Uğursuzların qisası

Uğursuzların qisası
10:54 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Vay o kəslərin halına ki, yazısını, köşəsini, statusunu, şərhini, tvitini “burcuda-burcuda”  yazır. Əli haqqında yazmaq istədiyi yazıya Vəlidən epiqraf verir, yazının ortasında isə Pirvəlidən sitat gətirir, yazını Canəlinin möhtəşəm aforizmi ilə tamamlayır...

 

Yazıq o şəxslərə ki, Əliyə söz deməyə “duxu çatmır”, Lütfəlini “tırkalayıb” qabağa verir. Mirəlilər var ki, Əlinin uğurları gözünü deşir, yuxusunu qaçırır, qısqanclıqdan qarnına qara sancı dolur, əsəbdən ürəyi bulanır, hikkədən yuxusu qaçır, halı pərişan olur. Belə məqamlarda lütfəlilər köməyə çatır. Mirəliyə yarınmaq üçün başlayır Əlinin qabırğasına sağda-solda, qəzetdə-saytda, statusda-şərhdə döşəməyə...

 

Belə zadları daha çox ədəbi mühitdə müşahidə edirəm. Adətən tükənmişlər, uğursuzlar yanında iki-üç cavan şair, yazıçı, publisist, jurnalist hərləyir. Bu cavan şair və ya yazıçı tükənmiş həmkarının it ilində yazdığı hansısa qəmli, kədərli, “istedadlı” yazıya, şeirə aşiq olub Məcnun kimi çöllərə düşəndə, həmin tükənmiş həmkarı biçarə aşiqinin boynuna bir zəncir vurub çəkir yanına. Bu zəncirin halqaları “istedadlısan”, “işıqlısan”, “fərqlisən”, “perspektivlisən”, “səmimisən” sözündən ibarət olub, biçarə cavan “aşiqin” nəinki zənciri, həm də yarlığıdır. Ədəbiyyat aləminə kövrək qədəmlərini basan, tərifdən başı gicəllənən binəva məcnunlar bu tərifin təsirindən  oxumağı, yazmağı bir kənara atıb, on beş dəqiqəlik ucuz şöhrətin dumanında yollarını itirir, tükənmiş həmkarının itaətkar müridinə çevrilir.

 

Sağda-solda, saytda-qəzetdə, statusda-tvitdə mürşidini tərifləməklə qalmayan gənc müridlər, mürşidinin bir işarəsi ilə onun “rəqiblərini” bihörmət etməkdən, danlamaqdan, nüfuzdan salmaqdan, “iynələməkdən” çəkinmirlər. Mürid yavaş-yavaş öz müstəqil fikrini mürşidinin “tırkasına” qurban verir, “özü olmaq”dan daha çox mürşidi olur. Bu zavallılar cəhalətin güclü qollarına, tərifin xumarına özlərini təslim edir, manqurtlaşır.

 

Uğur gəlişiylə adama saysız-hesabsız düşmən qazandırır.  Xüsusən uğursuzlar, tükənmişlər var gücü ilə bu uğurların qisasını almağa çalışır.

 

Mən hikkəsindən uğur qazanmış dostunu nadancasına istedadsız adlandıran, onu aşağılamağa, gözdən salmağa çalışan xeyli tükənmiş şair, yazıçı görmüşəm. Nə zamansa yazdığı uğurlu bir şerin, hekayənin arxasında gizlənib hamıya yuxarıdan aşağıya baxan çox sayda nadan tanıyıram. Bu adamlar öz uğursuzluqlarının qisasını zəhmətkeş, çalışqan və uğur qazanmış həmkarlarından almağa çalışır və  bundan əsla vicdan əzabı çəkmir. Belələrinin canı cəhənnəmə, zatən tükəniblər...

 

Məni incidən biçarə məcnunlardır. Zəncirlənmiş, düşüncələri zəhərlənmiş bu binəvaların aqibəti düşünən hər kəs üçün ibrətdir.

 

Etalonu “istedad”, kumiri uğursuz dahilər olan bu biçarələr özlərindən xəbərsiz qisasın qurbanına çevrilirlər.

 

Bu, uğursuzların, tükənmişlərin qisasıdır...

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR