Bakıda ölüləri çirkab yuyur - VİDEO

Bakıda ölüləri çirkab yuyur - VİDEO
10:32 21 Yanvar 2015
117 Sosial
Ölkə mətbuatı
A- A+

Bəzi qəbirləri ümumiyyətlə ziyarət etmək mümkünsüzləşib
Paytaxtdakı qəbristanlıqlardan biri çirkab sulara qərq olub.

ANS TV-nin məlumatına görə, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən qəbristanlıq çirkab sularına təslim olub. Sözügedən məzarlıqda dəfn olunanların yaxınları deyirlər ki, ölünü unudub buradakı vəziyyətə ağı deyirik. Görünən dağa nə bələdçi. Vəziyyət isə göz qabağındaydı. Başdaşlarının bəziləri su altında qalıb, bəzilərini isə ümumiyyətlə ziyarət etmək mümkünsüzləşib. Məzarlıqda dəfn olunanların qohumları dedilər ki, hələ bu harasıdır. Bəzən elə olur ki, ümumiyyətlə məzarlığın qapısından içəri girmək mümksüzləşir. Bu suların haradan və necə gəldiyini xəbər aldıqda isə məlum oldu ki, burada kanalizasya şəbəkəsi mövcud deyil.

Müsahiblərimin sözlərinə görə, onlar özləri kustar üsulla burada üstü açıq kanalizasiya şəbəkəsi düzəldiblər. Amma bu xətt yaxınlıqdakı fermanın ərazisindən keçdiyindən, bu təsərrüfatın rəhbərliyi həmin xətti bağlayıb. Və bunun nəticəsində məzarlıq sulara qərq olub. Bütün bunlar müsahiblərimin sözləridir.

Şikayətçi Səmayə Məmmədova: "Valideynlərimin qəbrini ziyarət etmək üçün buraya gəlsəm də içəri keçə bilmədim. Hesab edirəm ki, bu, ölənlərin ruhuna təhqirdən başqa bir şey deyil”.

Şikayətçi Rəsul Cəfərov: “Həmin ərazini bir nəfər şəxs alıb. Ancaq yolun kənarında ümumi kanalizasiya xətti var. Ümumi kanalizasiya xətti qoşulsa, o zaman belə bir vəziyyət yaranmaz”.

Məzarlıqdan çölə çıxarkən də küçənin keçilməz vəziyyətdə olduğunu müşahidə etdik. Sakinlərlə bərabər üz tutduq fermanın ərazisinə. Bir nəfər qarşıladı. Dedi ki, müdir burada yoxdur.

Az sonra əraziyə ferma sahibi Əli İbrahimov da gəlib çıxdı. Və bizə qapını açaraq ərazini göstərdi ki, o heç də kanalizasiya xəttinin qarşısını kəsməyib. Əksinə burada özü təmizlik işləri aparıb. Amma qarşıda yeni tikilən ev sahibləri bu kanalizasiya xəttinin çıxıntısını ləğv ediblər.

"Problemin qarşısını almaq mümkündürmü?" sualına  cavabı Sabunçu rayon, Zabrat qəsəbə nümayəndəliyindən öyrənmək istədik. Amma bu gün qeyri-iş gün olduğundan suallarımıza cavab verən tapılmadı. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən isə mövcud problemlə bağlı bildirildi ki, sözügedən ərazidə mərkəzləşmiş kanalizasiya xətti olmayıb.

Amma buna baxmayaraq qurum əməkdaşları sabahdan etibarən əraziyə baxış keçirəcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR