Bolqarıstanda 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilib

Bolqarıstanda 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilib
07:18 21 Yanvar 2015
135 Ölkə
Ölkə mətbuatı
A- A+


Sofiya, 21 yanvar, AzərTAc
Azərbaycanın Bolqarıstandakı səfirliyi və “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bolqarıstan Teleqraf Agentliyinin (BTA) inzibati binasında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev, Bolqarıstanın Azərbaycandakı sabiq səfiri İvan Palçev, Sofiya Dövlət Universitetinin rektoru İvan İlçev, “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq cəmiyyətinin üzvləri, Bolqarıstan KİV nümayəndələri, o cümlədən səfirliyin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra tədbiri Bolqarıstanın Azərbaycandakı sabiq səfiri, “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İ.Palçev açaraq, qonaqlara tədbirdə iştiraka görə təşəkkürünü bildirdi. Diplomat Bakıda çalışdığı müddət ərzində Şəhidlər Xiyabanını hər il ziyarət etdiyini, Sovet ordusu tərəfindən Azərbaycan xalqının azadlıq istəyinə qarşı törədilmiş qanlı cinayəti qınadığını bildirdi.
Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İmperiyası tərəfindən Azərbaycanda kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq, xalqın torpaq uğrunda mübarizliyini sındırmaq məqsədi ilə Bakıya xüsusi hərbi birləşmələr və zirehli texnikaların yeridildiyini dedi. O, ölkəmizin azadlığı uğrunda küçələrə çıxan geniş xalq kütləsinə, silahsız, dinc əhaliyə qarşı xüsusi qəddarlıqla hərbi əməliyyat keçirildiyini, yalnız Bakıda 130-dan çox mülki şəxsin amansızcasına öldürüldüyünü, 600-dən çox adamın yaralandığını bildirdi. Diplomat faciəyə yalnız Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə hüquqi-siyasi qiymət verildiyini vurğuladı.
Bolqarıstanda səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev 20 Yanvar hadisələri, Dağlıq Qarabağ həqiqətləri, tarixi faktlar, ermənilərin hərbi təcavüzü, bunun ağır nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Tədbirdə “Standart” qəzetinin müxbiri xanım Olya Al-Ahmed, Bolqarıstan Teleqraf Agentliyinin müxbiri Nikolay Tekeliev, sabiq millət vəkili Rəmzi Osman və MDB Xalqları Dostluq Federasiyasının sədr müavini Beço Yakimov çıxış edərək 20 Yanvar hadisələrini tənqid edib, bunun insanlığa qarşı törədilmiş cinayət olduğunu bildiriblər.
Mərasimdə “Lider” televiziyası tərəfindən çəkilmiş “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilib, faciə barədə bolqar dilində materiallar təqdim olunub.
Bundan əlavə, Bolqarıstan Teleqraf Agentliyində, “Sofiya Ticarət və Sənaye Palatasının” internet saytında və Bolqarıstanın bir sıra internet saytlarında 20 Yanvar faciəsi ilə bağlı məlumatlar dərc olunub.
20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyində də anım mərasimi keçirilib. Mərasimi 20 Yanvar faciəsində şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir Emil Kərimov tədbirdə iştirak edən Bolqarıstan ictimaiyyətinin nümayəndələrinə 20 Yanvar faciəsi barədə məlumat verdi.
Bolqarıstan ictimaiyyətinin 20 Yanvar hadisələri ilə bağlı geniş məlumatlandırılması məqsədilə səfirlik tərəfindən Bolqarıstanın dövlət və özəl strukturlarına, KİV-lərə, ölkədə akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndəliklərinə məlumatlar göndərilib.
İqbal Hacıyev
AzərTAc-ın xüsusi müxbiri
Sofiya


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bolqaristanda_20_Yanvar_faciesi_ile_bagli_silsile_tedbirler_kechirilib-826247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR