Tanınmış amerikalı aktyor və fitnes məşqçisi Qreq Plitt dəmiryol qatarını keçməyə çalışaraq yeni rekord vurmaq istəyəndə həlak olub.
Milli.Az TMZ-yə istinadən bildirir ki, energetik içkilərdən birinin çəkilişi ABŞ-ın Kaliforniya ştatındakı Berbank şəhərində aparılırdı.
Çəkiliş zamanı ssenariyə görə, 37 yaşlı Plitt dəmiryol qatarının önündə qaçmalı və onu qabaqlamalı idi. Lakin qatar Plittə çatıb və onu əzərək keçib.
Hadisə yerinə çağırılmış polis relslərin arasında bir neçə energetik içki bankası tapıb.
Olay bədbəxt hadisə kimi dəyərləndirilib.
"Plitt bu içkini içəndən sonra insanın Supermen sürəti ilə qaça biləcəyini "göstərən" reklama çəkilirdi. Arxadan gələn qatarın maşinisti xəbərdarlıq siqnalı versə də, Plitt relslərin arasında qaçmağa davam edib", - polisin açıqlamasında deyilir.
Qreq Plitt "Terminator Salvation" və "Grudge Match" filmlərindəki rollarından sonra məşhurlaşıb. O, habelə bodibildinq üzrə metodikalar və idman pəhrizlərinin müəllifi kimi də tanınırdı.
Milli.Az