UNİCEF: Azərbaycanda 2007-2014-cü illərdə yeniyetmələr haqqında seçilmiş həbs qətimkan tədbirlərinin sayı azalıb

12:12 21 Yanvar 2015
113 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 12:08 ]

Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi layihəsinin təqdimatı keçirilib

Bakı. Fərid Mirzəyev – APA. Bu gün UNİCEF-in Azərbaycan Ofisi, Avropa İttifaqı, Azərbaycan hökuməti və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin birgə layihəsi olan Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi layihəsinin təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Nafisa Şafik yuvenal ədliyyə sahəsində qazanılan uğurlara görə Azərbaycan hökumətini təbrik edib: “Penitensiar müəssisələrdə uşaqlarının sayının azalması, yuvenal ədliyyə sahəsi üzrə təkmilləşmiş hakimlərin işlərə təyin olunması və digər məsələlərin həllində xeyli uğur əldə olunub”.

 

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı yuvenal ədliyyə ilə bağlı onlar tərəfindən dəyirmi masaların keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Bu təşəbbüslə Ombudsman Elmira Süleymanova çıxış edib. İnanıram ki, bizim bu layihəmiz də uğurla həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, bizim yuvenal ədliyyə sahəsi üzrə ekspertlərimiz var ki, onlar bu işdə təkmilləşmiş vəkillərə, prokurorlara, hakimlərə mühazirə oxuyacaq”.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib: “Bu işə hakimlərin, məhkəmə, hüquq sahəsində çalışan qurumların, prokurorların cəlb olunması çox vacibdir. Bugünkü layihə dövlət və vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə çox yaxşı uzlaşır. Maksimum nəticə əldə etmək üçün cəhdlərimizi birləşdirməliyik. Erkən müdaxilə baxımından uşaqlara lazımi yardım göstərilməlidir”.

 

UNİCEF-in Azərbaycanın nümayəndəliyinin Uşaq müdafiəsi şöbəsinin rəhbəri Ramiz Behbudov keçən ildən etibarən Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayanların işinə bu sahədə ixtisaslaşmış 3 hakimin baxdığını deyib: “Çünki, ölkədə yetkinlik yaşına çatmayanların işinin 60 faizinə bu məhkəmədə baxılır. Biz UNİCEF olaraq həmin 3 hakimə geniş ixtisaslaşma təliminin keçirməlisini nəzərdə tutmuşuq”.

 

Layihə barədə ətraflı məlumat verən R.Behbudov bildirib ki, 2007-2014-cü illərdə yeniyetmələr haqqında seçilmiş həbs qətimkan tədbirlərinin sayı 30 faiz azalıb: “Həbsdə olan uşaqların sayı son 8 ildə 50 faiz azalıb. Həbsdən yayındırma proqramlarına yönəldilən uşaqların sayında isə 25 faiz artım qeydə alınıb”.

 

R.Behbudov qanunu pozmuş yeniyetmələrə verilən həbs cəzasının çox olduğunu da söyləyib: “Düşünürük ki, 10 ilə qədər həbs cəzası yeniyetmələr üçün çoxdur. Digər tərəfdən, müxtəlif qurumlar arasında koordinasiya işləri gücləndirilməlidir. Hüquq-mühafizə orqanlarına sosial işçilər, psixoloqlar işə cəlb olunmalıdır. Bu sahədə psixoloqların xidmətindən az istifadə olunur, sosial işçi anlayışı haqda isə təəssüflər ki, geniş məlumat yoxdur”.

 

R.Behbudov bu layihənin əsas məqsədinin sadalanan problemlərin həll olunmasına dəstək vermək məqsədini daşıdığını da qeyd edib: “Proqramın əsas məqsədi risk altında olan uşaqların hüquqlarını gücləndirmək xarakteri daşıyır”.

 

Qeyd olunub ki, layihədən birbaşa 3000-dən artıq uşaq, yeniyetmə, onların ailəsi bəhrələnə biləcək. Layihə 10 rayonu əhatə edəcək, 300-dən artıq peşəkar işçilərə təlim keçiriləcək.

 

Layihənin əsas məqsədi uşaq hüquqlarının qorunmasının müstəqil monitorinqinə dəstək vermək, adekvat hüquqi yardım və dəstəyə daha yaxşı çıxışı təmin etmək və qanunla ziddiyyətdə və əlaqədə olan uşaqlara dair cəmiyyətdəki anlayış və yanaşmanın yaxşılaşdırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatlarının bacarıq və imkanlarının artırılmasıdır.

 

“Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyi və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi UNİCEF-in bu layihənin həyata keçirilməsində icraçı tərəfdaşları qismində iştirak edəcəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR