20 Yanvar faciəsi çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub

20 Yanvar faciəsi çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub
11:13 21 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Auditorlar Palatasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Palatadan AzərTAc-a bildiriblər ki, əvvəlcə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 25 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün çoxlu sayda dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, minlərcə insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Bu faciə təkcə əvəzsiz itkiləri, nisgilləri, yaraları ilə deyil, həm də ibrət dərsləri ilə unudulmazdır və illər keçsə də, 20 Yanvar faciəsi qurbanlarının milli azadlıq mübarizəmizin tarixindəki qəhrəmanlıqları heç vaxt unudulmayacaq, müstəqil dövlətimizin möhkəmləndirilməsi naminə milli həmrəyliyi daha da inkişaf edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_chagdas_tariximize_qurur_ve_seref_mubarizesi_kimi_daxil_olub-826277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR