Ötən il Azərbaycanda ümumi daxili məhsul istehsalı 2,8% artıb

11:37 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 11:34 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü il ərzində Azərbaycanda 59,0 mlrd. manatlıq və ya əvvəlki illə müqayisədə 2,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ÜDM-in hər nəfərə düşən həcmi 6264,1 manat, yaxud 7985,9 ABŞ dolları təşkil edib və 2013-cü ilə nisbətən 1,5% artıb.

 

Bu dövrdə ölkə rezidentləri tərəfindən cari qiymətlərlə 87,9 mlrd. manatlıq məhsul və xidmətlər istehsal olunub ki, bu da 2013-cü ildəkindən 2,8 mlrd. manat çoxdur. Məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 28,9 mlrd. manat və ya məhsul və xidmətlər buraxılışının 32,9%-ni təşkil edib.

 

Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,0% artıb, onun ÜDM-də xüsusi çəkisi 61,0%-dək yüksəlib. Ümumi daxili məhsulun 39,0%-i neft-qaz sektorunun payına düşüb və əvvəlki ilə nisbətən 2,9% azalıb. Bu dövrdə sənayedə 24,5 mlrd. manatlıq, yaxud ümumi daxili məhsulun 41,5%-i qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,1 mlrd. manatlıq (müvafiq olaraq 5,3%), tikintidə 7,4 mlrd. manatlıq (12,5%) əlavə dəyər yaradılıb.

 

ÜDM istehsalının 33,4%-i xidmət sahələrinin, o cümlədən 7,9%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlərin, 4,5%-i nəqliyyat və anbar təsərrüfatının, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsinin, 1,8%-i informasiya və rabitə xidmətlərinin, 17,0%-i isə sosial və digər xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ni təşkil edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR