İstiqlal tariximizin şərəfli səhifəsi

İstiqlal tariximizin şərəfli səhifəsi
23:32 20 Yanvar 2015
189 Sosial
Ölkə mətbuatı
A- A+

20 Yanvar hadisəsinin canlı şahidi, əlil Tofiq Allahverdiyev həmin günü xatırlayır
Bu gün 1990-cı ilin 20 Yanvar hadisələrinin 25 ili tamam olur. Azərbaycanın istiqlal tarixinin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar günündə xalqımız azadlıq uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirib.

Azərbaycanda geniş vüsət alan milli azadlıq hərəkatının qarşısını almaq istəyən keçmiş SSRİ rəhbərliyi məhz 20 Yanvar tarixində insanlığa qarşı ən ağır cinayətlərdən birini törədib. Belə ki, Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulub. Bu məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridilib. Dinc əhalinin kütləvi etiraz aksiyaları ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılıb. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində, qadınlar, uşaqlar və qocalar da daxil olmaqla heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşıb. Paytaxt matəm libası geyinib, respublikada 3 gün matəm elan olunub. Xalqın bu ağır günlərində, yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edib, xalqla birgə olduğunu bəyan edib, 20 Yanvar faciəsinə siyasi qiymət verib. Ulu öndər hadisənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atılıb. Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

Hazırda Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin, həmçinin bu yolda aparılan mübarizələrdə yaralanaraq əlil olan vətəndaşlarımızın qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Belə cəsur Vətən övladlarından biri də Bakı şəhər Nəsimi rayon sakini Tofiq Allahverdiyevdir. O, 1949-cu ildə Tovuz rayonunun Baqqallı kəndində anadan olub. Kənddə 8-ci sinfini bitirərək, təhsilini rayon mərkəzindəki məktəbdə davam etdirib. Orta təhsilini başa vurduqdan sonra isə 1967-ci ildə Gəncə şəhərindəki texniki-peşə məktəbinə daxil olub. Burada xarrat peşəsinə yiyələnən T.Allahverdiyev 1968-ci ildə Rusiyanın Arxangelsk şəhərində hərbi xidmətə yollanıb. Əsgərlikdə olduğu iki il müddətində nümunəvi hərbi qulluqçu kimi dəfələrlə komandanlığın diplom və mükafatlarına layiq görülüb. 1970-ci ildə hərbi xidmətdən qayıdaraq Bakı Metropoliteinində işə düzəlib. Elə həmin ilin sonlarında həm əsgərlikdəki nümunəvi xidməti, həm də mövcud işinə məsuliyyətlə yanaşması nəzərə alınaraq, T.Allahverdiyev Komsomol Təşkilatının təqdimatı ilə milis (polis) sıralarında qulluğa göndərilib. Milisdə işlədiyi illər ərzində də nümunəvi mühafizəçi olduğunu öz işi ilə dəfələrlə sübut edib. Dəfələrlə komandirlərin, partiya və komsomol təşkilatlarının təşəkkürünə, fəxri fərmanlarına, pul mükafatlarına layiq görülüb.

1972-ci ildə üzləşdiyi bir hadisə, həmin an göstərdiyi şücaət isə milis işçisi kimi onun nüfuzunu daha da artırıb. Həmin vaxt gecə növbəsində işini başa vuran T.Allahverdiyev indiki Xutor adlandırdığımız ərazidəki evinə doğru istiqamət alıb. Tini burulub evlərinə çathaçatda bərk qışqırıq, fəryad səsləri onu fikirdən ayırıb. Bir anlıq yorğunluğunu unudub, iti addımlarla, qaça-qaça səs gələn səmtə yüyürüb. Hadisə yerinə çatanda yaşayış evlərinin birində möhkəm yanğın baş verdiyini, bir qadının isə ağlayaraq 3 övladının yanan evdə qaldığını söyləyə-söyləyə camaatdan yardım istədiyini görüb. Həmin an yanan evdə qalan uşaqların atası, əmisi və yaxın qohumları da hadisə yerində olmalarına baxmayaraq, heç birisi ürək edib, uşaqları xilas etməyə cəhd göstərməyiblər. Amma T.Allahverdiyev var gücünü toplayaraq, yanan evin pəncərəsindən özünü içəri atıb. Məhz onun qəhrəmanlığı sayəsində o zamankı 19-cu Dağlıq küçəsi 86 nömrəli evdə yaşayan Bayramovlar ailəsinin 10, 12 və 14 yaşlı uşaqları ölümün pəncəsindən qurtulublar. Bu əməlinə görə o, Azərbaycan SSR Ali Sovetinin qərarı ilə “İgidliyə görə” medalı ilə təltif olunub, “Nümunəvi milis işçisi” adına layiq görülüb. 1974-cü ilin yekunlarına görə isə T.Allahverdiyev cinayətkarlığa qarşı mübarizədə birinci yeri tutub, xüsusi pul mükafatına layiq görülüb.

Sonrakı illərdə öz ərizəsi əsasında milis sıralarından tərxis olunan T.Allahverdiyev Bakı şəhərindəki mebel fabrikində peşə təhsili istiqaməti üzrə işə düzəlib. 1980-ci illərin sonundan geniş vüsət alan milli azadlıq hərəkatına da elə burada işlədiyi illərdə qoşulub. Heç bir maddi, siyasi, şəxsi mənafe güdmədən, sadə vətəndaş kimi Topxana meşəsinin qırılmasına, Qərbi Azərbaycanda, Dağlıq Qarabağda cərəyan edən hadisələrə, günahsız azərbaycanlıların deportasiyasına, qətlə yetirilməsinə etiraz edib, xalqın azadlıq istəyinə səs verib. 1990-cı il yanvarın 19-da da bu məqsədlə etiraz aksiyasına qatılıb. Böyük insan kütləsinə qarışaraq o vaxtkı “Salyanski kazarma”nın qarşısına gəlib. SSRİ rəhbərliyinin ayrıseçkiliyinə, azərbaycanlılara qarşı laqeyid siyasətinə, erməni separatçılığına göz yummasına etiraz edib. Yanvarın 19-u axşamtərəfi “Salyanski kazarma”dakı, eləcə də yaxınlıqdakı beşmərtəblərin başında özlərinə mövqe seçmiş rus hərbiçiləri əvvəlcə havaya yaylım atəşi açıblar, etirazçı kütləni dağıtmağa çalışıblar. Bəzi insanlar bundan qorxuya düşüb hadisə yerini tərk etsələr də, böyük əksəriyyət dinc etiraz aksiyası keçirdiklərini əsas tutub oradan uzaqlaşmayıblar. T.Allahverdiyev də həmin an orada qalmağa üstünlük verənlərdən biri olub. Yanvarın 20-si gecə saatlarında isə rus hərbçiləri dinc, əliyalın əhalini güllələməyə başlayıblar.

Bu prosesə indiki 20 Yanvar dairəsindən Tbilisi prospekti boyunca hərəkətdə olan ağır zirehli texnika da qoşulub. Tanklar üzərində quraşdırılan pulemyotlardan dinc insanlar gülləbaran edilib, həmçinin zirehli texnika önünə keçən minik və yük avtomobillərini, sərnişin avtobuslarını əzib, onları atəşə tutub. Çaşqınlıq, vahimə içərisində olan əhali güllədən yayınmaq üçün qaçmağa, yaxınlıqdakı avtomobillərin, yaşayış binalarının arxasında daldalanmağa başlayıblar. Həmin vaxt insanlara tuşlanan güllələr T.Allahverdiyevdən də yan keçməyib. Avtomat Kalaşnikovdan açılan atəş nəticəsində 5,45 millimetrlik güllə onun sol qolunun arxasından girib onurğa sütununun 4 fəqərəsini sındıraraq boynunun sağ tərəf nahiyəsindən çıxıb. Buna rəğmən, T.Allahverdiyev sürünərək özünü yaxınlıqdakı həyət evlərindən birinə çatdıra bilib. Orada yarasını kortəbii surətdə sarıyandan, qanaxmanın qarşısını nisbətən alandan sonra ara məhəllə yolları ilə Musa Nağıyev adına xəstəxanaya gəlib. Bir ay xəstəxanada müalicə alaraq evə buraxılıb.

Hazırda II qrup 20 Yanvar əlili statusu daşıyan T.Allahverdiyev “20 Yanvar” Respublika Cəmiyyəti Nəsimi rayon şöbəsinin sədri kimi fəaliyyətini davam etdirməkdədir. O, həmin günləri çox böyük kədərlə xatırlayır. Deyir ki, o zaman SSRİ adlı bir dövlətin öz vətəndaşına, dinc, əliyalın əhaliyə divan tutacağını, qırdıracağını heç kim təsəvvür etmirmiş. Onun sözlərinə görə, minlərlə, milyonlarla insan yalnız haqq-ədalət tələbi ilə meydanlara toplaşıb, mərkəzi hökumətdən öz hüquqlarını tələb ediblər. Lakin SSRİ rəhbərliyinin son qərarı insanların ümidlərini məhv etməklə yanaşı, “xalqlar həbsxanası” adlanan bir imperiyanın çökməsinin də əsasını qoyub, Azərbaycan xalqını da azadlığa qovuşdurub. T.Allahverdiyev Azərbaycan dövləti var olduqca bu kədərli, eyni zamanda şanlı tarixin heç zaman unudulmayacağını, daim ürəklərdə, yaddaşlarda yaşayacağını, nəsildən-nəsilə ötürüləcəyini bildirib. O, 1990-cı ilin 20 Yanvar faciəsi zamanı ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman həmvətənlərimizin ailə üzvləri və həmin faciədə əlil olmuş insanların dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduğunu da dilə gətirib. Bildirib ki, 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsi istiqamətində aparılan dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. O, dövlət başçısının 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə 20 Yanvar şəhidi fəxri adı almış insanların ailə üzvlərinə ayda 300 manat Prezident təqaüdü təyin olunduğunu vurğulayıb. Bununla yanaşı, Azərbaycan Prezidentinin 19 yanvar 2011-ci il tarixli Fərmanına da diqqət çəkərək, bu sənədə əsasən I qrup 20 Yanvar əlillərinə 150, II qrup əlillərə 130, III qrup əlillərə 100 manat olmaqla aylıq Prezident təqaüdü ödənildiyini söyləyib.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR