Bu piyadaları vurmaq olar? - VİDEO - MÜZAKİRƏ

Bu piyadaları vurmaq olar? - VİDEO - MÜZAKİRƏ
11:57 21 Yanvar 2015
189 Sosial
Ölkə mətbuatı
A- A+

Özlərinin və sürücülərin həyatlarını qıran piyadalar
Bakıda piyadaların diqqətsizliyindən hər zaman sürücülər əziyyət çəkirlər. Piyadalar yeraltı keçiddən istifadə etməməklə həm öz həyatlarını və sağlamlıqlarını itirir, həm də sürücülərin həyatlarını məhv edirlər. Anidən yolun ortasına çıxan piyadanı vurmamaq üçün sürücü əlindən gələni edir. Piyada sağlam yoluna davam etsə də, əyləcin anidən basılması ağır qəzaya səbəb olur. Bəzən isə maşını saxlamaq mümkün olmur. Piyada xəstəxanaya və ya qəbrə, sürücü isə həbsə gedir.

Milli.Az xəbər verir ki, belə hadisələrdən biri də ötən gün Heydər Əliyev prospektində baş verib. Metronun "Koroğlu" stansiyası yaxınlığında piyada telefonla danışa-danışa anidən yolun ortasına çıxıb. Üzünü isə hərəkət istiqamətinə deyil, əks tərəfə tutub. Bu zaman sürücü əyləci basıb. Maşının siqnalından sonra ayılan piyada ani olaraq geri çəkilsə də, həm özünə, həm də sürücüyə həyəcanlı anlar yaşadıb. Xoşbəxtlikdən, bədbəxt hadisədən yayınmaq olub. Bütün baş verənlər maşının videoregistratoruna düşüb.

Qanun dəyişsinmi?

Hadisə belə xoşbəxt sonluqla bitməyə də bilərdi. Bu cür qəzalar Bakıda tez-tez baş verir. Hadisələr zamanı isə hər zaman sürücü günahkar sayılır. Belə hallarda sürücüyə məhkəmə tərəfindən bəraət verilməsi nadir hallarda olur.

Azərbaycan Respublikasının "Yol hərəkəti qaydaları"nın 50-ci maddəsinin 3-ci bəndinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

Yol nəqliyyat hadisələrini araşdıran müstəntiqlər və dövlət ittihamçıları "Yol hərəkəti qaydaları"nın göstərilən bəndinə istinadən daim sürücünü günahkar elan edirlər. Məhkəmə prosesində də ittiham təmin olunur.

Əgər piyada məsuliyyətsiz şəkildə yolun ortasına çıxırsa, burada sürücü günahkardırmı? İnsan öz canının, sağlamlığının qədrini bilmirsə, onu vuran sürücünün dəmir barmaqlıqlar arasına düşməsi nə dərəcədə ədalətlidir? Sizcə, Azərbaycanda yol hərəkəti qaydalarının bəzi maddələrinə yenidən baxmağın zamanı çatıbmı? Müddəalar daha dəqiq göstərilə bilməzdimi?

Əziz oxucular, sizin də bu məsələ ilə bağlı mülahizələrinizi bildirmək imkanınız var. Bunun üçün aşağıdakı şərh bölməsində fikirlərinizi yazın.

Teymur Hacıyev
Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR