Azərbaycanla əməkdaşlıq Latviyanın Aİ-də sədrliyinin prioritetləri sırasındadır

Azərbaycanla əməkdaşlıq Latviyanın Aİ-də sədrliyinin prioritetləri sırasındadır
09:03 21 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Yelena Kosolapova/

“Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlıq Latviyanın Avropa İttifaqı Şurasındakı sədrliyinin prioritet məsələlərindən biridir. Bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Trend-ə müsahibəsində deyib.

Nazir bildirib ki, 2015-ci il mayın 21-də Riqada “Şərq Tərəfdaşlığı” biznes-forum keçiriləcək: "Biz Azərbaycan biznesinin bu forumda iştirakını səbirsizliklə gözləyirik. Hesab edirik ki, bu biznes-forum iki ölkədəki biznesə yeni təkan verəcək".

Onun sözlərinə görə, Latviya əla dəmir yolu, liman infrastrukturu, eləcə də əmək bazarının rəqabətqabiliyyətliliyi sayəsində Avropanın nəqliyyat və logistika sektorunda güclü oyunçuya çevrilib: “Hesab edirik ki, bu sahə azərbaycanlı sərmayəçilər üçün də cəlbedici ola bilər”.

E.Rinkeviç qeyd edib ki, xarici investisiyaların cəlb edilməsi üçün Latviyanın başqa prioritetli sektorları metal emalı və avadanlıqların, informasiya texnologiyalarının istehsalı, bioloji elmlər, səhiyyə, ağac emalı sənayesi, yaşıl texnologiyalar və yeyinti sənayesidir: "Həmçinin, Azərbaycandan olan sahibkarlar Latviyanın “Stenders”, “Dzintars”, “Madara Cosmetics”, “Lauma Lingerie”, “Attirance”, “Rosme” kimi uğurlu şirkətləri ilə əməkdaşlıq imkanlarına baxa bilərlər".

Nazir hesab edir ki, bu şirkətlərin məhsullarına Azərbaycanda yaxşı tələbat ola bilər.

O, deyib ki, Latviya Azərbaycana Cənubi Qafqaz regionunda mühüm tərəfdaş kimi baxır: "İkitərəfli münasibətlər doğru yoldadır və biz əlaqələrimizdən məmnunuq. Latviya və Azərbaycan arasında siyasi dialoq aktiv və konstruktivdir".

XİN rəhbərinin sözlərinə görə, Latviya Azərbaycanın liderlərini Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” Zirvə toplantısında salamlamaqdan məmnun olacaq. Eyni zamanda, o, qeyd edib ki, iqtisadi əməkdaşlıq üçün daha çox səy göstərmək lazımdır, çünki bu, son nəticədə hər iki xalqa və cəmiyyətə fayda gətirəcək: “Biz bu sahədə müsbət tendensiya görürük: 2014-cü ilin ilk 9 ayında ticarətimiz 25 faiz artıb. Ölkələrimiz arasında ticarət yaxşı vəziyyətdədir, lakin daha da yaxşı ola bilər”.

E.Rinkeviç bildirib ki, iqtisadi əməkdaşlıq üçün imkanlardan istifadəni davam etdirmək vacibdir: "Hesab edirik ki, Azərbaycanda da, Latviyada da konkret olaraq İT, səhiyyə, sənaye, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə çalışmaqdan ötrü biznes üçün yaxşı perspektivlər mövcuddur".

Bundan başqa, onun sözlərinə görə, Latviya islahatlar sahəsində də öz təcrübəsini bölüşməyə hazırdır. Bunu həyata keçirməyin üsullarından biri təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycandan Latviyanın ali məktəblərinə çoxlu sayda tələbənin cəlb edilməsidir.

Hazırda Azərbaycandan 125-ə yaxın tələbə Latviyada təhsil alır.

Nazir deyib ki, 2015-ci ildə Latviya “Şərq Tərəfdaşlığı” regionu və Mərkəzi Asiya, eləcə də Azərbaycandan olan tələbələr üçün Avropa hüququ və iqtisadiyyatı üzrə qabaqcıl proqramları təqdim etməkdə davam edəcək.

Qeyd edək ki, Latviya 2015-ci il yanvarın 1-dən iyunun 30-dək Avropa İttiafqı Şurasına sədrlik edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2355011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR