Mübariz Əhmədoğlu: 2014-cü ildə Azərbaycan qoşunların təmas xəttində vəziyyəti və psixoloji üstünlüyü ələ keçirdi

Mübariz Əhmədoğlu: 2014-cü ildə Azərbaycan  qoşunların təmas xəttində vəziyyəti və psixoloji üstünlüyü ələ keçirdi
12:18 21 Yanvar 2015
210 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

“Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi proseslər diplomatiyanı tam üstələdi. Heç bir səmərəli diplomatik danışıqlar getmir, görüşlərin təşkili üçün real heç bir iş görülmür. Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə olaraq bəyan etdi ki, qoşunların təmas xəttində vəziyyətə Azərbaycan tərəfi nəzarət edir. Müdafiə Nazirliyinin il boyu yaydığı bəyanatlarda bu fikir daim təkrarlanıb”. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Ermənistana məxsus, Ermənistan vətəndaşlarının idarə etdiyi hərbi helikopter Ağdam üzərində vuruldu. Onun sözlərinə görə, bu hadisə Azərbaycanın artan siyasi-iqtisadi, hərbi üstünlüyünün psixoloji üstünlüklə tamamlanması demək idi:

“NATO-nun Uels sammiti Dağlıq Qarabağ tənzimlənməsində əvvəlki 3 sammitin rəsmi mövqeyini inkişaf etdirərək təkrarladı: MDB məkanındakı münaqişələr Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü prinsipi əsasında, dinc yolla qısa müddət ərzində tənzimlənməlidir. NATO-nun Uels sammitinin bu mövqeyi Azərbaycanı qane edir. Azərbaycan Ermənistanın beynəlxalq aləmdə tanınmış sərhədlərini tanıyır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozub. Bu kontekstdən 2008-ci ildə NATO-nun Buxarest sammitindən başlayaraq NATO sammitlərinin mövqeyini Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi qəbul etmək olar”.

M.Əhmədoğlunun sözlərinə görə, NATO sammitlərinin yekun sənədlərində Dağlıq Qarabağ tənzimlənməsinə hüquqi münasibət Rusiyanın münasibətinə nisbətən daha sərtdir, daha antiermənidir:

“Almaniya Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu iki dəfə rəsmən bəyan etdi. Birinci bəyanatda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın ermənilərin nəzarətində olduğu da bildirilirdi. Almaniya Xarici İşlər Nazirliyinin Almaniya hökuməti adından verdiyi bu bəyanat həmsədrləri narahat etmişdi. Həmsədrlərlə görüşdükdən sonra Almaniya Xarici İşlər Nazirliyi təmsilçiləri Dağlıq Qarabağı ermənilərin işğalı altında olan, Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etdiklərini bildirdilər”.

Politoloqun sözlərinə görə, Böyük Britaniya Dağlıq Qarabağ tənzimlənməsində iştirakını artırdı: “Rəsmi London ATƏT-in Minsk qrupunun fəaliyyətini gücləndirmək niyyətindədir. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu aktuallaşdıran Böyük Britaniya münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirdi. Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirləri İrfan Siddik və Ketrin Liç pozitiv aktiv olublar. Böyük Britaniyanın Ermənistandakı səfiri xanım K.Liç hətta ölkəsinin Azərbaycandakı maraqlarını Ermənistanda publik formada müdafiə edə bildi”.

M.Əhmədoğlu əlavə edib ki, Azərbaycanın Müdafiə Nazirliyi xeyli aktivdir: “Müdafiə naziri Zakir Həsənov şəxsən və müavinləri tez-tez ön xətdə olurlar; hərbi təlimlər keçirilir; təlimlərdə raketlərdən və yeni hərbi texnikalardan istifadə olundu”.

Politoloq əlavə edib ki, hərbi sahədə balans Azərbaycanın xeyrinə çox dəyişib: “Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumu dövlət büdcəsini 2 dəfəyə yaxın üstələyir. Yeni müasir silahlar alınıb, sınaqdan keçirilib. Hərbçilərin sosial problemlərinin həllində dönüş yarandı. Azərbaycan kosmik mərkəzə çevrildi; kosmik peyki idarə edir, ölkə üzərindən uçan kosmik peyklərin fəaliyyətinin koordinasiyasını və monitorinqini apara bilir. Fransadan alınmış ikinci peyk yer səthinin, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinin on-layn rejimdə monitorinqini aparmağa imkan verir”.

M.Əhmədoğlunun sözlərinə görə, ermənilər Azərbaycanın “ağıllı bomba” yaratmaq qabiliyyətinə şübhə edirlər: “Onların fikrincə, bu, çox böyük maliyyə vəsaiti tələb edir və Azərbaycanın imkanlarından kənardadır. Görünür, ermənilər unudurlar ki, Azərbaycanın qızıl-valyuta ehtiyatı 52 milyard dollardır”.

Politoloq vurğulayıb ki, Azərbaycanın qoşunların təmas xəttində vəziyyətə nəzarəti əlinə alması, eləcə də helikopterin vurulması ilə psixoloji üstünlüyü ələ keçirməsi Dağlıq Qarabağ tənzimlənməsində yeni keyfiyyət mərhələsi yaratdı:

“Diqqətçəkən məsələ orasındadır ki, Ermənistan tərəfi rəsmi Bakının bu iki tezisini inkar edə bilməyib. Belə olan təqdirdə nəzəri baxımdan Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərində qalmasının əhəmiyyəti itir. Azərbaycan torpağı ermənilər üçün qəbiristanlıq olmaq prizmasından əzizdirsə, ermənilər bu arzularına çatmağa çox yaxındırlar”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR