Azərbaycanda Tədqiqat Nüvə Reaktorunun qurulması üzrə işlər davam etdirilir

Azərbaycanda Tədqiqat Nüvə Reaktorunun qurulması üzrə işlər davam etdirilir
11:31 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda nüvə və radiasion texnologiyaların inkişafına dövlətin xüsusi strateji diqqətinin təzahürü kimi Azərbaycan Respublikasında sterilizasiya məqsədli “Qamma-şüalanma Kompleksi” və “Tədqiqat Nüvə Reaktoru”nun yaradılması üçün Nazirlər Kabinetinin (NK) 17 iyul 2009-cu il tarixli 107s №-li sərəncamı ilə 15 ha torpaq sahəsi ayrılıb.

NK-nın 2011-ci il 4 iyul tarixli 177s saylı sərəncamı ilə “Radiasiyalı proseslərin imkanlarının genişləndirilməsi-sterilizasiya qurğusunun yaradılması” və “Tədqiqat Nüvə Reaktorunun qurulması” layihələri üzrə ilkin tikinti işlərinin aparılması məqsədi ilə vəsait ayrılıb.
 
Həmin ildən başlayaraq Azərbaycan Respublikası hökuməti Sterilizasiya qurğusu və Tədqiqat Nüvə Reaktoru üçün ayrılmış ərazinin geoloji- hidrometeoroloji tədqiqi, kommunikasiya sisteminin yaradılması üzrə investisiya qoyuluşunu həyata keçirir. Bu barədə Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) sədri, akademik Adil Qəribov  məlumat verib.
 
Akademikin sözlərinə görə, ərazinin geoloji-hidrometeoroloji tədqiqi üzrə hesabatların Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertləri ilə analizi aparılıb:
 
 “Ərazidə hər iki sistemin yaradılması üzrə müsbət rəy bildirilib. Ərazisi hasara alınıb, oraya yol çəkilib, su, qaz, elektrik enerjisi, telekommunikasiya xətlərinin layihə-smeta sənədləri hazırlanıb, infrastrukturların qurulmasına başlanılıb. Kompleksin şüalanma qurğusunun məhsuldarlığını və şüalanma keyfiyyətini artırmaq məqsədi ilə AEBA-nın Texniki Əməkdaşlıq şöbəsinin vasitəçiliyi ilə əlavə izotop mənbələrinin qoyuluşu üzrə vəsait ayrılıb və ödənişi həyata keçirilib. Kompleksin layihə-smeta sənədləri işlənilib, kommunikasiya xətləri qurulur. Şüalanma mənbəyinin yerləşəcəyi korpusun tikintisi Macarıstan mütəxəssisləri tərəfindən həyata keçirilir”.
 
A.Qəribov qeyd edib ki, 2013-cü ildən başlayaraq laboratoriya korpusunun tikintisi həyata keçirilir. Kompleksin şüalanma və nəqliyyat sistemləri üzrə işlər başa çatmaq üzrədir:
 
“Azərbaycanda Tədqiqat Nüvə Reaktorunun qurulması üzrə texniki iqtisadi əsaslandırmanın aparılması üçün lazımi sənədlərin hazırlanması Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Milli Nüvə Tədqiqatları Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin NRTDA-nin mütəxəssisləri ilə birgə aparılır”.
 

Həqiqət İSABALAYEVA

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR