Məmmədyarov Qarabağın həllindən danışdı

Məmmədyarov Qarabağın həllindən danışdı
19:06 25 Dekabr 2014
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 2014-cü ilin yekunları ilə əlaqədar kütləvi informasiya vasitələrinə müsahibə verib.

ANS PRESS-in XİN-nin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cari il ərzində görülən işlər barədə suala cavabında deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və münaqişəsinin həlli qarşımızda duran prioritet vəzifədir. Münaqişənin həlli üçün aparılan danışıqlar prosesində mövqeyimizin əsasını Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, münaqişənin fundamental əsasını təşkil edən işğal və təcavüzün aradan qaldırılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa olunması təşkil edir.

Azərbaycanın ərazi bütövlüyünün münaqişənin həlli üzrə aparılan danışıqların predmeti olmadığı birmənalı olaraq bütün görüşlərdə tərəfmüqabillərimizin diqqətinə çatdırılmışdır. Mövqeyimizin siyasi və hüquqi əsasını beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər təşkil edir.

Beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məhz sadaladığımız prinsiplər, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində görülür. İl ərzində bu mövqeyin gücləndirilməsi istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində ardıcıl işlər görülüb.

Onun sözlərinə görə, münaqişənin həllinə dair bu məlum mövqe Türkdilli dövlətlərin əməkdaşlıq şurası, Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran-Türkiyə üçtərəfli görüşlərinin yekun sənədlərində və ikitərəfli əsasda Azərbaycan ilə digər dövlətlərin birgə bəyanatlarında da öz təsbitini tapıb.

Ermənistan hər bir vəchlə münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə çağıran sənədlərin qəbuluna mane olmağa çalışsa da, uğursuzluğa düçar olub.

O diqqətə çatdırıb ki, bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının tanıdılması və anılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, bu günə qədər Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Hersoqovina və Sudan parlamentlərində, Amerika Birləşmiş Ştatlarının 15 Ştatında Xocalı soyqırımı rəsmən tanınmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilmiş, o cümlədən ölkəmiz bu dövlətlər tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilib.

E.Məmmədyarov vurğulayıb ki, işğal edilmiş ərazilərimizdə qanunsuz fəaliyyətin qarşısının alınması, xarici ölkələrin fiziki və hüquqi şəxslərinin bu fəaliyyətə cəlb olunmasına yol verilməməsi Xarici İşlər Nazirliyi, o cümlədən diplomatik nümayəndəliklərimiz tərəfindən diqqətdə saxlanılır və bu istiqamətdə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda zəruri addımlar atılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=316285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR