Vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği 9,6 faiz azalıb

Vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği 9,6 faiz azalıb
12:13 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Ötən il vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilən qanunamüvafiq tədbirlər nəticəsində vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği 9,6 faiz azalıb.
Vergilər Nazirliyindən AzərTAc-a bildiriblər ki, il ərzində 257 min 752 vergi ödəyicisinin borcları tamamilə ləğv olunub, 2015-ci il yanvar 1-dək borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 4,1 faiz təşkil edib.
Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 84 min 465 sayda əmlakın siyahıya alınması barədə qərar verilib, bu qərarların 80,4 faizi borclar ləğv edildiyi üçün bağlanıb, siyahıya alınan əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 milyon 612,3 min manat borc məbləğini əhatə edən 955 məhkəmə qətnaməsi qəbul edilib. Ümumilikdə əmlakın siyahıya alınması barədə olan qərarlar üzrə 68,9 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 13 min 311 vergi ödəyicisinin 13,2 milyon manatdan çox borcu dövlət büdcəsinə ödətdirilib, 543 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərlərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi barədə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.
Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş tədbirlər nəticəsində 1640 fiziki şəxs üzrə 1229,2 min manat məbləğində borc dövlət büdcəsinə ödətdirilib.
Vergi orqanları tərəfindən 813 borclu fiziki şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 3 470 vergi ödəyicisinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər olunub.
Xeyli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə 892 vergi ödəyicisi üzrə 33,2 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR