Rusiyadakı azərbaycanlılar geri qayıdacaqlar? - AĞIR DURUM - FOTO

Rusiyadakı azərbaycanlılar geri qayıdacaqlar? - AĞIR DURUM - FOTO
08:37 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rusiyadan ən az asılı olan ölkə Azərbaycandır
İngiltərənin məşhur "The Guardian" qəzeti Rusiya iqtisadiyyatı, bu ölkədəki əmək miqrantlarının remittansları (əmək miqrantlarının ölkələrinə göndərdikləri pul iqtisadi termin olaraq "remittans" adlanır) və bu ölkələrin ÜDM-ləri (Ümumi Daxili Məhsul) barədə yazı hazırlayıb.

Dünya Bankının ekspertlərinin hesablamalarına görə, Rusiya rublundan və ümumiyyətlə Rusiya iqtisadiyyatından asılı MDB ölkələrində 2015-ci ildə Rusiyadan remittans və maliyyə köçürmələrinin ümumi həcmi 10 milyard dollar azala bilər.

Qərbin Ukrayna hadisələrini əsas tutaraq Rusiyaya tətbiq etdiyi maliyyə sanksiyalarının nəticəsində Rusiyadan asılı digər ölkələrdə iqtisadi geriləmə müşahidə olunmasa da, ÜDM-in səviyyəsi və xüsusilə də Rusiyada yaşayan əmək miqrantlarının vətənlərinə yolladıqları maliyyə kütləsinin həcmində ciddi azalma müşahidə olunacaq. Ümumi azalma hətta 50%-ə də çata bilər.

Dünya bankının hesabatında bildirilir ki, Ermənistanın ÜDM-inin təxminən 21%-i, Gürcüstanın - 12, Qırğızıstanın - 31.5, Moldovanın - 25, Tacikistanın - 42, Ukraynanın - 5.5, Litvanın - 4.5, Özbəkistanın 12 və Azərbaycanın ÜDM-inin 2.5%-i Rusiyadan göndərilən remittansdan asılıdır.




Bu ölkələr arasında maliyyə axını və miqrant pulları baxımından Rusiyadan ən az asılı olan ölkə Azərbaycandır.

Belə olan halda, rus rublunun düşməsi fonunda yaranacaq ciddi iqtisadi problemlər Azərbaycana göndərilən remittanslara necə təsir edəcək?

Milli.Az olaraq bütün bu suallarla bağlı üz tutduq iqtisadi ekspert Vüqar Bayramova.

V. Bayramovun sözlərinə görə, azalma təkcə Azərbaycanda özünü göstərməyib.

"Əvvəla, Rusiyadan göndərilən remittansların ÜDM-dəki payına diqqət yetirsək, görərik ki, Azərbaycan buna görə ən az paya malik olan ölkələrdən biridir. Təbii ki, Rusiyadan göndərilən vəsaitlərin həcminin azalacağı proqnozlaşdırılmışdı. Çünki Mərkəzi Bankın məlumatına görə, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi 2013-cü ildə təxminən 1 milyard dollara yaxın olub. 2014-cü ildə isə, qiymətləndirilmədən sonra, məlum olub ki, bu vəsait 30% azalıb. Azalma təkcə Azərbaycanda özünü göstərməyib, eyni zamanda digər ölkələrdə də olub. Bu da ona görədir ki, rus rublu ABŞ dollarına nisbətdə xeyli dəyərini itirib. Bu səbəbdən Rusiyada pul qazananların rublla qazancının dollar ifadəsində gəlirləri azalır. Bu da Rusiyadan sözügedən ölkələrə vəsait göndərilməsinin həcminin azalmasına gətirib çıxarır".



Ekspert vurğulayıb ki, vəsaitlərin həcminin azalmasının iqtisadiyyatımıza ciddi təsir edəcəyi gözlənilmir.

"Digər yandan Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, Azərbaycan da daxil olmaqla digər ölkələrdən olan iş adamlarının işinə pis təsir edir. Məhz bütün bunlar səbəbindən ötən ilin yekunlarına görə azalma müşahidə olundu və güman olunur ki, azalmalar bu il də davam edəcək. Bütövlükdə Rusiyada yaşayan azərbaycanlıların buraya göndərdikləri vəsaitlərin həcminin azalmasının Azərbaycan iqtisadiyyatına ciddi təsir edəcəyi gözlənilmir.

Rusiyada son vaxtlar iqtisadi vəziyyətə görə iş yerlərinin azalması ilə bağlı məsələyə də toxunan V. Bayramov elə də xoş olmayan proqnoz verməkdən belə çəkinmədi. Onun dediyinə görə, rublun bu səviyyədə düşməsi azərbaycanlıların hətta Vətənə dönməsinə də gətirib çıxara bilər.

"Rusiyada rublun məzənnəsinin aşağı düşməsi və eyni zamanda oradakı vəziyyət bu ölkədə çalışan azərbaycanlıların Vətənə dönməsinə gətirib çıxara bilər. Bu isə Azərbaycanda əmək bazarında müəyyən bir gərginlik formalaşdıra bilər. Çünki Rusiyada yaşayan azərbaycanlıların böyük bir qismi ixtisassız, yəni ali təhsilə malik olmayan vətəndaşlardır. Remittansların məbləğinin azalmasından daha çox, iqtisadiyyatımız üçün narahatlıq doğuran məqam - əmək miqrantlarının ölkəyə dönməsidir. Məhz buna görə əmək miqrantlarının geri dönməsi heç bir halda arzuolunan deyil".

Əmək miqrantlarımızın ölkəyə qayıtmasına əsas səbəb kimi biznesin axsamasını göstərən ekspert əlavə edib ki, Rusiyada çalışanlar gəlirlə işləmirlər.

"Nəzərə alaq ki, azərbaycanlıların böyük bir qismi orada ticarətlə məşğuldur. Rublun məzənnəsinin aşağı düşməsi və qiymətlərin süni şəkildə rublla nizamlanması azərbaycanlıların və digər etnik əmək miqrantlarının gəlir əldə etmək imkanlarını məhdudlaşdırır. Bu ona gətirib çıxarır ki, onların biznesində axsamalar olur və fərdi sahibkarların işi çətinliyə düşür. İş yerlərinin bağlanma təhlükəsi yaranır. Onlar gəlirlə işləmirlər və güman edirlər ki, Rusiyada vəziyyət düzələcək. Onlar geri dönməkdə hələlik maraqlı deyillər və onların böyük bir qismi gözləmə mövqeyindədir. Güman olunur ki, gələcəkdə orada olan əmək miqrantları ölkəyə qayıtmaq qərarı qəbul etsinlər", - deyə o bildirib.

Sonda ekspert xatırladıb ki, Rusiyada yaşayan aəzrbaycanlı əmək miqrantlarının sayı 400000 nəfərdir.

Elşən İmanov
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR