“Müasir dünya və ikili standartlar” mövzusunda müzakirə keçirilib

12:07 21 Yanvar 2015
105 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 12:04 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumu “Müasir dünya və ikili standartlar” mövzusunda müzakirə keçirib. APA-nın məlumatına görə, Milli QHT Forumunun sədri Rauf Zeyni deyib ki, beynəlxalq aləmə inteqrasiya olan Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib.


Hazırda Azərbaycanın dialoq mərkəzinə çevrildiyini söyləyən R. Zeyni hesab edir ki, Birinci Avropa Olimpiya Oyunları zamanı Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin uğurları beynəlxalq aləmə çatdırılmalıdır. Onun fikrincə, bu gün özlərini super dövlət, azadlığın beşiyi elan edənlər beynəlxalq nizam-intizamı, xalqların hüquqlarını pozur, beynəlxalq təşkilatlar isə bu sahədə durumu tənzimləyə bilmir: “Müasir dünyamızda ikili standartlarla üzləşirik. Bu gün BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi yerinə yetirilmirsə, biz öz başımızın çarəsinə baxmalıyıq. Beynəlxalq standartları yaradan böyük dövlətlər həmin standartlara əməl etmirlər”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, XX əsrin əvvəllərində və əsrin sonlarında da Azərbaycan ikili standartlarla üzləşib. 1990-cı ildə konqresmen olan ABŞ-ın hazırkı dövlət katibi Con Kerri və digər konqresmenlərin 1990-cı il yanvarın 18-də Azərbaycanda ermənilərin təzyiqlərlə üzləşməsi və Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının yolverilməz olması barədə SSRİ rəhbərliyinə müraciət etdiyini xatırladan Ə. Amaşov bunun özünün də ikili standartların təzahürü olduğunu vurğulayıb: “Bu gün informasiya amili bu məsələlərdə əsas amillərdən biri kimi çıxış edir. ABŞ kəşfiyyatının ayrı-ayrı ölkələrin rəhbərlərini dinləməsi üzə çıxdı. Digər tərəfdən, ABŞ-da CNN, Böyük Britaniyada BBC kimi teleşirkətlər nə qədər jurnalistika standartlarına əməl etsələr də, dövlətlərin maraqlarından çıxış edirlər. Onların təqdim etdiyi mənzərədə yalnız Avropa və ABŞ təmiz görünür”.

ABŞ-da qəbul edilmiş ədalətsiz 907-ci Düzəlişi xatırladan Ə. Amaşov hazırda Azərbaycana qarşı təzyiq cəhdlərinin təsadüfi olmadığını dilə gətirib: “Çünki bu gün Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanda cəmləşib. Qərb ölkələri bununla barışa bilərmi? İkili standartlar var, biz nə etməliyik? Bir məqamı qeyd edim. 1990-cı illərdə ABŞ-da azərbaycanlılar fəal olsaydılar, konqresmenlərə, senatorlarla müraciət etsəydilər, bəlkə də fərqli mənzərə olardı. Bu gün müasir dünya Qərbdən idarə olunur. Ona görə də fəaliyyətimizlə, uğurlarımızla bağlı dünya ictimaiyyətini daha çox məlumatlandırmalıyıq”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, hazırda iki sivilizasiya, iki dəyərlər toplusu arasında mübarizə gedir: “Yeni şərait SSRİ başda olmaqla sosialist düşərgəsinin çökməsi ilə başladı. Qərbdə nəzəriyyəçilər yazdı ki, artıq Qərb və İslam dünyası arasında mübarizə başlayır. Bu gün Məhəmməd peyğəmbərin karikaturası çəkilirsə, islama yönəlik addımlar atılırsa, bu, təsadüfi deyil”.

Dağlıq Qarabağ münaqişəsinin yaranmasında, Azərbaycan torpaqlarının işğalında Rusiyanın rolunun böyük olduğunu vurğulayan A. Nağı hazırda Rusiyada hökumətlə bu və ya digər dərəcədə bağlı olan şəxslərin əsl həqiqətləri dilə gətirdiklərini vurğulayıb: “Bu şəxslər indi deyirlər ki, İrəvanı ermənilərə biz bağışlamışıq, ermənilər oğrudur, adları, mətbəxi, hər şeyi azərbaycanlılardan oğurlayıb. Deməli, onlar əsl həqiqətləri bilirlər və Ermənistandan, ermənilərdən bir az inciyən kimi hər şeyi ortaya qoyurlar”.
 

Tarix üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı isə erməni məsələsinin arxasında Qərbin durduğunu bildirib: “Hələ XX əsrin əvvəlində Qərbdə Şərq məsələsi ortaya çıxdı. Osmanlını zəiflətmək, ermənilərin timsalında forpost yaratmaq üçün hərəkətə keçdilər. Ermənilərin Şərqi Anadoludan köçürülməsinin soyqırım kimi təqdim edilməsi də təsadüfi deyil. Buna görə də ikili standartlarla rastlaşırıq”.

Tədbir çıxışlarla davam edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR