəzeti


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR